Azərbaycan
   
   25 fevral 1910 - Sovet Azərbaycanının rəhbərlərindən biri, akademik, genetik-seleksiyaçı İmam Daşdəmir oğlu Mustafayev (1910-10.03.1997) anadan olub. 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın 1-ci katibi olub. Respublikada aqrar elmin (taxılçılıq) inkişafında, elmi kadrların hazırlanmasında xidmətlər göstərib.
   25 fevral 1910 - Tanınmış rəssam Rüstəm Mustafayevin (1910-1940) doğum günüdür. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. «Koroğlu» operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Azərbaycan Dövlət İncəsənət Muzeyi R.Mustafayevin adını daşıyır.
   25 fevral 1951 - Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Hənifə oğlu Yaqubov anadan olub. “Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” və s. kitabların müəllifidir.
   25 fevral 1964 - Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədov (25.02.1964) Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olub. 1992-ci il 8 oktyabr tarixli prezident fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
   
   26 fevral 1892 - Məşhur musiqiçi, violonçelist, Azərbaycanda professional violonçel məktəbinin yaradıcılarından biri Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Oğlu, dünya şöhrətli violonçelist Mstislav Rostropoviç Bakıda doğulub (1927). L.Rostropoviç Bakıda həm də ifaçı və bəstəkar kimi çalışıb. Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub. 1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb və L.Rostropoviç orada vəfat edib.
   26 fevral 1926 - Bakıda I Beynəlxalq türkologiya qurultayı açılıb. Türk xalqları tarixində mühüm mədəni hadisə olan qurultay martın 6-dək davam edib.
   26 fevral 1935 - İctimai-siyasi xadim Artur Rasizadə Gəncə şəhərində anadan olub. 1980-ci illərdə Azərbaycan SSR-də rəhbər vəzifələrdə təmsil olunub. 1996-cı ildə Azərbaycan Respublikasının baş naziri təyin olunub. Dövlət qulluğunda xidmətlətinə görə “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunub.
   26 fevral 1939 - Nasir, publisist Svetlana Rəhim qızı İsmayılova anadan olub.
   26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü gedişində tarixin ən dəhşətli qətliamlarından biri baş verib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının erməni zabitlərinin bilavasitə rəhbərliyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum ediblər. Dinc əhaliyə qarşı həyata keçirilən qətliam nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.
   
   27 fevral 1950 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova anadan olub.
   
   28 fevral 1894 - Xalq artisti, kinoda və teatr tamaşalarında unudulmaz obrazlar yaratmış Mustafa Həşim oğlu Mərdanov (1894-28.12.1968) Cənubi Azərbaycanda (Mərənd) doğulub. Uşaq ikən ailələri Tiflisə, oradan Bakıya köçüb. “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır?” (Məmməd), “Qanun naminə” (Murtuzov) və s. filmlərdə çəkilib.
   28 fevral 1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 1918 - 4.1.2000) Kazan şəhərində doğulub. Milliyyətcə tatardır. “Bizim Cəbiş müəllim”, “Yol əhvalatı” və s. flimlərdə çəkilib.
   28 fevral 1952 - Xalq artisti, bəstəkar Eldar Mənsurov anadan olub. Populyar mahnıların, bir neçə simofniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir.
   28 fevral 2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925 -2004) vəfat edib.
   
   29 fevral 1913 - Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913-19.12.1990) Göyçayda anadan olub. Əsərlərinin böyük qismi Azərbaycanda sosialist cəmiyyəti quruculuğuna həsr olunub, "Fətəli xan", "Bəxtiyar", "Babək" filmlərinin ssenarisini yazıb.
   
   Dünya
   
   25 fevral 1707 - İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni, 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.
   25 fevral 1841 - Məşhur fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir, 1841-1919) anadan olub.
   25 fevral 1871 - Ukrayna ədəbiyyatının klassiki, yazıçı və şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka, 1871-1913) anadan olub.
   25 fevral 1907 - Məşhur türk yazıçısı və şairi Səbahəddin Əli (1907 - 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların, “Leylim ley”, “Aldırma könül” kimi populyar xalq mahnılarının sözlərinin müəllifidir.
   25 fevral 1912 - Rus aktyoru, SSRİ Xalq artisti Vsevolod Vasilyeviç Sanayev (1912-1996) anadan olub. Milis polkovniki Zorinin baş qəhrəman olduğu filmlərlə tanınıb.
   25 fevral 1917 - İngilis yazıçısı və ədəbiyyatşünası, bəstəkar Entoni Bercess (John Anthony Burgess Wilson, 1917-1993) anadan olub.
   25 fevral 1943 - İngilis müğənnisi, bəstəkarı, gitaraçı, məşhur “The Beatles” qrupunun üzvü Corc Harrison (George Harrison, 1943-2001) anadan olub.
   
