Ədəbiyyat tarixində elə görkəmli simalar olub ki, eyni zamanda həm görkəmli ədib, həm də tədqiqatçı-alim, ədəbiyyatşünas kimi yüksək sənətkarlıq və yaradıcılıq zirvəsinə çata biliblər. Belə maraqlı simalardan biri professor, Dövlət mükafatı laureatı Qasım Qasımzadədir.
  
   Qasım Xansuvar oğlu Qasımzadə Qubadlının Xocamsaxlı kəndində doğulub. Ata-babası əslən Zəngəzur mahalından (Qarakilsə kəndi) olublar, 1918-ci ildə Zəngəzurda erməni quldurlarının qırğınlar törətdiyi vaxt Qubadlıya köçüblər.
   1923-cü il iyunun 23-də dünyaya gələn Qasım Qasımzadə orta təhsildən sonra Şəki Pedaqoji Texnikumunu bitirir. Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləyir. Sonra Bakıya gələrək BDU-da ali təhsil alır, filologiya fakültəsini bitirir (1950).
   Ədəbi yaradıcılığa da bundan sonra başlayır. "Bizim kənd" adlı ilk kitabı 1951-ci ildə işıq üzü görür. Şairliklə bərabər elmə də maraq göstərir. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında oxuyur. Gənc alim bu müddətdə təqiblərə də məruz qalır. Babası Şahsuvar bəyin vaxtilə Xalq Cümhuriyyətində məmur işləməsini əsas götürərək onu aspiranturadan çıxarmaq istəyirlər. Eyni əsasla xalq deputatı olan anası Arəstə xanım da mandatdan məhrum edilir. Lakin o dövrdə Ali Sovetin sədri olan Nəzər Heydərov onu müdafiə edir, gənc alimə qarşı qaldırılan məsələyə xitam verilir.
   O, “Ədəbiyyat və incəsənət“ qəzetində işə düzəlir, dövri mətbuatda şeirləri, ədəbi-tənqidi məqalələrlə çıxışlar edir. 1957-1963-ci illərdə “Ədəbiyyat və incəsənət“ qəzetinin redaktoru olur. Sonra Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutuna qayıdır. Baş elmi işçi, sovet ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində çalışır. Görkəmli alim kimi Dövlət mükafatına (1984) layiq görülür. Ömrünün sonuna kimi Elmlər Akademiyasında çalışır, onlarla elmlər namizədinin, elmlər doktorunun yetişməsində əmək sərf edir.
   Qasım Qasımzadənin elçi və ədəbi yaradıcılığı həmişə bir-birini tamamlayıb. Onun poeziyasından torpağa məhəbbət, bahar təravəti duyulub. Şəxsiyyəti ilə sözü arasında bir ahəngdarlıq görünüb. Şairin qələm dostları, xüsusilə də mərhum tənqidçi Yaşar Qarayev bu mənada deyib: "Qasım Qasımzadə şeirlərini ürək qanı ilə bənövşə yarpağına yazırdı. Onun şeirlərini Azərbaycan haqqında yazılmış ən yaxşı şeirlər sırasına daxil etməyə haqq verən də budur".
   O, həyatın çətin sınaqlarından keçib. Bir insan kimi təmiz adını və şəxsiyyətini həmişə qoruyub saxlayıb. Təbiətindəki bu bənzərsiz qürur onun yaradıcılığında da diqqəti cəlb edir.
   Səndən ayrılanda, dağlar, cavandım,
   İndi görüşünə qoca gəlmişəm.
   Qayğılar üstümə düşdü - talandım,
   Üzümə üz tutub borca gəlmişəm.
  
   Həssas və kövrək təbiətli Qasım Qasımzadənin poetik düşüncələrində qəlbinin dərinliyindən gələn bir kədər-hüzn duyulur.
   Hələ sağlığında kitabları respublikanın hüdudlarından kənarda, Moskvada nəşr edilir, əsərləri bir çox xalqların dillərinə tərcümə edilir, Polşada, Bolqarıstanda, Türkiyədə, İraqda, İranda çap olunur.
   Yaradıcılığında fərdilik, özünəməxsusluq qabarıq görsənir. Sanırsan ki, gözəlliyə bağlılıq, vurğunluq dağ çayı kimi çağlayır. Onun sözlərinə yazılmış musiqilər bu gün də dillər əzbəridir. Hələ də sevə-sevə dinlədiyimiz "Olmaz, olmaz" mahnısı-əsəri xalq mahnısı kimi təqdim edilir.
   Şair qəlbli alim, ədəbiyyat vurğunu Qasım Qasımzadə 1993-cü il iyulun 28-də vəfat edir.
  
   Savalan Fərəcov