Unudulmaz sənətkarlar
   
   Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurban oğlu Qurbanov olub. O, 1911-ci il martın 8-də Bakıda anadan olub. Misilsiz aktyorluq istedadı ilə dərin məzmunlu, unudulmaz surətlər yaradaraq tamaşaçıların qəlbinə yol tapıb. O zəngin və mənalı yaradıcılıq yolu keçib. 53 illik ömrünün, demək olar ki, 40 ilini sənətə, teatra həsr edib. 
      
   Hələ yeniyetmə ikən dram dərnəkləri təşkil edib, orada bir çox rollar oynayıb. 1925-ci ildə H.A.Abbasovun "Sabirin məhkəməsi" adlı tamaşasında Sabirin oğlu rolunu çox gözəl ifa edib. 1927-ci ildə Bakıda uşaqlardan ibarət dram dəstəsi təşkil olunur və Lətif Kərimlinin "Fırtına" adlı pyesi tamaşaya qoyulur. 16 yaşlı Ağadadaş tamaşanın quruluşçu rejissorluğunu üzərinə götürür. Onun tamaşadakı rolu isə hamını valeh edir.
   1928-ci ildə A.Qurbanovun yaradıcılıq taleyi Bakıda yaradılan “Fəhlə Uşaqları Teatrı”na (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırılır) bağlanır və bu teatrın təməl daşını qoyan ilk sənətkarlardan biri olur. Sənətkar Gənc Tamaşaçılar teatrının səhnəsində 50-dək rol oynayıb. O, C.Cabbarlının "Aydın" əsərində Aydın, F.Şillerin "Qaçaqlar" əsərində Karl Mor, N.V.Qoqolun "Müfəttiş" əsərində Xlestakov, M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər" əsərində Molla İbrahim Xəlil kimyagər, N.B.Vəzirovun "Hacı Qəmbər" əsərində Hacı Qəmbər və s. yaddaqalan obrazlar yaradıb, oynadığı tamaşalar teatrın qızıl fonduna daxil edilib.
   Gənc Tamaşaçılar Teatrında şöhrət qazanan A.Qurbanov 1952-ci ildə Dövlət Akademik Dram Teatrına dəvət alır. Bu teatrda da o, tamaşaçılar tərəfindən daim sevilən, alqışlanan sənətkarlardan biri olub. Teatrın səhnəsində L.Vaqanın "Sevilya ulduzu" əsərində Sanço, V.Şekspirin "Otello" əsərində Otello, H.Cavidin "Şeyx Sənan" əsərində Şeyx Sənan, "Səyavuş" əsərində Səyavuş, "İblis"də İblis, C.Cabbarlının "Almas" əsərində Mirzə Səməndər, "Od gəlini" əsərində Əbu Übeyd, "Dönüş" əsərində Ötgün, R.Əlizadənin "Qış nağılı" əsərində Kamillo, M.F.Axundovun "Hacı Qara" əsərində Hacı Qara, S.Rəhmanın "Toy" əsərində Dəmirçi Musa, S.Vurğunun "Vaqif" əsərində Vaqif və s. rəngarəng, mürəkkəb və müxtəlif parlaq rollar ifa edib.
   Xalq artisti Ələsgər Ələkbərovdan sonra hər bir sənətkar Vaqif kimi dərin məzmunlu, poetik və mürəkkəb bir rolun ifasını boynuna götürməyə can atmazdı. Lakin A.Qurbanov bu çətin və məsuliyyətli rolun ifasından ustalıqla gəlməyi bacardı. O, Vaqifin böyük şair, müdrik dövlət xadimi surətini dərin bir inam və səmimiyyətlə yaratmışdı.
   Şeyx Sənan surəti də onun yaradıcılığının uca zirvəsi oldu. Hər çiçəyin öz ətri olduğu kimi, hər aktyorun da ifasında öz məlahəti olur. H.Cavidin “Şeyx Sənan" əsərindəki Şeyx Sənan rolunun ilk ifaçısı Rza Əfqanlı olub, ondan sonra bu rolu A. Qurbanov ifa etmişdi. O, Şeyx Sənanı od ürəkli bir aşiq və eşqi uğrunda hər şeyi fəda edən bir insan kimi yaradıb.
   Aktyor 1943-cü ildə respublikanın Əməkdar artisti, 1954-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
   A.Qurbanov eyni zamanda mahir kino aktyoru idi. "Koroğlu" filmində Həsən xan, "Bir qalanın sirri"ində Usta, "Bizim küçə" filmində Bəhram, "Qızmar günəş altında" filmində Professor, "Telefonçu qız" filmində Zakirin atası və s. rollarda çəkilib.
   Aktyorun Azərbaycan kinosunun incilərindən olan "Arşın mal alan" (1965) filmində yaratdığı Soltan bəy obrazını xüsusi qeyd etmək gərəkdir. Bu film tamamlanarkən Salyan rayonunda qastrolda olan aktyor faciəli şəkildə (o, mehmanxananın eyvanında dayanarkən qəfildən eyvan uçmuşdu) dünyasını dəyişir.
   A.Qurbanovun şəxsi fondu S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qayğı ilə qorunur.
   
   Zərifə Babayeva,
   Dövlət Tarix Arxivinin əməkdaşı