Azərbaycan
   
   10 avqust 1913 - Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 - 6.10.1992) anadan olub. Opera tamaşalarının («Leyli və Məcnun», «Koroğlu»), bir sıra filmlərin (“Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Əhməd haradadır?”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub.
   10 avqust 1936 - Tanınmış yazıçı, şair, filosof Əlisa Nicat (Əlisa Qulam oğlu Hüseynov) Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. “Qızılbaşlar”, “Gəncəli müdrik” romanlarının, “Zərdüşt”, “Sasanilərin sonu”, “Rza xan” və s. tarixi əsərlərin, “Nağıllara dönən tarix”, “Ruhların söhbəti”, “Dünya tarixçiləri”, “Yüz böyük azərbaycanlı”, “Tarixin qürubu” və s. kitabların müəllifidir. Azərbaycan ədəbiyyatında pritça janrının ustadıdır.
   10 avqust 1939 - Şair Zəki İslam (Yusifov) Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan olub. Aşıq şeirlərinin, dini şeir və poemaların müəllifidir.
   10 avqust 1946 - Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 - 15.12.1995) anadan olub.
   
   11 avqust 1973 - Şair, dramaturq Zeynal Rza oğlu Xəlil (23.3.1914, Gəncə - 1973) vəfat edib. “İstək”, “Düşüncələr”, “İki dünya”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz və insan” və s. şeirlər kitablarının, “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Qatır Məmməd”, “Gənc ustalar”, “Ata yolu” pyeslərinin müəllifidir. “Qatır Məmməd”in motivləri əsasında eyniadlı film çəkilib. Rus dilindən tərcümələr edib.
   
   Dünya
   
   9 avqust 1899 - Avstraliya əsilli ingilis yazıçısı Pamela Trevers (Pamela Lyndon Travers - əsl adı Helen Lyndon Goff; 1899-1996) anadan olub. «Meri Poppinsin macəraları» seriyasından əsərlərin müəllifi kimi tanınıb.
   9 avqust 1918 - Amerika kinorejissoru Robert Oldriç (Robert Aldrich, 1918-1983) anadan olub. Filmləri: “Sodom və Qomorra”, “San-Fransiskolu oğlan” və s.
   9 avqust 1947 - Amerikalı fantast-yazıçı Gon Varli (John Varley) anadan olub.
   9 avqust 1957 - Amerika aktrisası Melani Qriffit (Melanie Griffith) anadan olub. Filmləri: “İşgüzar qız”, “İki həddən artıq çoxdur” və s.
   9 avqust 1962 - Görkəmli alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse; 2.7.1877 - 1962) vəfat edib. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
   9 avqust 1963 - Məşhur Amerika müğənnisi Uitni Hyuston (Whitney Elizabeth Houston) anadan olub. 1992-ci çəkildiyi “Cangüdən” filmi (Kevin Kostnerlə birgə) ilə böyük şöhrət qazanıb. 6 dəfə “Qremmi”, 2 dəfə “Emmi” mükafatı qazanıb.
   9 avqust 1975 - Görkəmli rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Şostakoviç (25.9.1906 - 1975) vəfat edib. “Mtsen qəzasının ledi Makbeti” operasının, “Qızıl əsr”, “İşıqlı bulaq” və s. baletlərin, dünya musiqi xəzinəsinə daxil olan 15 simfoniyanın müəllifidir. Bir sıra məşhur filmlərə (“Ovod”, “Hamlet” və s. ) musiqi yazıb.
   
   10 avqust 1845 - Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay (əsl adı İbrahim Kunanbayev; 1845-1904) anadan olub. “Qara söz” adlı 45 pritça və fəlsəfi traktatdan ibarət mənsur poeması ədibin ən böyük əsəridir.
   10 avqust 1865 - Rus bəstəkarı Aleksandr Qlazunov (1865-1936) anadan olub. Əsərləri: “Raymonda”, “İlin fəsilləri” baletləri və s.
   10 avqust 1895 - Məşhur rus şairi və yazıçısı Mixail Zoşenko (1895-1958) anadan olub. Əsərləri: “Qaytarılmış gənclik”, “Taras Şevçenko” povestləri və s.
   10 avqust 1902 - Kanada aktrisası Norma Şirer (Edith Norma Shearer, 1902-1983) anadan olub. “Oskar” mükafatı (“Boşanma” filmi, 1930) laureatıdır.
   10 avqust 1912 - Məşhur Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado, 1912-2001) anadan olub. Romanları: “Möcüzələr köşkü”, “Müqəddəsin yox olması”, “Qumsallıq kapitanları” və s.
   10 avqust 1929 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Strijenov anadan olub. Çəkildiyi filmlər: “Ovod”, “Pyotrun gəncliyi”, “Qırx birinci” və s.
   10 avqust 1960 - Məşhur ispan kinoaktyoru, Hollivud ulduzu Antonio Banderas (Jose Antonio Dominguez Bandera) anadan olub. Filmləri: “Mambo kralları”, “Muzdlu qatillər”, “Evita”, “Zorronun maskası”, “Tale qadını” və s.
   10 avqust 1960 - Gürcü aktyoru Mamuka Kikaleyşvili (1960-2000) anadan olub. Azərbaycan tamaşaçılarına «Yaramaz» filmindən (Hətəm) yaxşı tanışdır. Rusiyada “Pasport”, “Deribasov küçəsində hava yaxşıdır” və s. çəkilib.
   
   11 avqust 1748 - Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster, 1748-1812) anadan olub.
   11 avqust 1921 - Qara dərili Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921-1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı dünyanın 40-dək dilinə tərcümə olunaraq yazıçıya şöhrət qazandırıb.
   11 avqust 1944 - Şotland kinoaktyoru İen Makdayarmid (Ian McDiarmid) anadan olub. “Ulduz müharibələri” kinoserialı ilə (İmperator Palpatin rolu) ilə məşhurlaşıb.
   11 avqust 1947 - Amerika kinorejissoru və ssenaristi Stüart Qordon (Stuart Gordon) anadan olub. Filmləri: “Robot Coks”, “Kosmosa yükdaşıyanlar” və s.
   
   Hazırladı: Vüqar Orxan