Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi gələn il UNESCO çərçivəsində qeyd ediləcək. 
   
   Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib. Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsin təbliği və təşviqi sahəsindəki gördüyü işlərin nəticəsi olaraq peşəkar milli musiqimizin banisi Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illik yubileyi 2012-2013-cü illərdə UNESCO çərçivəsində qeyd ediləcək yubiley tədbirlərin siyahısına daxil edilib.
   Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümumbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar UNESCO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
   Qeyd edək ki, UNESCO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməkdədir.
   Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyasını 1912-ci ildə yazıb. Həmin il oktyabrın 25-də Bakıda «Arşın mal alan»ın ilk tamaşası olub.