18 mart 1943 - Xalq yazıçısı Mövlud Süleymanlı Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində (Ermənistan SSR, Kalinino rayonu) anadan olub. “Köç” romanının, povest, pyes və ssenarilərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.
   
   19 mart 1919 - Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) anadan olub. Uzun illər muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidr, istedadlı qəzəlxan kimi tanınıb.
   19 mart 1920 - Aşıq, şair Oruc Vəli oğlu Əhmədov (1920-1976) anadan olub.
   19 mart 1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Nərimanov (14.4.1870 - 1925) vəfat edib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin - Xalq Komissarları Şurasının sədrı olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. \"Nadanlıq\", \"Nadir şah\", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.
   19 mart 1994 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda baş vermiş terror hadisəsində həlak olub. Erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə “20 Yanvar” metrostansiyasında törədilən terrorda 14 nəfər həlak olmuşdu. Rafiq Babayev Rəşid Behbudov adına Mahnı Teatrının musiqi rəhbəri, \"Cəngi\" folklor-caz kollektivinin yaradıcısı olub. Bir sıra filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.
   
   20 mart 1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) (1879 - 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.
   20 mart 1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub, milli kinomuzda ilk ssenarilərin (“Hacı Qara, “Sevil, “Almaz” filmləri), şeir və hekayələrin müəllifidir.
   20 mart 1930 - Akademik, riyaziyyatçı alim Fərəməz Qəzənfər oğlu Maqsudov (1930 - 30.7.2000) anadan olub. 1997-2000-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti olub.
   20 mart 1933 - Şair, publisist Kələntər Şıxkərim oğlu Kələntərli Qusar rayonunun Sudur kəndində doğulub.
   
   21 mart - Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən təsis edilib. Bu günün bayram edilməsində məqsəd dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləməkdir.
    21 mart 1896 - Məşhur aktyor Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə, 1896-20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarlında çoxsaylı obrazlar yaradıb, “Səbuhi” (Şeyx Əli), “Fətəli xan” (Mirzə Nadir) filmlərində çəkilib.
   21 mart 1898 - Xalq artisti, aktyor İsmayıl Talıbzadə (1898-1967) anadan olub.
   21 mart 1900 - Dilçi alim, filoloq Muxtar Hüseyn oğlu Hüseynzadə (1900-1985) anadan olub.
   21 mart 1906 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov) (1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycanın ilk Xalq şairidir, Azərbaycan Elmlər Akademiyasının üzvü, Yazıçılar İttifaqının sədri (1941-1948) olub. \"Muğan\", \"Aygün\" poemalarının (ümumilikdə 20-dən çox poema), \"Vaqif\", \"Fərhad və Şirin\" və s. mənzum dramların müəllifidir. Rus şairi A.S.Puşkinin \"Yevgeni Onegin\" poemasını, N.Gəncəvinin \"Leyli və Məcnun\" poemasını (fars dilindən) dilimizə tərcümə edib.
   21 mart 1914 - Xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 -23.2.1983) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan