Xəbər verdiyimiz kimi, iyul ayında Şamaxı rayonunun Gülüstan qalasında Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası qazıntı işlərinə başlayıb. Qazıntı zamanı qala divarları olduğu güman edilən tikili hissələri, saraya məxsus mətbəx, çoxlu sayda təndirlər, ocaq yerləri, qazanlar, silah nümunələri (nizə və ox ucları), sikkələr, müxtəlif ölçülü saxsı və şüşə məmulatları, iri təsərrüfat küpləri, nəfis hazırlanmış şirəli qablar, daş kirkirə, əl dəyirmanı və s. aşkara çıxarılıb. Tədqiqat zamanı mətbəxdə, təndirin yanında bir neçə skelet də tapılıb. Onlardan biri İslam qaydalarına əsasən üzü qibləyə dəfn edilmiş insana məxsusdur, digər skeletdə İslamdan əvvəlki dəfn ayini nəzərə çarpır. Bu fakt Gülüstan qalasında yaşayışın, indiyədək güman olunduğu kimi, VIII əsrə deyil, daha qədim dövrə gedib çıxdığını sübut edir. Gülüstan qalası Azərbaycan tarixində ən dramatik səhnələrə şahid olmuş əzəmətli bir tarixi abidədir. Bu qala öz tarixi boyu Azərbaycanın ən çətin zamanlarında qanlı çaxnaşmaların tarixi şahidi olub. Qala XVII əsrdə Səfəvilər tərəfindən dağıdılıb.
   Ərazidə vaxtilə Şirvanşahlar dövlətinin əsas müdafiə qalası olan və Gülüstan qalası ilə birbaşa əlaqədə olan Buğurt qalasında tədqiqat işlərinin aparılması da nəzərdə tutulur. Şamaxı-Ağsu Ekspedisiyasının rəisi, tarix elmləri namizədi Akif Quliyevin verdiyi məlumata görə, tədqiqatların paralel olaraq aparılması Azərbaycan tarixində qaranlıq səhifələrin aydınlaşdırılması üçün mühüm faktlar verə bilər. Yaxın günlərdə Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının internet saytı ictimaiyyətə təqdim ediləcək.