Görkəmli şair və teatr xadiminin həyat və yaradıcılığı sənət tariximizin hələ tam öyrənilməmiş səhifəsidir
   
   Məşhur satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Mənsurov) 1879-cu il yanvarın 31-də Bakının Əmircan qəsəbəsində anadan olub. İlk təhsilini Bakıda rus-müsəlman məktəbində alıb, sonralar davamlı mütaliə ilə biliyini artırıb. 
   
   Ədəbiyyata olan marağı onu Bakıda fəaliyyət göstərən “Məcməəüs-Şüəra” adlı ədəbi məclisə gətirib. O, burada Əliağa Vahid, Cümrü, Əliabbas, Müznib, Mirzə Əbdül Xaliq Yusif, Azər Buzovnalı kimi sənətkarlarla tanış olub. Bakı şairləri ilə şeir deyişmələri ona böyük şöhrət gətirib. Elə “Mənsur” təxəllüsünə də burada qazandığı müvəffəqiyyətlərinə görə layiq görülüb.
   Səməd Mənsurun milli teatr tariximizin inkişafında da böyük xidmətləri olub. O, 1907-ci ildə Bakıda təsis edilən “Səfa” cəmiyyətinin yaradıcısı olub. 1918-ci ilədək fəaliyyət göstərən ”Səfa”da Səməd Mənsur özü pyes yazır, tərcümələr, təbdillər edirdi. Cəmiyyətdə orijinal və tərcümə əsərlərinin tamaşaları hazırlanır, kollektivə təzə həvəskarlar cəlb olunurdu. “Səfa” cəmiyyəti Azərbaycanda ilk dəfə yaradıcı şəxslərin yubileylərini keçirib. 1912-ci ildə aktyor Cahangir Zeynalovun səhnə fəaliyyətinin 25 illiyi, 1913-cü ildə dramaturq Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illik yubileyi cəmiyyətin təşkilatçılığı ilə qeyd olunub.
   
   * * *
   1921-ci il noyabrın 13-də Azərbaycan “Tənqid və təbliğ” teatrı fəaliyyətə başladı. Məzmun və forma etibarı ilə tamamilə yeni olan bu teatr çox kəskin bir təsir qüvvəsinə malik idi. Səhnə tamaşa salonu ilə birləşir, aktyorlar kupletlər deyir, öz surətli improvizasiyaları və zarafatları ilə salondan onlara ünvanlanan suallara cavab verirdilər. Bu teatrın yaradıcılarından biri S.Mənsur olmuşdur. O, C. Cabbarlı, Ə. Vahidlə birlikdə kupletlərin mətnlərini yazırdı. Aparıcılar: Mirzəağa Əliyev və Hacıağa Abbasov idilər. (Haşiyə: Hacıağa Abbasov Azərbaycanın ilk Əməkdar artisti (1928) və ilk Xalq artisti (1932) adını almışdı, 1932-ci ildə “Azdrama”nın direktoru olmuşdu).
   Teatr yarandığı vaxtdan qısa bir müddətdə 114 pyes göstərmişdi. Dövlət və hökumət rəhbərləri mütəmadi olaraq bu teatra gələrdilər.
   S.Mənsurun kupletlərindən bir nümunə:
   Sual:
   O, kimdir ki, alov yağır gözündən?
   O, kimdir ki, məna çıxmır sözündən?
   O, kimdir ki, qorxur özü özündən?
   Buna cavab verən aşıq sağ olsun.
   

   Cavab:
   
   Mirzoyandır alov yağır gözündən.
   Mir Bəşirdir məna çıxmır sözündən.
   Qəzənfərdir qorxur özü özündən.
   Cavab verən aşiqə Allah yar olsun!

   
   Zalda dövlət xadimləri (komissarlar) əyləşiblər. Nəriman Nərimanov birinci sırada ortada əyləşib.
   H.Abbasov Ə.Vahidin kupletlərini deyir:
   
   Bir düşeydim Cəmbərəkənd yolundan,
   Yapışsaydım komunxozun qolundan,
   Keçəydim həm sağından, həm solundan,
   Bakının yoluna baxıb, ağlaram!..
   Qocaman Şərqinə baxıb ağlaram!

   
   və özündən improvizasiya edir:
   
   Qabaqda Nərimana baxıb ağlaram!..  

   Nərimanovun arxasında əyləşən M.C.Bağırov (mühafizə rəisi, ağ çerkeska, gümüşü papaq, belində mauzer) ayağa qalxır: - Tovariş Narimanov, razreşite eqo arestovat! Və barmağı ilə səhnədə H.Abbasovu göstərir.
   Nərimanov sakit dönüb Bağırova:
   - Əyləş Petros!...
   ... 1937-ci il H.Abbasov NKVD-nin (Daxili İşlər Xalq Komissarlığı - red.) zirzəmisində mühakimə olunan vaxt Bağırov içəri girir və ona bir şillə vurur: “Tvoyu mat. Petros mənəm ya sən?”
   Və onu 25 il Sibirə göndərir.
   
   * * *
   Səməd Mənsur bütün ömrünü xalqına xidmət edən, onun maariflənməsi yolunda çalışan ədib, naşir, dövrünün məşhur ziyalılarından biri olub. Milli teatr, mətbuat, ədəbiyyat tariximizdə onun adı uzun illər unudulub. Çünki yaratdığı əsərlər sovet ideologiyasına tamamilə tərs idi. O, 1927-ci il yanvarın 31-də Bakıda faciəli surətdə həlak olub.
   1937-ci ildə M.C.Bağırov əmr verir ki, Səməd Mənsur güllələnməlidir. NKVD işçiləri axtarış əməliyyatından sonra Bağırova məlumat verirlər ki, Səməd Mənsur çoxdan vəfat edib.
   
   * * *
   Mən Səməd Mənsurun adını ilk dəfə tələbə olarkən, 1970-ci ildə mərhum Tofiq Kazımovla (Səməd Mənsurun oğlu, görkəmli teatr xadimi, 1963-1980-cı illərdə Akademik Dram Teatrının baş rejissoru) Göyçaya gedərkən eşitmişdim.
   O illərdə Tofiq Kazımovdan utandığıma görə S.Mənsurun böyük oğlu Əşrəf Kazımovdan atasının şeirlərini xahiş etdim. Mərhum Əşrəf Kazımov Mərkəzi Komitənin 8-ci qapısında qəbul otağında əyləşərdi. Məni onun yanına Xalq artisti Həsənağa Salayev göndərmişdi. Əşrəf Kazımov mənə atasının - S. Mənsurun əski əlifba ilə yazılmış, saralmış vərəqləri qopmuş, 25-30 səhifəlik əlyazmasını verdi. Dedi: - Bir aya qaytar. Mən bir həftəyə əlyazmanı qaytardım.
   Şeirləri məni şoka salmışdı. Xüsusən “Həpsi rəngdir” şeiri. İlahiyyat və dünyəvi fəlsəfənin cövhərini özündə birləşdirən bu şeirin sayəsində mən yüzlərlə pərəstişkar qazandım. 1980-ci il iyunun 15-də Sumqayıt Teatrında Tofiq Kazımovun “Muradın kələkləri” tamaşasından sonra ziyafətdə mən bu şeiri dedim. Tofiq müəllim dəsmalını çıxarıb, hönkürdü... Özünü çox gec ələ aldı... Və mənə:
   - Sən sentyabrdan Azdramada mənimlə işləyəcəksən, - dedi. Mənim Səməd Mənsura olan məhəbbətim, o dövrün tarixi şəxsiyyətləri haqqında qədərincə məlumat toplamağıma təkan verdi.
   Uzun illərdən sonra Səməd Mənsurun şeirlərindən ibarət kitab nəşr olundu. Lakin şairin bu kitaba düşməyən şeirləri, hələ tədqiq olunmamış əsərləri var. Onlardan birini diqqətə çatdırmaq istərdim.
   Səməd Mənsur, Dadaş Bünyadzadə, Baba Əliyev və Hacıağa Abbasov uşaqlıq dostu olublar. Dördü də bakılı idilər. Bu ayrılmaz dostlar bir-birinə söz veriblər ki, həmişə bir-birlərinə arxa-dayaq olacaqlar. 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. D.Bünyadzadə xalq komissarı, Baba Əliyev isə Fövqəladə Komissiyanın (dövlət təhlükəsizliyi) sədri olur. “Müsavatçı” damğası vurulan S. Mənsurun evi əlindən alınır, ailəsi, körpə uşaqları küçəyə atılır. Şair Baba Əliyevə və Dadaş Bünyadzadəyə müraciət edir: “Dostlar, mənə kömək edin”. Onlarsa “Səməd, biz sənə kömək edə bilmərik, sən sosializmin təntənəsindən, yoldaş Lenin və Stalindən yazmırsan”, - deyə cavab verirlər.
   Bu hadisədən sarsılan şair dostu H. Abbasova müraciətlə yazdığı şeirdə belə gileylənir:
   
