Azərbaycanın gözəl təbiəti, əsrarəngiz mənzərələri zaman-zaman fırça ustalarının ilham qaynağı olub. Vətənimizin təbii gözəlliklərini əsərlərində vəsf və tərənnüm edən görkəmli sənətkarlardan biri də Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911-1991) olub. 
   
   1927-ci ildə Rəssamlıq Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam olaraq işləməyə başlayıb. 1932-1935-ci illərdə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində xüsusi kurslarda ali təhsil alır, sənətin sirlərini daha mükəmməl öyrənir. Avropa mədəniyyəti və incəsənəti ilə yaxından tanışlığı yaradıcılığında iz qoysa da, əsərlərində milli motivlər daha qabarıq gözə çarpır.
   Hüseyn Əliyevin yaradıcılığı çoxşaxəlidir. Portret janrı yaradıcılığında mühüm yer tutur. Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Aleksandr Puşkinin və başqalarının portretlərində sənətkar insanların daxili aləmini üzün cizgilərində və gözlərində əks etdirməklə onların xarakterini üzə çıxarıb.
   Qrafika janrı ilə məşğul olan Hüseyn Əliyev həm də mənzərə ustası kimi məşhur idi. Onun Azərbaycan təbiətinə, eləcə də, Zəngəzur mövzusuna həsr etdiyi tablolar - “Zəngəzur dağları”, “Zəngəzur mənzərəsi”, “Meşədə qış”, “Payız”, “İlandağ” fitri istedadın məhsulu idi. İstedadlı rəssam 1973-ci ildə Göygöldə olarkən çəkdiyi tablolarda təbiətin gözəlliyini, rənglərin əlvanlığını çox ustalıqla verib. Onun rəng çalarları fərqli və gözəldir. O, öz əsərlərində dünyanı parlaq boyalarla görür, zamanın ritmini duyur və bütün bunları öz əsərlərində əks etdirir. Sənətkar Azərbaycanı, onun dilbər guşələrini çox sevirdi və istəyirdi ki, bu gözəllikləri hamı görsün, elə buna görə də, Azərbaycan təbiətini sevə-sevə əsərlərində təsvir edirdi. Buna görə də onun rəngarəng əsərləri heç vaxt unudulmur və həmişə sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır.

   Ruqiyyə Arifqızı,
   sənətşünas, Rəssamlar İttifaqının üzvü