Fariz Əhmədov: "Əvvəlki illərə nisbətən
dövlətin gənclərə qayğısı getidikcə artır"

2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən III "Bu meydan, bu ekran" müsabiqəsində  "İmper-Qrup" prodakşn iki layihə udmuşdu. "Qocalar" və "Kor və korluq" adlanan bu filmlərin hər ikisində rejissorlardan biri olan Fariz Əhmədov dövlət tərəfindən yetərincə qayğı gördüyünü deyir. Onun "Lahıc ritmləri" sənədli filmi isə V "Start" kinofestivalının qalibi olub. Ardınca film fevral ayında keçiriləcək Berlin kinofestivalında iştirak edəcək. Səfər öncəsi Fariz Əhmədov qəzetimizə müsahibə vermişdi.

- “Qocalar" filmi artıq hazırdır. Son olaraq filmə ingilis və rus dillərində subtitr yazılır. Kinofestivallara təqdim etmək üçün subtitr vacibdir. Bu yaxınlarda Berlin kinofestivalında iştirak edəcəm və həmin festivalda iştirak edəcək 106 ölkənin bəzi nümayəndələrinə film paylanacaq. Xatırladım ki, filmin ssenari müəllifi Nərgiz Bağırzadədir. Rejissor işini İsmayıl Məmmədov, prodüserliyi Rəşad Qasımovla birgə özüm işləmişəm.

- Birinci filmin çəkilişləri necə keçdi və ümumiyyətlə, bu prosesdə nələrlə rastlaşdınız?

- "Qocalar" filmində heyətin əksəriyyəti gənclər idi. Hətta filmin operatoru da Moskvada Kinematoqrafiya İnstitutunu keçən il bitirən istedadlı gənc operatorumuz Üzeyir Abbas idi. Əvvəlcədən komandanı gənclərdən təşkil edilməsi planlaşdırılmışdı. Çünki bu layihə gənclərin sınaq meydanıdır. Digər tərəfdən, eyni yaş qrupundan olanda bir-birimizi yaxşı anlayırıq. Çətinliklərə gəldikdə isə, elə də böyük problemlərimiz olmadı. Müəllimlərimiz və filmin bədii rəhbərləri daim köməklik göstərirdilər. "Qocalar" filmində Cəmil Quliyev, Ramiz Fətəliyev və Nizami Abbas bizə yaradıcılıq və maliyyə baxımından böyük dəstək oldular. Filmin qocalardan bəhs etməsinə baxmayaraq, gənc kollektiv mövzunun öhdəsindən gəldi.

- İkinci filmin çəkilişlərinə nə vaxt başlayacaqsınız?

- İkinci film "Kor və korluq" adlanır. Artıq rejissor ssenarisi üzərində iş gedir. Bir həftədən sonra kastinq başlanacaq. Bu filmin prodüserləri Rəşad Qasımov və İsmayıl Məmmədov, ssenari müəllifi Alina Abdullayevadır. Alina xanım analıq məzuniyyəti ilə bağlı filmə rejissorluq edə bilmədi. Nəticədə rejissorluğu Nərgiz Bağırzadə ilə mən öz üzərimizə götürdük. Hesab edirəm ki, fevral ayının sonlarında çəkilişlər başlanacaq. Dram janrında olan bu filmin mövzusu gözlərini Qarabağ müharibəsində itirmiş bir gəncin həyatından bəhs edir. Film boyu korluğu ilə görməsi arasında qalan bu gənc gözlərinin açılmasını istəmir. Çünki o, kor olduğu vaxtda öz sevgilisini tapıb.

- İranda "Rəşt" kinofestivalında jüri kimi iştirak etdiniz. Hansı təəssüratlarla qayıtdınız?

- Mən İran kino sənayesini bizim kino ilə müqayisə etmək istəmirəm. İran böyük bir ölkədir. Bu ölkədə kinoindustriya  əvvəldən sona qədər zəncirvari şəkildə qurulub. İranda kinonu bütövlükdə olmasa da, 70-80%-ni dövlət maliyyələşdirir. Sadəcə olaraq xüsusi qurumlar var ki, istehsalata buraxılan filmlərin çəkilişlərindən tutmuş prokatına və festivallarda iştirakına qədər bütün işlərlə məşğul olurlar. İranda uşaq kino məktəbi var. Həmin məktəb pavilyon, kamera, kinolent və kinoya lazım olan digər avadanlıqlarla təchiz olunub. Əyalət məktəblərində oxuyan və bu sahəyə marağı olan istedadlı uşaqları 5-ci sinifdən toplayıb paytaxt Tehrana uşaq kino məktəbinə gətirirlər. Bu məktəbi bitirən məzunlara kino universitetində təhsilini davam etdirməyə ehtiyac qalmır. İranda kino sənayesi və bu sahədə praktika çox güclüdür. Gənclərə gəldikdə isə, bizdə olan "Bu meydan, bu ekran" tipli bir neçə alternativ müsabiqələri var. İranda Gənc Kinematoqrafçılar Assosiasiyasının özünün texniki bazası mövcuddur. İstənilən gənc rejissoru pulsuz texnika ilə bu assosiasiya təmin edir.

- Son illər kinematoqrafiya ilə gəncliyin böyük bir kəsimi məşğul olur. Azərbaycanda kino sahəsində siz də daxil olmaqla gənclərin iş praktikasının səviyyəsi nə yerdədir?

- Birinci təhsildən başlayaq. Azərbaycanda hazırda bu sahədə iki təhsil ocağı var. Birini - ADMİU-nu bitirmiş, ikincisinin - Kino Məktəbinin isə hələ tələbəsiyəm. ADMİU-nun texniki baza ilə təmin olunmasına yenicə fərman verilib. Texniki baza olduqdan sonra ADMİU-nun tələbələrindən nəsə gözləmək olar. Bizim kimi onlarla gənc Mədəniyyət və Turizm Nazirliyinin kino layihələrində həqiqi praktikanı keçmişik. Onu da deyim ki, mən bu günə kimi dövlətdən yetərincə qayğı görmüşəm. Hesab edirəm ki, əvvəlki illərə nisbətən dövlətin qayğısı getdikcə artır. "Bu meydan, bu ekran" müsabiqəsi davam etdirilsə, gənclər sınaqdan keçər. Çünki kimin nəyə qadir olmasını bu müsabiqə üzə çıxardır.

- Berlin kinofestivalına getməyinizi kim maliyyələşdirir?

- Yol xərclərini Gənclər və İdman Nazirliyi öz üzərinə götürüb. Mədəniyyət və Turizim Nazirliyi tərəfindən də bəzi problemlər həll edilir. Berlin kinofestivalı mənim iştirak xərclərimi tam ödəmədiyi üçün ya gərək iştirak etməyəsən, ya da dövlətdən dəstək görməlisən. Deməli, dövlət dəstək göstərirsə, bunun özü də böyük bir addımdır. Etiraf etmək lazımdır ki, gənclərə lazım olan qayğı var.