Azərbaycan
   
   27 may 1906 - Xalq artisti, Əməkdar incəsənət xadimi, rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.
   27 may 1956 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi olan şair \"Muğan\", \"Aygün\" poemalarının (ümumilikdə 20-dən çox poema), \"Vaqif\", \"Fərhad və Şirin\" və s. mənzum dramların, dillər əzbəri olan şeirlərin müəllifidir.
   27 may 1992 - Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında\" qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş \"Azərbaycan marşı\" Dövlət himni kimi təsdiq edilib. Azərbaycanın himninin hazırlanması haqqında qərar hələ 1920-ci ilin yanvarında Xalq Cümhuriyyəti tərəfindən qəbul edilsə də, 1920-ci il 28 aprel işğalı onun icrasına imkan verməmişdi.
   27 may 2008 - Tanınmış televiziya mütəxəssisi, Əməkdar incəsənət xadimi Elşad Quliyev (1941-2008) vəfat edib. 1983-1990-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib.
   
   28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Əhməd bəy Ağayevin sədrliyi ilə (Milli Şuranın sədri M.Rəsulzadə Batumda Osmanlı ilə danışıqlarda idi) keçən iclasda iştirak edən 26 deputatın səsi ilə «İstiqlal Bəyannaməsi» qəbul edilib. Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib. Hökumətdə «Müsavat» 3, müsəlman sosialistlər 2, «Hümmət» və «İttihad» hərəyə 1 yer almışdı, 2 nəfər bitərəf nazir (o cümlədən F.Xoyski) vardı.
   28 may 1947 - Görkəmli bəstəkar, pianoçu, Xalq artisti, Bəstəkar İttifaqının sədri Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. \"Vətən haqqında nəğmələr\" oratoriyası, \"Ağ atlı haqqında əfsanə\" rok-operası, \"Üç akvarel\" vokal silsiləsi, \"Boş beşik\" baleti və s. əsərlərin, kinofilmlərə (“Əlaqə” və s.) musiqilərin müəllifidir.
   
   29 may 1929 - Xalq artisti, tanınmış kamança ustası Habil Mustafa oğlu Əliyev Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
   29 may 1946 - Aktyor, rəssam Elçin Məmmədov (1946- 18.2.2001) anadan olub. Görkəmli sənətkarlar Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açan E.Məmmədov “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında bir çox tamaşaların rəssamı olub.
   
   30 may 1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. “Molla Nəsrəddin\" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri «Hophopnamə» adı ilə nəşr olunub.
   30 may 1930 - Şair, publisist Fikrət Sadıq Şamaxı şəhərində doğulub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli filmlərin ssenarilərinin müəllifidir.
   30 may 1954 - Tanınmış aktrisa, Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən çalışdığı Milli Dram Teatrının səhnəsində bir çox yaddaqalan rollar oynayıb. «Ad günü» (Rəna), «Asif, Vasif, Aqasif» (Ana), «Nar ağacı haqqında xatirələr» (Mədinə), «Gümüş göl əfsanəsi» (Səidə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   
   30 may 1967 - Tanınmış aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910, Şamaxı - 1967) vəfat edib. “Arşın mal alan” (1945), “Fətəli xan”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, onlarla xarici filmin Azərbaycan dilinə dublyajında iştirak edib.
   
   Dünya
   
   27 may 1840 - Məşhur italyan bəstəkarı və skripkaçısı Nikkollo Paqanini (1782-1840) vəfat edib.
   27 may 1888 - Fransız bəstəkarı Lui Dürey (1888-1979) anadan olub.
   27 may 1922 - Məşhur Amerika kinoaktyoru Kristofer Li (Christopher Frank Carandini Lee) anadan olub. 260-dan çox filmdə (o cümlədən 70-dək qorxu filmi) rol almış aktyor kimi adı “Ginnesin rekordlar kitabı”na düşüb.
   27 may 1956 - İtaliya rejissoru Güzeppe Tornatore (Giuseppe Tornatore) anadan olub. Filmləri: “Yeni kinoteatr “Paradiso” (“Oskar” laureatı), “Malena” və s.
   
   28 may 1740 - Görkəmli rus heykəltəraşı Fedot İvanoviç Şubin (1740-1805) anadan olub.
   28 may 1779 - İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.
   28 may 1904 - Tanınmış gürcü bəstəkarı Şalva Mşvelidze (1904-1984) anadan olub.
   28 may 1877 - Rus şairi, rəssam, ədəbiyyatşünas Maksimilian Voloşin (Kiriyenko) (1877-1932) anadan olub.
   28 may 1908 - İngilis yazıçısı, Ceyms Bond haqqında romanların müəllifi Yan Lankaster Fleminq (Ian Lancaster Fleming; 1908-1964) anadan olub.
   28 may 1934 - Gürcü kinosunun ulduzu, aktrisa Liya Eliava (1934-1998) anadan olub.
   
   29 may 1489 - Türk memarlıq tarixinə məşhur tikililərin müəllifi kimi imza atmış memar Sinan (Sinanəddin Yusif-Əbdülmannan oğlu Sinan; 1489-1588) anadan olub.
   29 may 1830 - Fransız yazıçısı Luiza Mişel (Louise Michel, 1830-1905) anadan olub.
   29 may 1874 - Məşhur ingilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton: 1876-1936) anadan olub.
   29 may 1953 - Tanınmış rus aktyoru Aleksandr Abdulovun (1953-2008) doğum günüdür.
   
   30 may 1778 - Böyük fransız yazıçısı və mütəfəkkiri Volter (əsl adı Fransua-Mari Arue, 1694-1778) vəfat edib.
   30 may 1937 - Məşhur rus aktyoru, komediya filmləri («Qafqaz əsiri», «I əməliyyatı»nda Şurik rolu) ilə şöhrət qazanmış Aleksandr Demyanenko (1937-1999) anadan olub.
   30 may 1960 - Rus şairi, Nobel mükafatı (1958) laureatı (1890-1960) Boris Pasternak vəfat edib.
   
   Hazırladı: Vüqar Orxan