Mayın 8-də azərbaycanlıların Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 19 ili tamam olur.
   
   Erməni qüvvələri Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər. Azərbaycanın bölgədə mühüm strateji mövqeni əldən verməsi sonrakı itkilərə zəmin yaratdı. Şuşa rayonunun 20 mindən çox əhalisi didərgin düşdü.
   Şuşa sadəcə coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir bölgə deyil. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. Onlardan bəzilərini yada salaq.
   Azərbaycan ədəbiyyatında satirik şeirin təməlini qoyanlardan biri olan Qasım bəy Zakir (1784-1857) Şuşada doğulmuşdu.
   Şuşanın yetişdirdiyi istedadlardan biri də Xurşidbanu Natəvan (1830-1897) idi. İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Natəvan həm şairə, həm də rəssam idi.
   XIX əsrin qabaqcıl şəxslərindən olan Mir Möhsün Nəvvab (1833-1918) Şuşada anadan olmuşdu. O, şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş, riyaziyyatçı idi.
   Şuşanın yetişdirdiyi məşhur sənətkarlardan biri də XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirovdur (1854-1926). Ədib milli dramaturgiyamızda tragediya janrının banisi, istedadlı publisist idi.
   Şuşa şəhərində mədəniyyətin, xüsusilə incəsənətin inkişafında Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) böyük xidmətləri olub. M.F.Axundovun, N.Vəzirovun ənənələrini davam etdirən Ə.Haqverdiyev mədəniyyət tariximizdə istedadlı dramaturq, nasir, rejissor və görkəmli alim kimi iz qoyub.
   Şuşada doğulan və ədəbiyyatımıza böyük töhfələr verən ədiblərdən biri də görkəmli yazıçı, tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminlidir (1887-1943).
   Tanınmış ədəbiyyatşünas Firudin bəy Əhmədağa oğlu Köçərli (1863-1920) Şuşada anadan olmuşdu. Uzun illər Azərbaycan ədəbiyyatının tarixi ilə məşğul olmuş, "Azərbaycan türklərinin ədəbiyyatı" adlı irihəcmli əsərini yazmışdır.
   XX əsrin əvvəllərində görkəmli jurnalist və yazıçı kimi məşhur olan Haşım bəy Vəzirov (1868-1916) Şuşada doğulmuşdu. 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərmişdir.
   Şuşanın tarixində Gövhər Ağa, Xurşidbanu Natəvan, Ağabəyim Ağa, Fatma xanım Kəminə və Leyla xanım kimi məşhur qadınlar olub. Onlarla bir sırada Həmidə xanımın da adı hörmətlə çəkilir. Həmidə xanım Cavanşir (1873-1955) İbrahim xanın nəslindən olub, Qarabağ tarixçisi Əhməd bəy Cavanşirin qızı, böyük ədib Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır. "Mirzə Cəlil haqqında xatirələrim" adlı qiymətli əsərin müəllifidir.
   Azərbaycanın maarif xadimlərindən biri Bədəl bəy Bəşir oğlu Bədəlbəyov (1875-1932) Şuşada anadan olub. Respublikanın xalq artistləri Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli onun oğlu, Fərhad Bədəlbəyli nəvəsidir.
   Şuşanın yetişdirdiyi şəxsiyyətlərdən biri Əhməd bəy Ağaoğlu (1869-1939) ömrünün 50 ilini publisistika və jurnalistika ilə məşğul olub.
   Şuşa XVIII əsrin II yarısından musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır.
   Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli (1885-1948) Şuşanın dünya şöhrətli yetirmələrindən birincisidir. Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı tarixdə istedadlı jurnalist, görkəmli dramaturq, pedaqoq, musiqişünas kimi də ad qoyub.
   Şuşada xanəndəlik sənəti ilə əlaqədar olaraq gözəl tar, kamança və qarmon çalanlar da yetişmişdi. Bu musiqiçilərdən böyük tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları ən məşhur sənətkarlardır.
   Şuşa Azərbaycanın bir çox görkəmli bəstəkarlarının vətənidir. Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov və bir çox başqaları gənclik illərini Şuşada - "Qız qayası"nda, "Üç mıx"da, "Cıdır düzü"ndə, "Çanaqqala"da keçirmişlər.
   Azərbaycan musiqi sənətinin tədqiqatçısı, görkəmli musiqişünas Firudin Şuşinski də Şuşada doğulmuşdu. Şuşanın verdiyi nadir istedadlardan biri də görkəmli incəsənət xadimi Mehdi Məmmədovdur (1918-1985). O, milli dramaturgiya, incəsənət nəzəriyyəsi və estetikaya aid bir sıra əsərlərin müəllifidir.
   Azərbaycan teatr sənətinin parlaq ulduzlarından olan Barat Həbib qızı Şəkinskaya 1914-cü ildə Şuşada anadan olub. Barat xanım İbrahim xanın nəslindəndir.
   Şuşa görkəmli memarların, xəttatların, nəqqaşların, istedadlı rəssamların Vətəni kimi də məşhurdur. Müasir şuşalı rəssamlardan Cəlal Qaryağdını, Əmir Hacıyevi, Nadir Əbdürrəhmanovu və Toğrul Nərimanbəyovu göstərmək olar. Azərbaycan milli xalça sənətinin inkişafında, dünyaya tanıdılmasında şuşalı sənətkar Lətif Kərimovun müstəsna xidmətləri olub...
   Burada xatırladığımız və adlarını çəkmədiyimiz görkəmli sənətkarların ruhları 19 ildir ki, Şuşasızdır, sərgərdandır...