“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” ölkə prezidentinin sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyi Parisdə bayram tədbirləri keçirir.
   Heydər Əliyev Fondundan bildiriblər ki, aprelin 19-da UNESCO-nun iqamətgahında Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələrini əks etdirən sərgi avropalılara təqdim olunub. Burada XIV əsrdən başlayaraq Avropada tanınmağa başlayan və sənətsevərlərin diqqətini cəlb edən Azərbaycan xalçalarının günümüzə gəlib çatan nümunələri, o cümlədən Qarabağ xalçaçılıq məktəbinin nadir inciləri sərgilənir.
   Həmin gün UNESCO-nun iqamətgahında Azərbaycanın gənc istedadlarının estrada konserti də təqdim olunub. Konsert proqramında adları avropalı musiqisevərlərə yaxşı tanış olan pianoçu İsfar Sarabski, müğənnilər Aysel Teymurzadə, Səfurə Əlizadə və başqaları çıxış edib.
   Zəngin mədəniyyətimizin fəal təbliğinə çevriləcək bu günlərdə Parisin “d`Evreux” hotelində müasir Azərbaycan incəsənətinin tanınmış simalarının əsərləri nümayiş olunacaq. “Bakının müasir incəsənət muzeyinin rəssamları” adlı sərgidə dünya şöhrətli Tahir Salahov, tanınmış rəssamlardan Rasim Babayev, Altay Sadıxzadə, Müseyib Əmirov, Elyar Əlimirzəyev, Niyaz Nəcəfov, heykəltəraşlardan Fuad Salayev və Fazil Nəcəfovun müasir avanqard üslubda işlənmiş əsərləri nümayiş etdiriləcək.