Son illər muzeylərimizin nəşriyyat sahəsində fəaliyyəti xeyli genişlənib. Müstəqil bir elm sahəsi olaraq muzeyşünaslığın yaranması və müəyyən inkişaf yolu keçməsi bu işə xüsusi təkan verir. İndi muzey materiallarından istifadə etməklə dissertasiyalar yazılır, kitablar, çoxsaylı məqalələr işıq üzü görür. 
   
   Bu siyahıya yeni bir nəşr də əlavə olunub. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş kitab «Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında» adlanır. Layihənin rəhbəri və kitabın elmi redaktoru Alla Bayramova, məsləhətçi Züleyxa Qarayeva-Bağırova, tərtib edəni Alla Fyodorovadır.
   Kitab böyük Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və fəaliyyətinin müəyyən məqamlarını əks etdirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın kitaba yazdığı ön sözdə oxuyuruq: “Qara Qarayev yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin özünəməxsus və parlaq səhifələrini təşkil edir. Mədəni irsimizin qorunmasında, inkişaf etdirilməsində, təbliğində, dünya miqyasında tanınmasında bəstəkarın xidmətləri danılmazdır”.
   Kitabda toplanmış materiallar vasitəsilə Qara Qarayevin xalqımız və mədəniyyətimiz qarşısında göstərdiyi böyük xidmətlərin müəyyən hissəsi ilə tanış ola bilirik.
   Muzeyin fondunda 50 mindən artıq əşya var. Onların arasında Qara Qarayevə aid materiallar da mühüm yer tutur. Bunlar Qara Qarayevin və yaxınlarının, müəllim və tələbələrinin fotoşəkilləri, məktublar, not və mətnlərin əlyazmaları, afişalar, proqramlar, təsviri sənət nümunələri, kitablar və s. ibarətdir.
   Məlumdur ki, profilindən asılı olmayaraq muzey işində fotoşəkillər mühüm yer tutur və ekspozisiyanın əsasını da məhz fotoşəkillər təşkil edir. Ona görə ki, hər bir fotoşəkil özündə müəyyən tarix yaşadır. Kitabı ərsəyə gətirənlər də bu prinsipə sadiq qalmışlar. Kitabı vərəqləyən oxucu həmin anlarda muzey seyrçisinə çevrilir və bəstəkarın həyatını əks etdirən muzeyin ilk əşyaları ilə tanış olur. Qara Qarayevin 1920-ci ildə çəkilmiş fotoşəkli oxucunu özünə cəlb edir. Daha sonra onun babası İsgəndər bəy Axundov və nənəsi Züleyxa Bayraməlibəyovanın, valideynləri Əbülfəz Qarayev və Sona Axundovanın, ilk musiqi müəllimləri Vladimir Kozlov və Georgi Şaroyevin fotoşəkilləri təqdim olunur.
   İllər keçir...Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi Qara Qarayev öz müəllimləri və tələbə dostları arasındadır. Daha bir fotoşəkildə bəstəkar öz böyük ustadı Üzeyir Hacıbəyovla birlikdə dərs zamanı əbədiləşmişdir.
   Fotoşəkillərə baxdıqca Qara Qarayevin zirvəyə gedən yolda inamla addımladığının şahidi olursan.
   Fotoşəkillər bizi Qara Qarayevin müəllimləri, müasirləri və tələbləri ilə tanış edir. Bu fotolarda o, həmin şəxslərlə bir yerdədir: Dmitri Şostakoviç, Niyazi, Bülbül, Fikrət Əmirov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Cövdət Hacıyev, Tofiq Quliyev, İsmayıl Hidayətzadə, Səid Rüstəmov, Rauf Hacıyev və bir çox başqaları.
   Kitabda bir maraqlı fotoşəkil də var. 1972-ci ildə respublikamızda Rusiya Federasiyasının “Ədəbiyyat və incəsənət günləri” keçirilərkən çəkilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük musiqi xadimləri ilə bir yerdədir. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Şövkət Məmmədova, Rauf Hacıyev, Tofiq Quliyev, Elmira Abasova, habelə rus-sovet bəstəkarı Serafim Turikov ulu öndərin əhatəsindədir. Bu fotoşəkil Heydər Əliyevin mədəniyyətimizə və mədəniyyət xadimlərimizə diqqət və qayğısının ifadəsidir.
   Qara Qarayevi məşhurlaşdıran, təbii ki, onun əsərləri olmuşdur. Bəstəkar bir sıra tamaşalara və kinofilmlərə də musiqi bəstələmişdir. Kitabda yer almış afişa və proqramlar bu barədə geniş məlumat verir.
   Bu materiallar sırasında müəllifin müxtəlif teatrlarda tamaşaya qoyulmuş «Yeddi gözəl» və «İldırımlı yollarla» baletlərinin, habelə bəstəkarın musiqi bəstələdiyi teatr tamaşalarının, Azərbaycanda, keçmiş SSRİ-nin müxtəlif kinostudiyalarında çəkilmiş bir sıra filmlərin, bir çox konsertlərin afişa və proqramları var. Onların ünvanları da müxtəlifdir: Bakı, Moskva, Sankt-Peterburq, Tbilisi...
   Kitabda bəstəkarın müxtəlif təşkilatlara, ayrı-ayrı şəxslərə yazdığı məktublardan da nümunələr verilmişdir. Biz bu məktubları oxuyarkən onu nəcib insan, qayğıkeş ailə başçısı, xeyirxah müəllim və musiqi təşkilatçısı kimi görür və bununla fəxr edirik.
   Kitabda bəstəkarın həmkarı Tofiq Quliyevə Moskva şəhərindən 1969-cu ilin mart ayında yazdığı başsağlığı məktubunun fotosurəti və mətni verilmişdir. Qara Qarayev məktubunda Tofiq Quliyevə baş vermiş itki - anasının vəfatından kədərləndiyini bildirir. O yazır: «Təskinlik üçün söz tapa bilmirəm. Ancaq onu demək istəyirəm ki, mən və mənim yaxınlarım bu ağır vaxtda sizin ailədəki kədəri bölüşürlər...».
   Bu məktubda muzey işində xüsusi maraq doğuran, diqqəti çəkən bir məqam var. Rus dilində yazılmış məktubun sonunda bəstəkarın latın əlifbası ilə Azərbaycan dilində belə bir qeydi var: «Mart gəldi-dərd gəldi...»
   Məlumdur ki, «Mart gəldi-dərd gəldi», habelə «Mart çıxdı-dərd çıxdı» ifadələri yayılmış deyimlərdir və Qara Qarayevin bu ifadəni işlətməsi onun milli xüsusiyyətləri dərindən bildiyini və kökə bağlılığını bir daha əyani şəkildə əks etdirir.
   Qara Qarayev öz müasirlərinə, həmkarlarına qarşı həmişə diqqətli olmuş, onlarla birlikdə sevinmiş, onlarla birlikdə kədərlənmiş, onların ağır günlərində öz köməyini əsirgəməmişdir. Onun 1970-ci ildə müalicə üçün Moskva şəhərinə getmiş dirijor Çingiz Hacıbəyova Bakıdan göndərdiyi məktub diqqəti cəlb edir: «Sağal, müalicə ilə bağlı tələsmə, hövsələ et, başını uca tut. Hər şey yaxşı olacaq. Mən buna inanıram...Bakıya - evə xoş qayıdışını gözləyirik...».
   1965-ci ildə Azərbaycan Musiqi Fondunun direktoru Ramazan Xəlilova Moskvadan yaradıcılıq işləri ilə əlaqədar yazdığı məktubun sonunda belə bir qeyd var: «Bədbəxt Mehdi Hüseynə qarşı necə amansızlıq ediblər! Gör, iş nə yerə çatıb...» (Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin birinci katibi Mehdi Hüseyn 1965-ci il mart ayının 10-da iclas zamanı ürək tutmasından dünyasını dəyişmişdi. Qara Qarayev də öz məktubunda bu hadisəni nəzərdə tuturdu).
   Mədəniyyətimizin, o cümlədən musiqimizin xüsusi qayğı ilə əhatə olunduğu bir dövrdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ərsəyə gətirərək oxuculara təqdim etdiyi bu nəşr Qara Qarayev irsinin təbliğinə sanballı töhfədir. Oxucular burada verilmiş müxtəlif səpkili materiallar vasitəsilə bəstəkarın həyat və fəaliyyətinin indiyədək məlum olmayan tərəfləri ilə tanış olacaqlar və bütün bunlar Qara Qarayev sənətinin və şəxsiyyətinin böyüklüyü barədə təsəvvürləri daha da genişləndirəcək.
   Hesab edirik ki, bu kitab gələcəkdə böyük bəstəkarımız Qara Qarayevin həyatı və fəaliyyəti, eyni zamanda, musiqi mədəniyyətimizin parlaq bir dövrü barədə tədqiqat işlərinin aparılmasında əvəzsiz bir mənbə rolunu oynayacaq.
   
   Adilxan Bayramov,
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini, filologiya elmləri doktoru