O, Azərbaycan bəstəkarlıq məktəbinin banisi böyük Üzeyir Hacıbəyli ilə bizim nəsil arasında sanki bir körpü idi. Çünki ömrünün sonuna qədər Üzeyir bəylə bağlı ən kiçik xatirəni belə unutmur, ondan gördüklərini və öyrəndiklərini yeni sənətçilər nəslinə aşılamağa çalışırdı. Ömrü boyu Üzeyir Hacıbəyli irsinə sadiq qaldı. Odur ki, bu unudulmaz insanı «Üzeyir ruhlu sənətkar» adlandırmağımız həm Üzeyir bəyin, həm də Süleyman müəllimin ruhuna ehtiramdır. Çünki Üzeyir bəyin sayəsində Süleyman Ələsgərov kimi bir bəstəkar yetişdi. Süleyman müəllimin əməllərində isə daim Üzeyir bəy yaşadı. Bəs Süleyman Ələsgərov özü necə yaşayıb-yaratdı? Bu sualı cavablandırmaq üçün bəstəkarın həyat və yaradıcılıq yoluna nəzər salaq.
   
   Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü il fevralın 22-də Şuşada anadan olub. Təbii ki, Qarabağ sənət beşiyi, Şuşa da onun tacıdır. Buranın füsunkar təbiətinin qoynunda bülbül kimi cəh-cəh vuran sənətkarların ifasını eşitdikcə gənc Süleymanın musiqiyə olan məhəbbəti artır və istedadı sayəsində o da bu aləmə qədəm qoyur. İlk dəfə tarı əlinə alıb onun simlərinə toxunanda sanki ürəyinin telləri də dillənir. Orta məktəbi bitirdikdən sonra Şuşada musiqi texnikumunun tar sinfinə daxil olur. İlk sənət müəllimi unudulmaz bəstəkar Qəmbər Hüseynli olur. Musiqi sənətinə yiyələnməyə can atan Süleyman Ələsgərov texnikumu bitirdikdən sonra təhsilini artırmaq üçün Bakıya gəlir.
   Və bu zaman tale onu Üzeyir bəylə qarşılaşdırır. Süleyman müəllim o illəri belə xatırlayırdı:
   «Konservatoriyada ilk qarşılaşdığım şəxs Üzeyir bəy oldu. Soruşdu ki, nə bacarırsan? Dedim ki, tar çalıram. Mənə qulaq asıb razı qaldı və təhsil almağımı məsləhət gördü. Sonra əlavə etdi: “Qalmağa bir yerin varmı? Mən utana-utana “xeyr” dedim. O, məni yataqxanaya yerləşdirdi. Bununla da sənət taleyim başladı».
   Süleyman Ələsgərov Konservatoriyada bəstəkarlıqdan B.İ.Zeydmandan, Azərbaycan xalq musiqisinin əsaslarından isə Üzeyir bəydən dərs alır. Tələbəlik illəri onun ilk yaradıcılıq dövrüdür. Bu illərdə o, kiçik pyeslər, mahnılar yazır ki, bununla da bəstəkarın ilk uğurları başlayır. 1942-ci ildə Şirzad Əliyevin sözlərinə bəstələdiyi «Gözlə məni» mahnısı bu qəbildəndir. İlk ifaçısı Bülbül olan bu mahnı vətənpərvərlik mövzusunda yazılan ən yaxşı sənət nümunəsi kimi Üzeyir bəy tərəfindən yüksək qiymətləndirilir, bu uğuruna görə onu Bəstəkarlar İttifaqına üzv qəbul edirlər. 1948-ci ildə konservatoriyanı bitirən S.Ələsgərov professional təhsilli bəstəkar kimi geniş yaradıcılıq yoluna qədəm qoyur.
   O, musiqinin müxtəlif janrlarında qələmini sınayaraq dəyərli sənət əsərləri yaradıb. Bu əsərlərin əsas qayəsi xalq musiqisindən rişələnir. Milli musiqimizin xüsusiyyətlərinin Qərb musiqi elementləri ilə üzvi şəkildə sintezini yaradan bəstəkar bu cəhəti də müəllimi Üzeyir bəydən əxz edib və bütün yaradıcılığı boyu bu ənənəyə sadiq qalıb. Bəstəkarın özünəməxsus musiqi dili var. Öz təbirincə desək, gərək yaxşı bəstəkar əsərinin ilk notlarından tanınsın. İndi isə bir qədər bu əsərlərdən danışaq.
