Tofiq Məmmədov: "Sovet generalları gəlib studiyada materialları axtardılar, amma Xamis Muradov bütün materialları gizlətmişdi".

1990-cı il 20 Yanvar hadisələrini kinolentə köçürməklə tarixin vizual yaddaşına həkk edən "Salnamə" studiyası sözün həqiqi mənasında qəhrəmanlıq göstərmişdi. Bununla bağlı "Salnamə" studiyasının hazırkı direktoru, rejissor Tofiq Məmmədovla görüşüb söhbət etdik. Tofiq Məmmədov həmin vaxt Azərbaycanda baş verən hadisələri necə lentə köçürdükləri barədə danışdı.

- Tofiq müəllim,  20 Yanvar faciəsinə qədər Azərbaycanda baş verən hadisələri çəkərkən gördüklərinizi qısa şəkildə səciyyələndirə bilərsiniz?

Mən o vaxt yumruq kimi birləşmiş bir millət gördüm. O dövrdə dünya kütləvi informasiya vasitələrində azərbaycanlılar öz varlığını sübut edən xalq kimi qiymətləndirilmişdi. Həmin ərəfədə biz bir "Səlnamə"çi olaraq xalqın etiraz dalğasını lentə alırdıq. Həmin insanların arasında olurduq. Əhalidə, istər böyük, istər uşaq, hərəsində bir mətinlik var idi.

-Bölgələrdə baş verən hadisələri də sizin studiyanız lentə alıb?

- 20 Yanvara qədər respublikamızın sərhəd bölgələrində, o cümlədən ermənilər yaşayan yerlərdə gərginlik vardı. Gəncə ətrafı kəndlərdə - Kamo, Todan, Çaykənddə ermənilər yaşayırdı. Sovet vertolyotları həmin vaxt bu kəndlərə silah daşıyırdı. O vertolyotlardan biri də dərəyə düşmüşdü. Əhali toplaşıb bu addıma qarşı müqavimət göstərirdi. Birinci sovet gülləsi də 1989-cu ilin sonunda Çaykənddə açıldı. Ardınca Naxçıvanda Kərki alındı və orda da qan töküldü. 20 Yanvar ərəfəsində ermənilər çox qan tökmüşdü. Biz "Salnamə"çilər bunları görürdük. Ona görə də, 1989-cu ilin dekabrın sonunda kinostudiyanın direktoru Ramiz Fətəliyevin yanında məsləhətləşdikdən sonra "Salnamə" studiyasında qərargah yaratdıq. Qərargahın rəhbəri "Salnamən"in o vaxtkı direktoru Xamis Muradov oldu. Qərargaha operatorlar və rejissorlar yığıldı. Həmin vaxt mən də "Salnamə"də rejissor işləyirdim. Qərargahın işçiləri rayonlara ezam olunmağa başladı. Bu yolla rayonlarda 20 Yanvar hadisələri ərəfəsində baş verənləri "Salnamə" studiyası lentə aldı.

- Qayıdaq Bakıya. Bakıda qərargahınızın işi hansı səviyyədə qurulmuşdu?

- Sovet ordusu Bakıya hər tərəfdən - Biləcəri, aeroport, Şıxov və dənizdən daxil olmuşdu. Şəhərə girməkdə məqsəd Bakıda fövqəladə vəziyyət elan etmək idi. Xalq də belə bir məqamda fövqəladə vəziyyətin qəti əleyhinə idi. Bütün çəkilişləri biz öz təşəbbüsümüzlə etmişik. Heç bir dövlət təşkilatı tərəfindən göstəriş verilməmişdi. Özü də bütün hadisələri kinolentə çəkirdik. Sadəcə olaraq o vaxt çoxluca kinolent əldə etmişdik. Həmin dövrdə "Salnamə" studiyasında qaynar bir həyat var idi. Studiyada növbətçi sistemi işləyirdi. Bizim operatorlar gecə Tiflis prospektində olanları lentə aldılar. Düzdü, gecə çəkilişləri çox çətin idi. Ancaq bəzi çəkdiklərimizdə güllələr yağan kadrlar aydın seçilir. Səhərə qədər bizim operatorlar indiki Prezident Aparatının qabağında, "Sahil" bağında və şəhərin digər nöqtələrində öz işlərini görürdülər. Yəni 20 Yanvar hadisələrini "Salnamə" studiyasında yaranan qərargah əvvəlcədən çəkməyə hazır idi. Çəkilən kadrların əksəriyyəti sonradan Xamis Muradovla birgə çəkdiyimiz "Azadlığa gedən yollar" sənədli filmində istifadə olundu. Həmin filmdə Gəncə ətrafı kəndlərdə tökülən qanlar və Naxçıvandakı hadisələr də öz əksini tapıb.

-O vaxt əyalətdə planlı şəkildə baş verənlər sizləri və digərlərini Bakıdakı hadisələrdən yayındıra bildi, yoxsa bunu hardasa bacarmadılar?

- Əlbəttə, əyalətdə baş verən bütün bu hadisələr xalqın diqqətini Bakıdan yayındırmaq məqsədi güdürdü. İkinci tərəfdən başqa bir plan həyata keçirtdilər. Bakıda bəzi qrupların əli ilə ermənilərə qarşı qırğın törətdilər. Bu təxribatlar təşkil olunmuş qruplara pul verməklə həyata keçirilirdi. Amma buna baxmayaraq, camaat erməniləri həmin adamlardan qoruyurdu. Bakıya girmək üçün bu, bir bəhanə idi. Hadisələrdən sonra Qorbaçov da öz çıxışlarının birində etiraf etdi: "Bakıya qoşunu ona görə yeritdim ki, orada erməniləri qırırdılar". İndi Qəzzada baş verən hadisələrə dünya necə biganə yanaşırsa, 1990-cı ildə 20 Yanvar hadisələrinə də münasibət eyni idi.

- Tofiq müəllim, konkret kadrlara gələk, nələri çəkə bildiniz? Kinolentlərdə hadisələri yetərincə əhatə etmək mümkün oldumu?

-Biz sovet qoşunlarının gecə şəhərə girməsindən tutmuş ta sonradan törətdikləri bütün hadisələrə qədər, güllələrin yağması, atışmalar, şəhərdə törədilmiş qırğınlar, şəhid olmuş və tankların əzdiyi insanları lentin yaddaşına köçürə bilmişik.

- Maraqlıdır, belə bir rejimdə sizin çəkilişlərə mane olmurdular?

- O dövrdə bu hadisələri yalnız biz çəkirdik. Onlar bunu gözəl bilirdilər. Sovet generalları gəlib studiyada həmin materialları axtardılar. Amma studiyanın rəhbəri Xamis Muradov bütün materialları gizlətmişdi. Çünki bizim DTK-dan studiyaya xəbər etmişdilər. O vaxt bizə DTK və polislər çox kömək etdilər. Sumqayıt yolunda tank maşının üstündən keçmişdi. Biz orada durub gözləmirdik ki, tank gəlib maşının üstündən keçən kimi hadisəni çəkək. Keçəndən iki dəqiqə sonra bizə xəbər edirdilər. Çünki bilirdilər ki, biz bu hadisələri çəkirik. 15 dəqiqədən sonra operator Rafiq Quliyevlə biz orada olduq. Ölənlərdən birini götürmüşdülər, amma ikisi hələ maşında idi. Necə deyərlər, insanların qanı axa-axa biz bu hadisəni çəkdik. Bir də biz çəkən kimi hadisə yerindən uzaqlaşırdıq. O vaxtkı MK binasının qarşısında rəhmətlik operatorumuz Köçərinin üstünə tankı sürmüşdülər. Bu hadisə kadrlarda da var. "İnturist" mehmanxanasının üstündən operator Sərdar Vəliyev dənizdə gəmiləri çəkirdi. O gəmiyə düşən mərmini lentə ala bilmişdi. Belə kadrları çəkmək çox çətindir. Yanvarın 22-də dəfn mərasimi idi. Şəhərdə adam olduqca çox idi. Bizim 6 operatorumuz bu mərasimi lentə alırdı.

- Operatorlar kimlər idi?

- Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Quliyev, Rafiq Salamzadə, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov, Nizami Abbas, İsrafil müəllim  həmin vaxt böyük iş gördülər.  

-Bəlkə çəkilmiş xronika əsasında yenidən bir sənədli film hazırlamaq olar. Çünki hadisədən artıq 19 il keçib və çox adam o vaxt dilinə gətirə bilmədikləri həqiqətləri indi danışar.

- Gələn il hadisənin 20 illiyi olacaq. Bir neçə kadr var ki, mən onların əsasında yeni bir film çəkmək istəyirəm. Artıq ssenarisi üzərində işləyirəm.

İ. Hacılı