Azərbaycan
   
   22 fevral 1869 - Böyük yazıçı, jurnalist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. "Molla Nəsrəddin" jurnalının nəşri (1906-cı il aprelin 7-dən) ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   22 fevral 1898 - Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.
   22 fevral 1908 - Şair, yazıçı Əkbər Ruhinin (1908-1980) doğum günüdür.
   22 fevral 1917 - Yazıçı-dramaturq, publisist Yusif Əzimzadə (1917-1984) anadan olub. Pyesləri («Anacan» və s.) teatr səhnələrində tamaşaya qoyulub, dünya ədəbiyyatından bir sıra nümunələri Azərbaycan dilinə çevirib.
   22 fevral 1924 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924 - 22.1.2000) Şuşada doğulub. «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının müəllifidir.
   22 fevral 1939 - Yazıçı-publisist Yusif Yaqub oğlu Əhmədov anadan olub. “Ruhların qayıtması”, “Səninlə sənsiz”, “Ürək bağışlamır” və s. kitabların müəllifidir.
   22 fevral 1955 - Azərbaycanın Milli Qəhrəmanı Faiq Qəzənfər oğlu Rəfiyev (1955 - 10.1.1992) anadan olub.
   22 fevral 1970 - Azərbaycanın Milli Qəhrəmanı Tahir Tofiq oğlu Həsənov (1970 - 2.9.1992) anadan olub.
   
   23 fevral 1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909-20.11.1983) Gəncədə anadan olub.
   23 fevral 1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 - 23.5.1987) Şuşada anadan olub. Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976).
   23 fevral 1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.
   23 fevral 2003 - Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (24.3.1938-2003) vəfat edib. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.
   
   24 fevral 1864 - Görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat» qəzetinin, daha sonra «Kaspi» qəzeti və «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən ömrünün sonunadək Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
   24 fevral 1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında müstəsna xidmətləri olub. «Uşaq çeşməyi», «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
   24 fevral 1886 - Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski (1886- 1930) Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Vedibasar mahalının Vedi kəndində doğulub. 1918-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və s. ərazilərdə daşnak-erməni quldur dəstələrinə qarşı könüllü xalq birləşməsinə (sovetləşmədən sonra “Qırmızı tabor” adlandırılıb) rəhbərlik edib. Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və “Axırıncı aşırım” filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.
   24 fevral 1921 - Xalq rəssamı, tanınmış boyakar və qrafik Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə anadan olub.
   24 fevral 1928 - Coğrafiyaşünas alim, akademik Budaq Budaqov anadan olub. Landşaftşünaslıq, toponimika və s. sahələr üzrə tədqiqatlar aparıb, elmi kadrların hazırlanmasında böyük xidməti var.
   24 fevral 1934 - Tanınmış rəssam Cəmil Mir Yusif oğlu Müfidzadənin doğum günüdür.
   24 fevral 1994 - Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi əksini tapıb.
   
   Dünya
   
   22 fevral 1788 - Görkəmli alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer, 1788-1860) anadan olub.
   22 fevral 1810 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, musiqidə romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin, 1810-17.10.1849) anadan olub. Bəzi mənbələrdə bəstəkarın doğum tarixi 2 mart göstərilir.
   22 fevral 1900 - İspan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi Luis Bunuel (Luis Bunuel Portoles, 1900-1983) anadan olub.
   22 fevral 1921 - İtalyan aktrisası Cülyetta Mazina (Giulietta Masina, 1921-1994) anadan olub. Məşhur kinorejissor Federiko Fellininin həyat yoldaşı olub, tamaşaçılara daha çox “Kabiriyanın gecələri” filmindən tanışdır.
   22 fevral 1950 - Fransız aktrisası Miu-Miu (əsl adı Silvet Erri - Sylvette Herry Silğvet Arri) anadan olub.
   22 fevral 1959 - Tanınmış Hollivud aktyoru Kayl Maklaxlen (Kyle Merritt MacLachlan) anadan olub.
   
   23 fevral 1685 - Alman bəstəkarı Georq Hendelin (George Frideric Handel, 1685-1759) doğum günüdür.
   23 fevral 1878 - Polyak əsilli görkəmli rus abstraksionist rəssamı Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub.
   23 fevral 1878 - Məşhur tatar yazıçı-publisisti, ictimai xadim Qayaz İsxaki (1878-22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub, çarizmin süqutundan sonra tatar milli dövlətçiliyi uğrunda mübarizə aparıb. Sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, orada vəfat edib. 
   23 fevral 1883 - Alman filosofu və psixoloqu, ekzistensializmin əsas simalarından biri Karl Yaspers (Karl Theodor Jaspers, 1883-1969) anadan olub.
   23 fevral 1889 - Amerika kinorejissoru Viktor Fleminq (Victor Fleming, 1889 - 1949) anadan olub. “Küləklə sovrulanlar” filminə görə “Oskar” mükafatı alıb.
   23 fevral 1944 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944-2009) anadan olub.
   23 fevral 1983 - Britaniya aktrisası, “Qızıl qlobus” laureatı Emili Blant (Emily Olivia Leah Blunt) anadan olub.
   
   24 fevral 1463 - İntibah dövrünün italyan mütəfəkkiri Covanni Piko della Mirandolla (Giovanni Pico della Mirandola, 1463-1494) anadan olub.
   24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıblar.
   24 fevral 1848 - Fransız yazıçısı və ədəbiyyatşünası Ejen Melxior de Voqyue (Eugene-Melchior de Vogüe, 1848-1910) anadan olub.
   24 fevral 1895 - Rus-sovet yazıçısı Vsevolod Vyaçeslavoviç İvanov (1895-1963) anadan olub.
   24 fevral 1900 - Rus aktyoru, SSRİ Xalq artisti Maksim Maksimoviç Ştraux (1900-1974) anadan olub. Bir çox filmlərdə V.Leninin rolunun əvəzsiz ifaçısı kimi tanınıb.
   24 fevral 1906 - Sovet kinorejissoru, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906- 1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib.
   
   Hazırladı: Vüqar Orxan