   S.Ələsgərov «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının, «Məhəbbət gülü», «Özümüz bilərik», «Milyonçunun dilənçi oğlu», «Sevindik qız axtarır», «Olmadı elə, oldu belə», «Subaylarınızdan görəsiniz», «Həmişəxanım», «Gurultulu məhəbbət», «Hərənin öz ulduzu» musiqili komediyalarının, «Ulduz» operettasının, «Bayram müqəddiməsi», «Vətən və gənclik» simfoniyaları, 7 simfonik poema, süitalar, xalq çalğı alətləri orkestri üçün «sözsüz mahnılar», tar ilə xalq çalğı alətləri orkestri üçün 3 konsert, violençel, fortepiano və simfonik orkestr üçün «İkili» konsert, 200-dən çox mahnı və romans, xor musiqisi və s. bu kimi əsərlərin müəllifidir. Xalq musiqisinin, xüsusən də muğam janrının incəliklərinə bələd olan bəstəkarın «Bayatı-Şiraz» simfonik muğamı onun yaradıcılığında mühüm mərhələni təşkil edir.
   S.Ələsgərov ömrünün son gününə qədər sənət eşqi, xalq məhəbbəti ilə yazıb-yaratdı. Lakin son illərdə başımıza gələn bu müsibətlər, Qarabağ dərdi, Şuşa nisgili onu nə qədər sarsıtmışdısa, o qədər də mübarizə əzmi ilə qələbə ruhlu əsərlər yazmağa sövq etmişdi. Hər dəfə bu barədə söhbətimiz olanda belə deyərdi: «Xalqımızın ağır, çətin günündə biz sənətkarlar daha çox işləməli, tariximizi, bu günümüzü, başımıza gələn faciələri öz əsərlərimizdə tərənnüm etməliyik ki, bu əsərlər tarixin canlı şahidi kimi gələcək nəsillərə yadigar qalsın».
   Süleyman Ələsgərov son illərdə hərbi-vətənpərvərlik mövzusuna daha çox müraciət edən bəstəkarlardan idi. Onun yazdığı mahnı və marşlar öz musiqi dili və melodik çalarlarına görə xalq ruhuna çox yaxındır. Bu mənada Süleyman müəllimin «Yürüş mahnısı», «Gənclik marşı» (1992), Aslan Aslanovun sözlərinə «Bu torpağa bağlıyıq» (1990), «Haradasan, igid oğlan» (1994) mahnıları, Qurban Musayevin sözlərinə «Biz qələbə çalmalıyıq» (1994) mahnısı, Bəşir Nəzərlinin sözlərinə «Bura vətəndir» (1995) mahnısı, Bəhlul Orucoğlunun sözlərinə «Əsgər marşı» (1997), Qüdrət Əzizin sözlərinə «Güllələnən abidələr» balladası (1999), «Azərbaycan polisi», «Bakı-Ankara» (1999) əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşları və s. bu kimi sənət inciləri qəlbi Vətən eşqi ilə döyünən bəstəkarın qələbəyə, mübarizəyə çağırış səsinin ifadəsidir. Bu mübarizə ruhu içərisində sözsüz ki, bir yanğı da var. Bu da Qarabağ dərdi, Şuşa həsrətidir. Bəstəkar bu nisgilini də xalq şairi Zəlimxan Yaqubun «Bu gecə yuxuma girmişdi Şuşa» şerinə yazdığı musiqidə qabarıq ifadə edir.
   Süleyman Ələsgərovun əbədiyaşarlığı yalnız onun əsərlərində deyil, ictimai fəaliyyətində və insani keyfiyyətlərində də öz əksini tapır. O, ömrünün çox hissəsini pedaqoji fəaliyyətə həsr edib. A.Zeynallı adına Musiqi Texnikumunun direktoru, mahnı və rəqs ansamblının rəhbəri, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Televiziya və Radio Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru və musiqi bədii rəhbəri, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Dövlət Konservatoriyasında professor, xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində çalışıb.
   Süleyman müəllimi qayğıkeş insan, əsl vətəndaş və unudulmaz şəxsiyyət kimi anırlar. Onun həyat və yaradıcılıq yolu monoqrafiyalarda, oçerklərdə, radio və televiziya verilişlərində, bəstəkara həsr olunmuş çoxlu sayda məqalələrdə öz təcəssümünü tapır. Amma Süleyman Ələsgərovun ruhu qarşısında daha ümdə bir borcumuz var. Bu, doğma Şuşasından nigaran gedən sənətkarın ruhunu şad etməkdir.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas