Azərbaycan
   
   21 aprel 1931 - Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova Bakıda doğulub. Uzun illər Moskonsertin solisti olub.
   21 aprel 1978 - Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.
   
   22 aprel 1905 - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb. Qəzetin naşiri tanınmış vəkil və publisist, sonradan Xalq Cümhuriyyəti parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov, redaktorları yazıçı-jurnalist Əhməd bəy Ağaoğlu və böyük mütəfəkkir Əlibəy Hüseynzadə idi.
   22 aprel 1911 - Görkəmli fırça ustası, Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) anadan olub.
   22 aprel 1940 - Folklorşünas, tənqidçi, publisist Çərkəz Əli oğlu Quliyev (1940-1994) anadan olub.
   22 aprel 1942 - Görkəmli aktyor, bədii qiraət ustası, rejissor Həsən Əbluç (1942 - 13.3.1994) Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Teatr, televiziya tamaşalarında, kinoda maraqlı obrazlar yaradıb.
   
   23 aprel 1865 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Əliağa İsmayıl Ağa oğlu Şıxlinski (1865 - 18.8.1943) Qazax qəzasında anadan olub. 1904-1905-ci illər rus-yapon müharibəsində məşhurluq qazanıb, Rusiyanın ordu komandanı olub. 1918-ci ildə Bakıya qayıdaraq Azərbaycan Xalq Cümhuriyyəti müdafiə nazirinin (general S.Mehmandarov) müavini işləyib. Sovet dövründə Bakı Hərbi Komanda Məktəbinin rəis müavini olub.
   23 aprel 1932 - Azərbaycan Yazıçılar İttifaqı yaradılıb.
   23 aprel 1967 - Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub. Gənclər Teatrında işləyib, 1993-cü ildən Milli Dram Teatrında çalışır. "İtkin gəlin" teleserialında Əfsanə obrazı ilə məşhurlaşıb.
   
   24 aprel 1866 - Mədəniyyət və maarif xadimi, yazıçı-publisist Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Ana dilində məktəblərin açılmasında, dərsliklər yazılmasında, milli teatrın inkişafında mühüm xidmətləri olub. Tanınmış teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
   24 aprel 1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. "Şərqi-Rus" (1903), "Molla Nəsrəddin" (1906) nəşrlərinin yaradıcılarından olub. Sovet dövründə dərsliklərin hazırlanmasında iştirak edib. Stalin repressiyasının qurbanı olub.
   24 aprel 1902 - Xalq artisti İsmayıl Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Uzun illər Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “26 komissar”, ”Dəli Kür”, “Yeddi oğul istərəm”, “Nəsimi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   21 aprel 1816 - Məşhur ingilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Villet” və s. romanların müəllifidir.
   21 aprel 1864 - Alman filosofu, tarixçi, müasir sosiologiyanın banisi Maks Veber (Max Weber, 1864-1920) anadan olub.
   21 aprel 1910 - Görkəmli Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens, 30.11.1835 - 1911) vəfat edib. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. məşhur romanların müəllifidir.
   21 aprel 1922 - Tanınmış rus kinorejissoru Stanislav İosifoviç Rostoski (1922- 2001) anadan olub. Filmləri: “Qara qulaq ağ Bim”, “Burada üfüqlər sakitdir” və s.
   
   22 aprel dünyada Yer Günü (Earth Day) kimi qeyd olunur. Dünyada sülhün, Yer üzündə ekoloji sabitliyin qorunması devizi altında qeyd olunan gün ilk dəfə 1970-ci ildə ABŞ-da keçirilib. 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq gün kimi təsis olunub.
   
   22 aprel 1724 - Böyük filosof, klassik alman fəlsəfəsinin banisi İmmanuel Kantın (1724 - 12.2.1804) doğum günüdür.
   22 aprel 1766 - Məşhur fransız yazıçısı Anna Luiza Jermena de Stal (Anne-Louise Germaine de Stael-Holstein, 1766-1817) anadan olub.
   22 aprel 1899 - Dünya şöhrətli rus yazıçısı Vladimir Nabokov (1899 - 2.7.1977) anadan olub. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb. Əsərləri: “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.
   22 aprel 1907 - Rus-sovet fantast-yazıçısı İvan Antonoviç Yefremov (1907-1972) anadan olub. Əsərləri: “Andromedanın dumanlığı”, “Ülgücün tiyəsi” və s.
   22 aprel 1922 - Amerika caz musiqisinin görkəmli nümayəndəsi Çarlz Maqnus Charles Mingus) (1922-1979) anadan olub.
   22 aprel 1937 - Məşhur Amerika kinoaktyoru, rejissor Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə “Oskar”a layiq görülüb. Filmləri: “Çin məhəlləsi”, “Qu quşunun yuvası üzərindən uçuş”, “Canavar” və s.
   
   23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günü (World Book and Copyright Day) kimi qeyd edilir. 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında (25 oktyabr - 16 noyabr) təsis olunub. Bu tarix dünyanın iki görkəmli yazıçısı Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (1616-cı il aprelin 23-də vəfat ediblər) ehtiram olaraq təsis edilib.
   23 aprel 1616 - Dünya şöhrətli ingilis yazıçısı Vilyam Şekspir (William Shakespeare, 26.4. 1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.
   23 aprel 1616 - Görkəmli ispan yazıçısı, məşhur “Don Kixot” romanının müəllifi Migel de Servantes (Miguel de Cervantes Saavedra, 29.9.1547 - 1616) vəfat edib.
   23 aprel 1891 - Məşhur rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.
   23 aprel 1918 - Rus aktyoru, SSRİ Xalq artisti Georgi Mixayloviç Vitsin (1918-2001) anadan olub. L.Qaydayın məşhur komediyalarında (“Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları” və s.) rolları ilə şöhrət qazanıb.
   23 aprel 1918 - Məşhur fransız yazıçısı Moris Dryuon (Maurice Samuel Roger Charles Druon, 1918-2009) anadan olub. “Lənətlənmiş krallar” tarixi romanlar silsiləsinin müəllifidir.
   
   24 aprel 1815 - İngilis yazıçısı Entoni Trollop (Anthony Trollope, 1815-1882) anadan olub. “Barsetşir xronikaları” silsiləsindən romanların müəllifidir.
   24 aprel 1905 - Amerika yazıçısı və şairi Robert Penn Uorren (Robert Penn Warren, 1905-1989) anadan olub.
   24 aprel 1942 - Tanınmış Amerika müğənnisi və aktrisası, iki dəfə “Oskar” laureatı Barbra Streyzand (Barbra Joan Streisand) anadan olub. 
   
   Hazırladı: Vüqar Orxan