   Hacıağa! Böylə də bir aləm olar?
   Bir ürəkdə bu qədər də qəm olar?
   Hər kəsə yar dedim, mar oldu,
   Bakı, Səlyan hamı biar oldu.
   Mən deyirdim ki, Baba bir kişidir,
   Kişi köhnəsidir, bişmişidir.
   Yoxladım, çıxmadı bir şey Babadan,
   Babanın da evi olsun abadan.
   Dəhri-Məxrubədə bəs yoxmu kişi?
   Bu cahanın qalıb Allaha işi.

   
   Göy üzü hərdən deyirlər tar olur, əlbəttə ki,
   Xəstələnmiş gönlümüz bimar olur, əlbəttə ki,
   Bəççeyi-marın əgər vaxtında başın əzməzsən,
   Bir zamanlar böyüyüb, şahmar olur, əlbəttə ki,
   Ölkənin aslanları məhkum olarlarsa zillətdə,
   Məmləkət çaqqallara bazar olar, əlbəttə ki.

   
   Şair respublikadakı yalançı bolşevik hökumətinin Rusiyanın nökəri olduğunu “Azərbaycan hökuməti” şeiri ilə ifşa edir.
   
   Əl hökumətül: Azərbaycan.
   Əl rəyisəküm: Nəriman.
   Əl vəzirəküm: Həmid İbn Sultan.
   Baba - sakini Mərdəkan.
   Sumbat - dilavəri Əmir Hacıyan.
   Levon Mirzoyan,
   Sərkisi - növcavan,
   Əli Heydər - töhfeyi Şirvan.
   Varmı çəkə nəfəs bir insan
   CEKA üstündə Aterbekyan.
   Nə qədər neft vardırsa,
   Getdi təriqi Hacıtərxan!
   Alınıbdı Gürcüstan,
   Sonra da İrəvan.
   Rusiyanın əvvəlki sərhəddi
   oldu əyan!
   on ki, əyan əstçi hacət bə bəyan!
   (o şey ki, aydındı, şərhə ehtiyac yoxdur)

   
   Səmədağa Ağamalı oğluna (1920-1922-ci illərdə xalq komissarı):
   
   Saat on birdir, Çolaq indi gedir qulluğuna,
   Əsası əldə, bir neçəsi girmişdi
    onun qoltuğuna.
   
   Bazar bağlanmışdır qəhətlik çökmüş,
   Satılan şey qalmamış vicdandan başqa.
   Hər şeyin qiyməti yüz qat yüksəlmiş,
   Ucuz şey qalmamış insandan başqa.
   
   Hər kəsə dost dedim dedim
    düşməni-can oldu mənə,
   Düşmən öz bəxtim imiş,
    indi əyan oldu mənə!..

   
   * * *
   Sonda Hacıağa Abbasovun qızı Dilarə xanımın mənə danışdığı bir xatirəni nəzərə çatdırmaq istərdim: “Bir gün Səməd Mənsur bizə gəlmişdi. Atamla söhbət arası dedi: - Hacıağa, uşaqlarını gətir mən görüm. Anam bizi otağa dəvət etdi. Səməd Mənsur adımızı soruşdu. Böyük qardaşım - Altunbay, ortancıl qardaşım - Sabutay, mən - Altunsaç. Səməd Mənsur adlarımızı eşidincə: - Hacıağa, bu adları uşaqlara Hüseyn Cavid qoyub? Atam: - Bəli, -dedi. Səməd Mənsur: Allah evini yıxsın, Hacıağa, bu adlara görə səni tutacaqlar, təcili uşaqların adlarını dəyiş. Anamın təhriki ilə bir həftədən sonra atam bizim adlarımızı dəyişdi. Altunbay - Rauf, Sabutay - Qorxmaz, mən - Dilarə oldum.
   
   Əli Nur,
   Əməkdar artist







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar