MƏTANƏT ƏSƏDOVA!.. Düz 15 ildir ki, məlahətli səsə malik bu müğənni xanım öz canlı ifaları və qeyri-adi səhnə hərəkətləri ilə dinləyicilərini sehrləyib. Çox vaxt xalq arasında onu belə nişan verirlər: «Alim Qasımovun tələbəsi Mətanət! Oxuyanda da onun kimi oxuyasan: mərdi-mərdanə meydanda, canlı!.. Yoxsa bəziləri kimi?!» Bəli, bu gün sənət aləmində fonoqramın meydan suladığı heç kəsə sirr deyil. Bəziləri bunu müasirlik, «yaxşı dəb» kimi başa düşdüyündən müğənnini qətiyyən qınamır. Neyləsin, indi üzdəniraq müğənnilərin 90 faizi səsinin yox, elektron texnikanın hesabına səhnəyə çıxıb cövlan edir. Mətanət xanım isə bu növ «yaradıcılıqdan» çox uzaqdır. Çünki o, sənətə sənəti olduğu üçün gəlib. Dünyanın bir çox ölkələrinin möhtəşəm salonlarında milyonların heyranlıqla dinlədiyi Alim Qasımovun tələbəsidir, onun yolunun sadiq davamçısıdır. Müğənni ilə söhbətə körpünü də elə sənətdən saldıq. - Mətanət xanım, bu gün müğənnilər daha çox fonoqramla oxumağa üstünlük verirlər. Bu, ya onların tənbəlliyindən irəli gəlir, ya da öz canlı ifalarına arxayın deyillər. Fonoqramla oxumağa necə baxırsınız? - Əvvəlcə deyim ki, səsim olmasaydı sənətə gəlməzdim. Mən canlı ifama arxayınam. Elə əsl sənət, müğənninin özünü birbaşa sənətkar kimi təsdiqləməsinin yolu da məhz onun canlı ifasıdır. Bu səbəbdən fonoqramla oxumağa yaxşı baxmıram. Əgər müğənni muğam və ya xalq musiqisi ifa edirsə, onu canlı oxumalıdır. Amma elə vaxt olur ki, müğənni çıxılmaz vəziyyətdə qalır. Yəni hansısa tədbirdə və ya məclisdə musiqiçilər onu lazımi şəkildə müşayiət edə bilmirlər. Çətin bir vəziyyət yaranır. Bu zaman disk qoyub, üstündə minusla canlı oxumaq olar. Amma mahnını başdan-ayağa fonoqramla oxumağın tərəfdarı deyiləm. - Alim Qasımov dünya səviyyəsində qəbul edilən sənətçidir. Ən tanınmış səhnələr belə onun qarşısında baş əyir. Belə bir sənətçinin tələbəsi olmaq çətin deyil ki? - Bu, çox təsadüfən baş verdi. Günlərin birində bir məclisdə rastlaşdıq. Həmin məclisdə çıxış edərkən məni bəyəndi və öz tələbəsi kimi qəbul etdi. Qulaqlarıma inanmadım. Təsəvvür edirsiniz, həmin gün sevincimin həddi-hüdudu yox idi. Fəxr edirəm ki, belə bir insanın tələbəsiyəm. Belə bir sənətkarın etimadını layiqincə doğrultmağa və onun sənətçi kimi məndə görmək istədiyi bütün keyfiyyətləri gerçəkləşdirməyə çalışıram. - Hər halda, asan deyil belə ifaçının tələbəsi olmaq. Bu məsuliyyəti daşımaq isə ondan da çətindir. Maraqlıdır, Alim Qasımov necə, sizin ifanızdan razıdırmı? - Müəllimim hələ də məndən tam razı deyil. Deməli, mən də öz üzərimdə hələ çox çalışmalıyam. Çalışmaq üçünsə şəraitim olmalıdır. Buna isə imkanım yoxdur. Desəm, bəlkə də inanmazsınız, 15 ildə bir dəfə də olsun məşq etməmişəm. Məşqsiz efirə çıxmışam, konsertlərdə çıxış etmişəm, məclislər yola vermişəm. Vaxtilə Alim Qasımova da kimsə dayaq durmasaydı, onun sənəti də batardı. Bəlkə də bu, məndə bir ilahi vergidir ki, məşqsiz də ifalarım yaxşı alınır. - El şənliklərindən danışdınız, deməli, toylara gedirsiniz.. - Mən toylara getməyə məcburam. Hər bir şeyi öz zəhmətim hesabına qazanmışam. Əgər mənim maddi durumum yaxşı olsa, toylara çox gedib, səsimi yormaram. Axı mən sənətə pul xatirinə gəlməmişəm. Sənətə sənətim olduğu üçün gəlmişəm. Bu gün bəzilərini çıxmaq şərtilə efirə çıxmaq üçün məndən pul tələb edirlər. Sənətçidən pul alıb, onu efirə buraxmazlar. Klip çəkdirib, efirə verə bilmirəm. Mən təkcə özüm üçün Mətanət deyiləm, mən ailəm, qohumlarım, yaxınlarım üçün də Mətanətəm. Bunları deməkdə kimlərdənsə kömək ummuram. Sadəcə, efirdə oxumaq üçün məndən nəsə ummasınlar, sənət istəsinlər, əsl sənət. - Klipdən danışdınız. Klipi çəkdirmək də çox baha başa gəlir. Səhnədə olduğunuz 15 il müddətində klip çəkdirmisiniz? - Birinci klipimi efirə verməyə imkanım olmadı. Bu yaxınlarda isə ikincisini çəkdirmişəm. Klipin rejissoru Samir Qulamov həm də mənim tərəf-müqabilimdir. Klipin yarısı Bakıda, yarısı İsmayıllıda çəkilib və 5-6 günə efir üzü görəcək. Musiqisi Tunar Rəhmanoğlunun, sözləri Tağı Sadiqin olan «Gülüm, səni itirməkdən qorxuram» klipində ritmik musiqiyə üstünlük verilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Şəhər Turizm və Mədəniyyət İdarəsinin birgə layihəsi olan «Bakı gecələri» estrada mahnı müsabiqəsində iştirak etdim və ifam bəyənildi, finala çıxdım. Dekabrın 26-da Heydər Əliyev Sarayında gerçəkləşəcək təntənəli konsertdə iştirak edəcəm. - Musiqi təhsiliniz var? - Yoxdur. Gələn il konservatoriyaya, ya da İncəsənət Universitetinə daxil olmaq fikrindəyəm. Müğənni həmişə öyrənməli, öz sənət dostlarının yaradıcılığına da qiymət verməlidir. Uşaqlıqda Zeynəb Xanlarovadan ötrü dəli-divanə idim. Bir dəfə rəhmətlik Şövkət xanım da daxil olmaqla bir qrup sənətçi gənc istedadlar sorağıyla rayonumuza gəlmişdi. Atamla qardaşlarım səsimin olduğunu bilsələr də oxumağımı istəmirdilər. Direktorumuz İbad müəllimin təkidi ilə məni dinlədilər. «Kürd Şahnaz»ı və «Mirzə Hüseyin segahı»nı oxudum. Şövkət bağrına basdı məni, soruşdu ki, bunları haradan öyrənibsən belə? Dedim: «Televizordan eşidib öyrənmişəm». Təkid etdilər ki, bu qız mütləq Bakıya getməli, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxumalıdır. Amma məni buraxan kimiydi?! Orta məktəbi bitirəndən sonra incəsənətə yolum bağlandı. Tibb İnstitutuna daxil oldum, İstəmədiyim halda həkimliyi oxuyub qurtardım. Vay elə oxumağa! Pediatriya, dəri-zöhrəvi dərslərində mahnı oxuyub qiymət alırdım. Biz sənətçilərin problemi çoxdu. Necə deyərlər, içimiz özümüzü yandırır, çölümüz özgəni. Geyinib-keçinirsən- bir söz, kiminləsə duet oxuyursan- bir söz, ekrana çıxırsan- yenə də söz-söhbət obyekti olursan! Demirəm ki, hamı müqəddəsdir, amma qurunun oduna yaş da yanmamalıdır. Şəxsən mənim üçün istedad əsas şərtdir. Yaxşı səs Allah-təala vergisi kimi bir şeydir. Gözəl müğənninin, xanəndənin qarşısında hamı baş əyir. Ona görə də heç bir kimsə onu incitməyə cürət etməməlidir. Arzuma çatsam da, bəzən buna peşman oluram. Çünki indiki sənət dünyasında mövcud olan ab-havanın adamı deyiləm. Dünən oxuyub, bu gün solo-konsert verirlər. İstəsəm, mən də günü bu gün solo-konsert verərəm. Amma buna tamamilə hazır olmaq lazımdır. - «Sponsor» anlayışını necə qəbul edirsiniz. Bu günə qədər sponsor təklifi almısınız? - Bəlkə də min dəfə mənə belə təkliflər gəlib. Amma səhəri gün «təmənna» umublar. İstərdim ki, imkanlı insanlar əsl sənəti olanlara təmənnasız yardım etsinlər. Mehparə P.S. Bu gün Mətanət Əsədova dayanmadan öz üzərində çalışır və müəllimindən sənətin sirlərini öyrənir. Ən böyük arzusu isə öz müəllimi ilə birgə səhnəni paylaşmaqdır və bunu səbirsizliklə gözləyir. Bu yolda istedadlı müğənnimizə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.