Bütün səslər fəlsəfəsinə vaqif...
   
   O, özündən çox «özgələr» üçün əkib-becərən, yalnız sənət «büdcəsinə» işləyən «iş adamı», yeniliklər, orijinallıqlar təsərrüfatı «fermer»i idi. Ona sənət altruisti də demək olardı. Bəli, o, heç bir tərəfdə dayanıb heç bir tərəfə qarşı çıxmadan beynəlxalq sənət ordusuna qoşulub, tezliklə də generalitetə daxil edilən Azərbaycanın mədəniyyət əsgəri idi...
   
   16 mart, 16 dekabr
   
   Biri 1940, digəri 1979. Biri İçərişəhər, o biri məzar. Nağıla bənzətsək, heç qırxıncı qapıya da yetişə bilmədi. Ağıla vursaq, bu yaşda gedib dünyanın o başına yetdi.
   O, anadan olanda Bakı - bayır şəhər ittifaq «ansambl»ı daxilində II Dünya müharibəsinə hazırlaşır, vurhay neft çıxarır, «urra!» sədalı sosialist əməyi yarışı keçirirdi. İçərişəhər isə öz Vaqif doğumu ilə bütün müharibə qənimətlərindən daha qiymətli, daha önəmli, daha əbədi bir mədəniyyət fontanı vurmuşdu.
   Onun bu dünyaya gəlişi ilə İçərişəhərin «dardalan», «tin», «bıçaq», «qədeş», «cayıl», «zorxana» və s. kimi məhəlli jarqonlar arsenalına «caz» adlı dünyəvi bir termin də gəldi. Bu qədim, çadralı, motalpapaq, hasarlı iç şəhərin adamları, bayır şəhərin «stilyaqa»larına, yerli yekəxanalarına, gəlmə intelligentlərinə yendirmək istəməyən qeyrətli cayılları bir də onda ayıldılar ki, çöl şəhər, çöl dünya artıq onların «məhəllə uşaqları»ndan birinə sayğıda, sözün böyük mənasında yenməkdədir. Gördülər ki, onların bütöv bir planet hesab etdikləri qala divarları bu məhəllə uşağına darlıq edir. Baxdılar ki, bu qonşu gedir.
   “Əldən gedir» mənasında yox, sənət “qoçu“ luğuna, şöhrət ovçuluğuna gedir. Bu getməklər onun 18 yaşından - Asəf Zeynallı adına Musiqi Məktəbinə qədəmlərindən, sonra da bir-birinin ardınca yaradıb başçılıq etdiyi «Orero» ansamblından, «Qafqaz» caz üçlüyündən, «Leyli», «Sevil» qadın vokal-instrumental, «Muğam» instrumental ansambllarından başlamışdı.
   Məhəllilər eşidirdilər ki, Qız qalasından beş deyiləndə, bir də Vaqif Mustafazadənin qala konsertlərindən söhbət gedir. Oxuyurdular ki, «köhnə» Bəhram Mənsurov Şərq üçün kimdirsə, yeni Vaqif Mustafazadə də dünya üçün odur. Odur ki, bu «obrazovannı» qonşunun evindən caz səsi gələndə bir-birinə baxıb göz eləmirdilər. Həmişə onları uyudan muğam parçalarını indi onun pianinosundan dinləyəndə söz eləmirdilər. Əksinə, tarixən bu parçaları eşidərkən tərpənən başlarının «sırasına» ayaqlarını da qoşur və beləliklə, bu təkrarsız qapalı şəhər öz stixiya-qınından çıxıb, Vaqif Mustafazadə baniliyi ilə, bu gün tez-tez işlətdiyimiz ifadə ilə desək, dünyaya inteqrasiya edirdi ...
   
   Onun könlü, əlləri, barmaqları...
   
   Onun könlü dünyatutumlu bir «antenna» idi. Sədaları hamı kimi tutsa da, əks-sədanı yalnız özü kimi qaytarırdı. Özgə səsləri özümüzünküləşdirməkdə, öz ritmlərimizi özgələrə sevdirməkdə mahir idi. Deyirlər, musiqinin vətəni, dili, tərcüməsi yoxdur. Düz deyirlər, amma bu, Vaqifə qədər beləymiş və Vaqifdən sonra da belədir. Vaqifə qədər «caz» sözünə «vız» eləyənlərimiz, «mız» qoyan bəzi ziyalılarımız indi onun «Şur»una, «Heyratı»sına tar-kaman dəsgahlarından azmı heyrətlənirlər?! Obrazlılıqdan yüz ağac uzaq olan neçələrindən eşitmişəm: «Vaqifin cazı adamın ürəyində cızz eləyir».
   Yaxşı, adına «caz» deyilən bu «yığma komanda»nın təşkilatçılığında bizim bircə qəlb, bircə könül oyunçu-çalançımız da olmayıbsa, bu «cızz» məsələsi nədir belə? Deməli, məsələnin məğzi bu musiqi «esperanto»sunun tərcüman-tərcüməçiliyindədir. Vaqifin könül «laboratoriya»sının, improvizə institutunun bəşəri takt aktındadır...
   Onun əlləri də əllə toxunulan, gözlə görünən obraz deyildimi? Bəzi məqamlarda o «tək əldən səs çıxmaz» məsəlini inkar etmirdimi? O əllər - realizmdə portretə, sürrealizmdə tabloya, «ifratizm»də peyzaja mövzu deyildimi? O əllər pianinonun şirmayi dil-«cücələri»nə sənət dəni səpirdi, «bülbül»lərini cəh-cəh etdirirdi, əcəl dəcəlliyindən tamamlaya bilmədiyi «Muğam» simfoniyasında «Şahnaz»ına naz, «Sevil»inə yaz çiləyirdi, Füzuli qəzəllərilə nakam getmiş «Leyli»yə bir nəğməkar Məcnunluğu edirdi.
   Onun əli... Yox, onun əllərinin əlalığından nə qədər desək də, hədəfə yetəsi deyilik. Simi dəyişərək deyək ki, təkaçılanları ilə qaz vurub qazan dolduran musiqiçilərdən fərqli olaraq, onun əli gətirmirdi. Bu xalqın klassik sənət ənənələri dəryasında özüyçün bir ada yaratmağa çalışaraq, caz vurub, hələlik təkəmseyrək ürəklərə həzz verirdi. Yuxarıda «iş adamı», «fermer» bənzətmələrimə rəğmən, bu gəlirsiz təsərrüfatın məxarici az olsun deyə, süpürgəçiliyindən, naxış-naxırçılığından tutmuş, toxuculuğuna, sürücülüyünə, hörücülüyünə, xırman-xırdaçılığına qədər hamısını özü icra edirdi. Hər yeni əsərinin akkordu da ki, rekord alınırdı. Ömrün akkordu isə günbəgün yaxınlaşırdı. Daşkənd qastrolunun “16 dekabr 1979-cu il hadisəsi”nə az qalırdı. Amma hələ o tarixə qədər sənət hadisələri, ona münasibət «əsər»ləri vardı.
   Bu «əsər»lərdən biri bu idi ki, AzTV-nin o vaxtkı sədr-ağsaqqalı bığlarını qırxdırmayacağı təqdirdə onun ekrana çıxmasına yasaq qərarı vermişdi. Dost-tanışları danışırdılar ki, həmin yaradıcı qurum sədrinin bu «yaradıcı» «əsər»i Vaqifin əsərləri qədər yaşayacaq. Bu isə «bığ senzi“ müəllifi olan o sədrin, özgə bir yaradıcılıq işi ilə olmasa da, bu «şedevr»i ilə əbədi yaşaması deməkdir...
   ...Daşkənd hadisəsinə gedən yola qədər hələ çox qollar vardı. Bunlardan «Tallin-66», «Tbilisi-78», «Monte-Karlo» festivalları idi ki, hər üçünün laureatı oldu. Biri də Monakoda (1978) keçirilən 8-ci Beynəlxalq Caz Festivalı idi ki, «Əzizəni gözləyirəm» musiqisinə görə birincilik mükafatı qazandı. Gün, ay, illə ölçülməyən uğurları isə daha çox oldu. O, dünya miqyasında yeni musiqi erası kimi hallandırılan caz-muğam sintezini yaratdı. Özündən xəbərsiz - Azərbaycan Muğam-Caz Hərəkatının memarı çağırıldı. Saysız fortepiano konsertləri, muğam-caz kompozisiyaları yaratdı ki, cazın vətəni Amerikanı qocaman Şərq xəyalatına daldırdı. Yeni caz mizan-düzəni ilə bütün dünya zövqünü fəth elədi.
   Daşkənd tərəfdən əsən hadisə yelləri isə yaxınlaşırdı. Düşüncə, duyğu ilmələrini fortepianoya ötürən ali əllər, şirmayi barmaqlar qos-qoca istedadla süslənmiş cavan bir ömrün son akkordlarını vurmaqda idi. Milyonlarla ürəkləri titrədən bir ürək, nəhayət, 16 dekabr 1979-cu il tarixini çalıb, dayandı...
   Ondan yalnız elə o şedevrlər yox, canlı Əzizə Mustafazadə əsəri də qaldı. Sağlığında aldığı Əməkdar incəsənət xadimi adına ölümündən sonra Azərbaycan Dövlət mükafatı da əlavə olundu.
   ... Adam bu məqamda istərdi ki, Vaqifin avtoportret motivli belə bir əsəri də olaydı: «Mənsiz»...
   
   Tahir Abbaslı