   26 fevral 1564 - İngilis şairi və dramaturqu, Şekspirin ən məşhur sələfi Kristofer Marlo (Christopher Marlowe, 1564-1593) anadan olub.
   26 fevral 1759 - Alman filosofu, ədəbiyyatşünas, iqtisadçı Lüdviq Henrix fon Yakob (Ludwig Heinrich von Jakob, 1759-1827) anadan olub.
   26 fevral 1802 - Böyük fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo, 1802 - 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» və s. romanların müəllifidir.
   26 fevral 1829 - Məşhur amerikalı (yəhudi əsilli) iş adamı, cins paltarların yaradıcısı Levi Strauss (1829-1902) anadan olub.
   26 fevral 1931 - Məşhur isveçrəli dilçi alim, psixoloq, esperanto mütəxəssisi Klod Piron (1931-2008) anadan olub.
   
   27 fevral 1807 - Məşhur Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow, 1807-1882) anadan olub.
   27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck, 1902 - 20.12.1968) anadan olub.
   27 fevral 1912 - İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell, 1912-1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.
   27 fevral 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (27.2 (13.3) 1913 - 27.9.2009) anadan olub. SSRİ-nin dövlət himninin sözlərinin müəllifi olub.
   
   27 fevral 1932 - Dünya şöhrətli Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor) anadan olub. 2 dəfə “Oskar” qazanması və 8 dəfə ərdə olması ilə məşhurlaşıb.
   27 fevral 1945 - Tanınmış Polşa aktyoru Daniel Olbrıxski anadan olub.
   27 fevral 1956 - Məşhur Estoniya estrada müğənnisi Anne Veski anadan olub.
   27 fevral 1957 - Rusiyanın Xalq artisti, aktrisa Tatyana Doqileva anadan olub. “Fleyta üçün unudulmuş melodiya”, “İki nəfər üçün vağzal” və s. filmlərdə çəkilib.
   
   28 fevral 1533 - Fransız filosofu və yazıçısı, İntibah dövrünün məşhur mütəfəkkiri Mişel Monten (Michel de Montaigne, 1533-1592) anadan olub.
   28 fevral 1823 - Tanınmış fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan, 1823-1892) anadan olub. İsa peyğəmbər və həvariləri haqqında kitabların müəllifidir.
   28 fevral 1866 - Rus şairi, simvolizmin nümayəndəsi, filosof və ədəbiyyatşünas Vyaçeslav İvanoviç İvanov (1866-1949) anadan olub.
   28 fevral 1892 - Türkiyə aktyoru və rejissoru Mühsin Ertuğrul (1892-1979) anadan olub.
   28 fevral 1893 - Rus-sovet kinorejissoru, SSRİ Xalq artisti Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.
   
   28 fevral 1920 - Rus aktyoru Aleksey Smirnov (1920-1979) anadan olub. “İ” əməliyyatı və Şurikin macəraları”nda 1-ci filmdə yekəpər Fedya rolu ilə məşhurlaşıb.
   28 fevral 1922 - Görkəmli rus-sovet ədəbiyyatşünası, kulturoloq Yuri Lotman (1922-1993) anadan olub.
   28 fevral 1926 - Türk aktyoru Erol Taş (1926-1998) anadan olub. Filmlərdə yaratdığı mənfi tipajlarla tanınıb.
   
   29 fevral 1792 - Görkəmli italyan bəstəkarı Coakkino Rossini (Gioachino Antonio Rossini, 1792-1868) anadan olub. Məşhur “Sevilya bərbəri” və 40-dək başqa operanın müəllifidir.
   29 fevral 1796 - Belçikalı sosioloq, elmi statistikanın banilərindən biri Adolf Ketle (Lambert-Adolph-Jacques Quetelet, 1796-1874) anadan olub.
   29 fevral 1860 - Amerika ixtiraçısı və mühəndisi, ilk elektron hesablama maşınının (tabulyator) yaradıcısı Herman Hollerit (Herman Hollerith, 1860-1929) anadan olub. İBM kompüter korporasiyasının yaradıcılarından biridir.
   29 fevral 1920 - Rus-sovet yazıçısı, “kənd nəsri”nin tanınmış nümayəndəsi Fyodor Aleksandroviç Abramov (1920-1983) anadan olub.
   29 fevral 1920 - Rus opera (bas) müğənnisi, aktyor, SSRİ Xalq artisti İvan İvanoviç Petrov (Krauze), 1920-2003) anadan olub. “Başsız atlı” filmində Zeb Stamp rolunda çəkilib.
   
   29 fevral 1920 - Məşhur fransız aktrisası Mişel Morqan (Michele Morgan - Simone Renee Roussel) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan