Azərbaycan
   
   2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda yaşayan  fotoqraf və kinooperator Aleksandr Mişonun çəkdiyi bir neçə kinosüjet nümayiş etdirilib: “Bibiheybətdə neft fontanı yanğını”; “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paroxodunda yolasalma mərasimi”; “Qafqaz rəqsi”; “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat). Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust Azərbaycan kinosu günü elan olunub.
   2 avqust 1955 - Məşhur aktyor, Xalq artisti Fəxrəddin Manafov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində anadan olub. 1978-ci ildən C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, eləcə də bir sıra xarici ölkələrdə filmlərə çəkilib. Filmləri: “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi” və s.
   2 avqust 1969 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907 - 1969) vəfat edib. Uzun illər Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
   2 avqust 2009 - Tanınmış aktyor Elxan Ağahüseyn oğlu Ağahüseynov (8.12.1942 -2009) vəfat edib. Uzun illər Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Axırıncı aşırım», «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» filmlərinə çəkilib.   

   4 avqust 1909 - Şair Oruc Hüseyn oğlu Qoşqarlı (1909-1989) anadan olub.
   4 avqust 1915 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (1915 - 25.1.1984) Gəncədə doğulub. Bir sıra filmlərdə (“Bəxtiyar”da Rəcəbov, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm, “Əhməd haradadır”da Şirin kişi, “Tütək səsi”ndə İsfəndiyar kişi və s.) yaddaqalan obrazlar yaradıb.
   4 avqust 1943 - Xalq artisti, tanınmış aktyor Ramiz Ağarza oğlu Məlik anadan olub. “O qızı tapın”, “ Qanun naminə”, “Qatır Məmməd” və s. filmlərdə çəkilib, onlarla filmin səsləndirilməsində iştirak edib.
   
   Dünya
   
   2 avqust 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki məşhur «Azadlıq» heykəlinin müəllifidir.
   2 avqust 1871 - Amerika rəssamı, «realistlər məktəbi»nin banilərindən biri Con Sloan (John French Sloan, 1871-1951) anadan olub.
   2 avqust 1892 - Amerikanın «Warner Brothers» kinokorporasiyasının qurucularından olan Cek Leonard Uorner (Jack Leonard Warner; 1892-1978) anadan olub.
   2 avqust 1905 - Məşhur Amerika kinoaktrisası Mirna Loy (Myrna Loy, 1905-1993) anadan olub.
   2 avqust 1932 - İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.
   2 avqust 1939 - Amerika kinorejissoru, prodüser və ssenarist Ues Kreyven (Wesley Earl Craven) anadan olub. Məşhur “qorxu filmləri”nin müəllifidir: “Soldan sonuncu ev”, “Təpələrin də gözü var” və s.
   
   3 avqust 1832 - Xorvatiya bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.
   3 avqust 1904 - Amerika fantast-yazıçısı Klifford Saymak (Clifford Donald Simak, 1904-1988) anadan olub.
   3 avqust 1910 - Polyak əsilli Rusiya aktyoru Vaslav Dvorjeski (1910-1993) anadan olub.
   3 avqust 1920 - İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Fillis Doroti Ceyms (Phyllis Dorothy James) anadan olub.
   3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şin (Martin Sheen) anadan olub. Filmləri: “Apokalipsis bu gün”, “Uoll-strirt”, “Qandi”, “Amerika prezidenti” və s.
   3 avqust 1994 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. F.Dostoyevskinin “İdiot” əsəri əsasında hazırlanan eyniadlı tamaşada knyaz Mışkin rolu ilə dünya şöhrəti qazanıb. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.
   3 avqust 2008 - Dünya şöhrətli rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (11.12.1918 - 2008) vəfat edib. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasya edilib, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. \"Xərçəng gövdəsi\", \"Birinci dairədə\", \"QULAQ arxipelaqı\", \"Qırmızı təkər\" və s. romanların müəllifidir.
   
   4 avqust 1859 - Görkəmli Norveç yazıçısı Knut Hamsun (əsl soyadı Pedersen; 1859-1952) anadan olub. “Aclıq” adlı psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb. Modernizmin ən məşhur nümayəndələrindən biri olan yazıçı həm də Hitlerin pərəstişkarı kimi tanınıb. II Dünya müharibəsindən sonra mühakimə olunub və yalnız ahıl yaşına görə həbs cəzasından qurtulub.
   4 avqust 1875 - Danimarka yazıçısı Hans Xristian Andersen (Hans Christian Andersen; 2.4.1805 - 1875) vəfat edib. “İmprovizator” , “Yalnız skripka ifa edən” romanlarının, “Mulat” pyesinin müəllifidir. Lakin onu daha çox uşaqlar üçün yazdığı nağıl kitabları məşhurlaşdırıb: “Uşaq nağılları”, “Yeni nağıllar”, “Rəvayətlər” və s. 1953-cü ildən etibarən uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə məşhur nağılçının doğum günü (2 aprel) “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd olunur.
   
   4 avqust 1901 - Dünya şöhrətli Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel \"Satchmo\" Armstrong; 1901-1971) anadan olub.
   4 avqust 1905 - Rus bəstəkarı, SSRİ Xalq artisti Boris Aleksandrov (1905-1994) anadan olub. Keçmiş Sovet İttifaqının (indi Rusiyanın) Dövlət himninin musiqisinin müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan