Turançılıq məfkurəsinin böyük siması, üçrəngli bayrağımızın ideya müəllifi 
   
   Görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam, musiqişünas Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan şəhərində anadan olub. O, Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadənin nəvəsidir. 
   
   Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində altısinifli məktəbdə (1870-1875), birinci şəhər gimnaziyasında (1875-1883) oxuyub, Peterburq Universitetinin Fizika-riyaziyyat (1885-1889), İstanbul Universitetinin Hərbi tibb (1890-1895) fakültələrində ali təhsil alıb.
   Əmək fəaliyyətinə 1897-ci ildə İstanbulda Heydərpaşa xəstəxanasında həkim olaraq başlayıb, 1900-cü ildən İstanbul Universitetində Dəri-zöhrəvi xəstəlikləri kafedrasında professor köməkçisi (dosent) vəzifəsində çalışıb.
   Eyni zamanda bu illərdə bədii və elmi yaradıcılıqla da məşğul olub. Hələ təhsil illərində Peterburqda tələbə siyasi dərnəklərində fəallıq göstərib, İstanbul Universitetində oxuyarkən isə tələbə yoldaşları ilə Osmanlı sultanı Əbdülhəmid rejiminə qarşı məşhur “İttihad və tərəqqi” partiyasının yaradılmasında iştirak edib. Siyasi fəaliyyətinə görə sultan xəfiyyələri tərəfindən təqib edilən Əli bəy 1903-cü ildə Bakıya köçməyə məcbur olur. Xarici ölkədə təhsil aldığına görə Rusiya ərazisində həkim işləməsinə icazə verilmədiyindən Əli bəy Hüseynzadə jurnalistika sahəsində çalışır, “Kaspi” və “Bakı” qəzetlərində yazılarla çıxış edir.
   Əli bəy Hüseynzadənin çoxşaxəli fəaliyyətinin təməlində turançılıq məfkurəsi dururdu. O, türk xalqlarının milli birliyi, milli dövlətçilik ideyasını ilk dəfə irəli sürüb, onun elmi-nəzəri əsaslarını işləyib hazırlamışdır. 1905-ci il inqilabından sonra türkçülük məramnaməsini “Həyat” qəzetində, “Füyuzat” jurnalında dərc etdiyi “Türkçülük kimdir və kimlərdən ibarətdir?”, “Yazımız, dilimiz”, “Türk dilinin vəzifeyi-mədəniyyəti” və digər məqalələrində geniş surətdə şərh edib.
   
   Eylər dili Çin səddinədək hökmünü icra,
   Bir ucudur Altay bu yerin, bir ucu səhra.
   
   - misralarında o, türk dilinin yayıldığı geniş əraziləri göstərib.
   Bu xüsusda Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunan (1906-cı il noyabın 1-dən) “Füyuzat” (ərəbcədən «gerçəyi dərk etmək» mənasını verir) jurnalının maarifçilik missiyasını, ictimai-siyasi və ədəbi fikir tariximizdə rolunu xüsusi qeyd etmək lazımdır. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər qabaqcıl ziyalılar çıxış edirdilər.
   1907-ci ildə “Füyuzat” jurnalı bağlandıqdan sonra Əli bəy Hüseynzadə pedaqoji fəaliyyət göstərib, Bakıda “Səadət” məktəbinin müdiri olub, “Tərəqqi” və “Həqiqət” qəzetlərində çalışıb, məşhur “Siyasəti-fürusət” əsərini hissə-hissə nəşr etdirib.
   Türkiyədə Sultan Əbdülhəmid taxtdan salındıqdan sonra inqilabçı yoldaşları olan gənc türklərin dəvətilə 1910-cu ildə Türkiyəyə gedib, İstanbul Universitetində professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirib. Məhəmməd Əmin Rəsulzadə ilə “Türk ocağı” dərnəyində çalışıb, I Dünya müharibəsi (1914-1918) illərində “Turan” türk birliyinin tərkibində Qərbi Avropa dövlətlərinə gedərək, türkçülük təbliğatı aparıb. Görkəmli türkoloq alim kimi, 1916-cı ildə Berlində “Türk qövmləri konqresi”ndə, 1926-cı ildə Bakıda türkoloji qurultayda iştirak edib.
   Ə.Hüseynzadə geniş yaradıcılıq diapazonuna malik mütəfəkkir alim və yazıçıdır. O, müxtəlif elm sahələrində çalışıb, tibbə, fəlsəfəyə, tarixə, siyasətə, sosiologiyaya, ədəbiyyatşünaslığa dair zəngin irs yaradıb. Onun geniş ədəbi-publisistik və elmi irsi Azərbaycan milli təfəkkürünün böyük nailiyyətidir.
   Əli bəy Hüseynzadə çoxsahəli fəaliyyəti ilə Azərbaycan ədəbi-elmi fikir tarixində M.F.Axundovun ardınca yeni mərhələnin əsasını qoyub, “füyuzatçı”lar adlı orijinal ədəbi-fəlsəfi məktəb yaradıb. Onun əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
   XIX əsrin sonu - XX əsrin əvvəllərində türk-müsəlman dünyasının yetirdiyi nadir siyasi və ədəbi simalarından biri olan Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də İstanbulda vəfat edib.