Şəmsi Bədəlbəyli - 100
   
   Teatr tariximizin görkəmli siması, Xalq artisti Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 1911-ci il fevral ayının 23-də Şuşa şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Pedaqoji texnikuma daxil olub. Lakin qəlbində teatra böyük həvəs olduğuna görə bədii özfəaliyyət dram kollektivində fəal çıxış edərək özünü bu sahədə sınamağa çalışıb. 
   
   1927-ci ildə Pedaqoji Texnikumu bitirərək Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olub, burada Üzeyir Hacıbəylinin sinfində bəstəkarlıq nəzəriyyəsi ixtisası üzrə təhsil alıb. Üzeyir Hacıbəyli ilə ünsiyyət, böyük dramaturq Cəfər Cabbarlı ilə dostluq münasibətləri onun taleyində əhəmiyyətli rol oynayıb.
   1932-ci ildən etibarən Ş.Bədəlbəyli özünü rejissor kimi sınayaraq tanınmış rejissorlar A.Tuqanov, İ.Hidayətzadə və R.Təhmasibə assistentlik etməyə başlayıb. 1934-cü ildə o, Moskvaya - “Malıy Teatr”da rejissor kimi təcrübə keçməyə göndərilir.
   Ş.Bədəlbəyli 1938-ci ildən etibarən Azərbaycan Dövlət Dram Teatrında müstəqil surətdə rejissorluq fəaliyyətinə başlayıb. Burada C.Məmmədquluzadənin “Ölülər”, S.Rəhmanın “Xoşbəxtlər”, C.Cabbarlının “Od gəlini” əsərləri onun tərəfindən böyük müvəffəqiyyətlə səhnələşdirilib.
   Böyük Vətən müharibəsi illərində Ş.Bədəlbəyli sovet qoşunlarının tərkibində İrana ezam olunur. Təbrizdə Ü.Hacıbəylinin “Arşın mal alan” operettasını səhnələşdirir, eyni zamanda burada “Qırmızı Şərq” qəzetinin müxbiri kimi də fəaliyyət göstərir.
   Şəmsi Bədəlbəyli 40-70-ci illərdə ayrı-yarı vaxtlarda uzun müddət Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri olub. Bu teatrda səhnələşdirdiyi “Ləpələr” (A.Məlikov), “Hicran” (E.Sabitoğlu) və s. əsərlər böyük tamaşaçı rəğbəti qazanıb.
   1959-1965-ci illərdə Ş.Bədəlbəyli Opera və Balet Teatrının direktoru və baş rejissoru vəzifələrində çalışıb. Bu teatrın səhnəsində onun tərəfindən “Koroğlu”, “Arşın mal alan”, “Durnalar gölü”, “Traviata”, “Trubadur” və digər əsərlər səhnələşdirilib. 1957-ci ildə rejissor Türkmənistan Dövlət Opera və Balet Teatrında “Koroğlu” operasını tamaşaya qoyub.
   Ü.Hacıbəylinin sinfində musiqi təhsili alması onun sonralar məhz musiqili teatrlarda rejissor kimi yaradıcılıq fəaliyyətində danılmaz rol oynayıb. Opera partituralarını oxumaq, əsərin musiqi materialının səhnə obrazlarının bədii siqləti ilə həmahəngliyinə nail olmaq, instrumental ifaçılıqdan ansambl təşkil etmək baxımından məhz musiqiçi Ş.Bədəlbəyli ilə rejissor Ş.Bədəlbəylinin yaradıcılıq təmasının uğurlarıdır.
   1974-1976-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb. 1976-cı ildən isə ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.
   Şəmsi Bədəlbəyli filmlərə də çəkilib. “O qızı tapın”, “Axırıncı aşırım”, “Ömrün səhifələri” filmlərində yaddaqalan obrazlar yaradıb.
   Görkəmli rejissor, bacarıqlı inzibatçı Şəmsi Bədəlbəyli musiqili teatr sənətimizin inkişafında, onun tərəqqisi yolunda göstərdiyi böyük xidmətlərə görə Xalq artisti fəxri adına (1964) layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. 1987-ci il mayın 23-də vəfat edib.