Azərbaycan
   
   14 aprel 1870 - Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 - 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kitabxananı təşkil edib. \"Nadanlıq\", \"Nadir şah\", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.
   14 aprel 1907 - Xalq artisti Fatma Qədir qızı Qədri (1907- 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
   14 aprel 1952 - Telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952-1991) Qazax rayonunda doğulub. 1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağda Qarakənd kəndi (Xocavənd rayonu) yaxınlığında ermənilərin vurduğu vertolyotda həlak olub.
   
   15 aprel 1905 - Memar, memarlıq tarixçisi Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin binasının və s. tikililərin layihələşdirilməsində iştirak edib.
   15 aprel 1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1905 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.
   15 aprel 1928 - Cənubi Azərbayan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd, 1928-1979) Marağa şəhərində doğulub.
   
   16 aprel 1906 - Bakıda \"Dəbistan\" maarifçi jurnalı nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq və s. tanınmış ziyalılar iştirak ediblər.
   16 aprel 1916 - Məşhur bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli (1916 - 1.8.1961) anadan olub. Dünyaca məşhur \"Cücələrim\" mahnısının (sözləri - Tofiq Mütəllibov), \"Ay işığında\", \"Gecələr uzanaydı\", \"İlk məhəbbət\", \"Düşür yadıma\" və s. populyar mahnıların müəllifidir.
   16 aprel 1934 - Bəstəkar Ramiz Mirişli Naxçıvanda anadan olub. Musiqili komediyalar (“Qaçırılmış qız”, “Gəl, qohum olaq” və s.) , simfonik əsərlər, yüzlərlə mahnı yazıb. 40-dan çox teatr tamaşasına, “Sahilsiz gecə”, “Qəzəlxan” və s. flimlərə musiqi bəstələyib.
   
   17 aprel 1884 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (1884 - 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. \"Aşıq Qərib\" operasının, \"Əlli yaşında cavan\" musiqili komediyasının, digər əsərlərin müəllifidir.
   
   17 aprel 1899 - Məşhur türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Bakı Universitetində təhsilini yarımçıq qoyaraq Türkiyəyə gedib. İstanbul Universitetində çalışıb, Türkiyədə azərbaycanlı diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.
   17 aprel 1928 - SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928-2008) anadan olub. Opera və Balet Teatrının solisti kimi bir çox operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
   
   18 aprel “Beynəlxalq tarixi yerlər və abidələr günü”dür (The International Day for Monuments and Sites). 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib.
   
   18 aprel 1870 - Görkəmli xanəndə, muğam ustası Məcid Behbudalı oğlu Behbudov (1870 - 6.9.1945) Şuşada anadan olub.
   18 aprel 1897 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədova (1897 - 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəylinin \"Ər və arvad\" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıclarlından olub. Uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
   18 aprel 1991 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (16.12.1934 - 1991) vəfat edib. “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. Şeir və tərcümə (rus dilindən) kitablarının müəllifidir.
   18 aprel 2001 - Prezident Heydər Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edilib, Gənclər və İdman Nazirliyinin əsasında Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə turizm sahəsinin idarəçiliyi Mədəniyyət və Turizm Nazirliyinə verilib.
   
   19 aprel 1905 - Məşhur memar Mikayıl Ələsgər oğlu Hüseynov (1905 - 7.10.1992) Bakıda anadan olub. Bakının arxitekturasına gözəllik verən bir çox tikilinin (Nizami adına Ədəbiyyat Muzeyi, M.F.Axundov adına Dövlət Kitabxanası, MEA-nın binası, Musiqi Akademiyası və s.) müəllifidir.
   19 aprel 1907 - Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 - 6.1.1976) anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), Azərbaycan musiqi tarixinə dair kitabların müəllifidir.
   19 aprel 1920 - Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 - 5.12.1996) Zaqatalada anadan olub. “Həsrət”, “Həyat özü bir nəğmədir”, “Nəğməli könül” və s. pyesləri tamaşaya qoyulub, türk və rus dillərindən tərcümələr edib.
   19 aprel 1949 - Bəstəkar Qalib Həsən oğlu Məmmədov anadan olub. “Sirlər xəzinəsi” baletinin, oratoriya, simfonik və kamera musiqisi əsərlərinin müəllifidir. “Haray” filminə musiqi yazıb.
   
   20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894-1980) anadan olub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan” (1945), "Onu bağışlamaq olarmı?" və s. filmlərə quruluş verib.
   20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub. Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib.
   20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907 - 6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında" poemalarının müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
   20 aprel 1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova (1916 - 10.03.2004) anadan olub.
   20 aprel 1920 - Yazıçı-dramaturq Xanımana Sabir qızı Əlibəyli (1920 - 2007) anadan olub.
   20 aprel 1926 - Tanınmış tarzən Əlikram Həsən oğlu Hüseynov (1926- 2006) anadan olub.
   20 aprel 1929 - Yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseyn oğlu Hüseynov (20.04.1929) anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Mamed, Məmiş” və s. məşhur romanların müəllifidir.
   20 aprel 1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu vəfat edib.
   20 aprel 1991 - Ali Sovetin deputatları, görkəmli alimlər Aydın Məmmədov və Dilarə Əliyeva Qax rayonu ərazisində avtomobil qəzasında həlak olublar. 
   
   Dünya
   
   14 aprel 1744 - Rus dramaturgiyasının banilərindən biri, yazıçı-dramaturq Denis İvanoviç Fonvizin (1744-1792) anadan olub.
   14 aprel 1889 - Məşhur ingilis tarixçisi və sosioloqu Arnold Cozef Toynbi (Arnold Joseph Toynbee, 1889-1975) anadan olub. Sivilizasiyaların tarixindən bəhs edən “Tarixin dərk olunması” 12 cildlik əsərin müəllifidir.
   14 aprel 1925 - Amerika aktyoru, dəfələrlə «Oskar» mükafatının laureatı Rod Stayger (Rodney Stephen Steiger, 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” flimlərində çəkilib.
   14 aprel 1930 - Tanınmış Litva kinorejissoru Vitautas Jalakyəviçus (1930-1996) anadan olub. Rejissorun “Bu şirin söz - azadlıq” filmində azərbaycanlı aktyorlar (Rasim Balayev, Cahangir Mehdiyev, Eldar Əliyev) çəkiliblər.
   14 aprel 1930 - Məşhur rus şairi Vladimir Vladimiroviç Mayakovski (19.7.1893, Kutaisi - 1930) vəfat (intihar) edib.
   
   15 aprel 1452 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 1452 - 2.5.1519) anadan olub.
   15 aprel 1886 - Məşhur rus şairi Nikolay Stepanoviç Qumilyov (1886-1921) anadan olub.
   15 aprel 1894 - Amerika ixtiraçı alimi Tomas Edison (1847-1931) yeni ixtirasını - kinoproyektoru nümayiş etdirib.
   15 aprel 1913 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (26.4.1886 - 1913) vəfat edib. 2011-ci il TÜRKSOY tərəfindən “Abdulla Tukay ili” elan olunub.
   15 aprel 1933 - Rusiya yazıçısı Boris Natanoviç Struqatski anadan olub. Qardaşı Arkadi Struqatski (1925-1991) ilə məşhur fantastik əsərlərin müəllifidir.
   15 aprel 1939 - Tanınmış italyan aktrisası Klaudiya Kardinalenin (Claudia Cardinale) doğum günüdür.
   15 aprel 1949 - Məşhur rus estrada müğənnisi Alla Puqaçovanın doğum günüdür.
   15 aprel 1949 - Tanınmış türk aktyoru Kadir İnanır anadan olub. Əslində 1949-cu ilin avqustunda anadan olub, amma doğum şəhadətnaməsində 15 aprel qeyd olunub. Filmləri: “Tatar Ramazan”, “İllərin qisası”, “Bir udum sevgi” və s.
   
   16 aprel 1844 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault, 1844-1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.
   16 aprel 1889 - Dünya şöhrətli Amerika aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 1889 - 25.12.1977) anadan olub.
   16 aprel 1924 - Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini, 1924-1994) anadan olub. 500-dək filmə musiqi yazıb, 4 dəfə “Oskar”, 20 dəfə “Qremmi” mükafatına layiq görülüb.
   16 aprel 1952 - Fransız aktyoru, rejissor və ssenarist Mişel Blan (Michel Blanc) anadan olub.
   
   17 aprel 1918 - Amerika aktyoru, “Oskar” mükafatları laueratı Uilyam (William) Holden (1918-1981) anadan olub. Filmləri: “Sabrina”, “Konslager-17” və s.
   17 aprel 1923 - İngilis rejissoru, “Oskar” laureatı Lindsey Anderson (Lindsay Gordon Anderson, 1923-1994) anadan olub.
   17 aprel 1951 - Argentina-Britaniya aktrisası Oliviya Hassi (Olivia Hussey) Buenos Ayresdə doğulub. “Romeo və Cülyetta, “Nildə ölüm” və s. filmlərdə çəkilib.
   
   18 aprel 1819 - Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli, 1819-1895) anadan olub. ”Yüngül kavaleriya”, “Bokkaçço” operalarının müəllifidir.
   18 aprel 1945 - Amerika fantast-yazıçısı Canet Kaqan (Janet Kagan - əsl soyadı Megson) anadan olub.
   18 aprel 1947 - Amerika aktyoru Ceyms Vuds (James Woods) anadan olub. Filmləri: “Kazino”, “Salvador”, “Dopinq” və s.
   
   19 aprel 1900 - Rus kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Ptuşko (1900-1973) anadan olub. “Ruslan və Lyudmila”, “Qızıl açar” və s. uşaq filmlərini çəkib.
   19 aprel 1900 - Məşhur ingilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes, 1900-1976) anadan olub. Avropada ilk radiopyeslərin yaradıcısı sayılır.
   19 aprel 1911 - Rus-sovet yazıçısı Georgi Mokeyeviç Markov (1911-1991) anadan olub. Əsərləri: “Stroqovlar”, “Ata və oğul”, “Sibir” və s. romanlar.
   
   20 aprel 1927 - Məşhur rus aktyoru Pavel Borisoviç Luspekayev (1927-1970) anadan olub. Ayaqları amputasiya olunmuş halda “Səhranın bəyaz günəşi” filmində (Pavel Vereşşaqin) çəkilib.
   20 aprel 1949 - Tanınmış Amerika kinoaktrisası Cessika Lenq (Jessica Lange) anadan olib. İki dəfə “Oskar”a (“Tutsi”, “Mavi səma”) layiq görülüb.

   Hazırladı: Vüqar Orxan