Gövhər Baxşəliyeva: «İslam dini Azərbaycan həqiqətinin ayrılmaz tərkib hissəsidir»
   
   
   Azərbaycan mütəfəkkirlərinin İslam mədəniyyətinə verdikləri dəyərlər və bu günə qədər ölkəmizdə İslam mədəniyyətinin qorunub saxlanması ilə bağlı fikirlərini öyrənmək üçün millət vəkili, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva ilə söhbətləşdik.
   
   - Azərbaycan Qərblə Şərqin qovuşuğunda yerləşir. Belə deyək ki, Qərb dəyərləri ilə Şərq sivilizasiyası məhz burada qovuşur. Necə düşünürsünüz, bu gün Bakı İslam dünyasının bir parçası kimi necə görünür?
   - Geosiyasi vəziyyətinə yəni Qərblə Şərqin qovuşuğunda yerləşdiyinə görə Azərbaycan mədəniyyəti həm Qərb, həm də Şərq mədəniyyətinin harmonik sintezindən yaranmış bir mədəniyyətdir. Tarixdən məlum olduğu kimi, Azərbaycan VII əsrin ikinci yarısından Ərəb xilafəti tərəfindən istila olunaraq bu dövlətin tərkibinə daxil olub. O vaxtlar ərəb mədəniyyəti bir intibah dövrünü yaşayırdı. Xüsusilə də X əsrə doğru bir ərəb-müsəlman mədəniyyəti yaranmışdı ki, bu mədəniyyətin yaranması və inkişafında Azərbaycan xalqının da böyük rolu olmuşdu. Öncə ondan başlayaq ki, Azərbaycanda o dövrdə ərəb dili geniş yayılmışdı, Azərbaycan xalqı ortaq İslam dinini qəbul etmişdi. Bunun nəticəsində də Azərbaycanda o zaman bütün elmlər, xüsusən ilahiyyat elmi və onun tərkib hissələri olan fiqh, kəlam və s. məhz ərəb dilində tədris edilirdi. Orta əsrlər Azərbaycan poeziyası dilinin farsca olduğunu söyləyiriksə, eyni zamanda cəsarətlə deyə bilərik ki, həmin dövrkü Azərbaycan elminin dili ərəb dilidir.
   - Dediniz ki, İslam mədəniyyəti Azərbaycana VII əsrdən sonra gəlib. Ərəb işğalı ilə bərabər, Azərbaycana İslam mədəniyyəti gəldi. Bəs Azərbaycan öz növbəsində İslam mədəniyyətinə hansı töhfələri verib ki, bu günədək onlar mədəni-mənəvi dəyərlər kimi qiymətləndirilməkdədir?
   - Azərbaycan xalqı həm ərəb dilini mənimsədi, həm ərəb mədəniyyətinin müəyyən cəhətləri ilə yaxından tanış oldu, həm də bu mədəniyyətin formalaşmasında yaxından iştirak etdi. Bu baxımdan bizə məlum olan faktlara nəzər salaq. Məsələn, VII əsrin ikinci yarısında yazılmış bir neçə ərəb təzkirəsində müəlliflər yazır ki, Mədinə və Məkkədə bir çox şairlər yaşayırdı ki, onlar əslən Azərbaycandan idilər. İnn Kuteybə əd-Dinavəri adlı ərəb filoloqu «Kitab-əş-şiar-uaş-şüəra» adlı əsərində, Əbül Fərəc əl-İsfahani «Kitabül-Ağanni» adlı 24 cildlik antologiyasında azərbaycanlı məvali şairlər haqqında çox yazıblar. Onlar ona görə «məvali» adlandırılırdılar ki, bir zaman qul kimi Azərbaycandan Ərəb xilafətinin mərkəzinə aparılmışdılar. Ərəblərdə bir qayda var idi: hər hansı bir qul tədricən bir ərəb qəbiləsinin himayəsini qazanaraq qulluqdan azad edilə bilərdi. Amma «məvali» adı onun üzərində qalmaqla, həmin qəbilədə azad yaşayırdı. Həmin şairlərin şeirləri yuxarıda adlarını çəkdiyim təzkirələr vasitəsilə bu günümüzə qədər gəlib çıxıb.
   Bundan başqa, XI əsr ərəb dilli azərbaycanlı müəllif Xətib Təbrizi haqqında geniş məlumatlar var. Həm ərəb nəsrinin, həm də müsəlman ədəbiyyatşünaslıq elminin yaranmasında onun böyük rolu olub. Eyni zamanda, digər alimlər, ədiblər, şairlər olub ki, onların əsərləri Şərq kitaxanalarında yayılıb. Həmin əsərlərdən bəziləri bizim Əlyazmalar Fondunda da var. Ümumiyyətlə, o dövrdə yaşayıb-yaradan Bərdəi, Bakuvi, Naxçıvani soyadlı alimlər çoxdur. Bakuvilər nəslinin bir nümayəndəsinin - Seyid Yəhya Bakuvinin qəbri hazırda İçərişəhərdədir. O, xəlvətilik təriqətinin banilərindən hesab edilir.
   Bütün bunlar bir daha sübut edir ki, azərbaycanlılar İslam mədəniyyətinin formalaşmasında yaxından iştirak ediblər. Bizim milli-mənəvi dəyərlərimizdə İslam amili öz əksini güclü şəkildə tapıb. Əksər şairlərimiz, məsələn, Füzuli üç dildə yazıb yaradıb - ərəb, fars və Azərbaycan dillərində. Füzulinin ölməzliyinin bir səbəbi də onun yaradıcılığında üç müxtəlif mənşəli mədəniyyətin tam şəkildə öz əksini tapmasıdır. Onun yaradıcılığı həm ideya-məzmun, həm də bədii-estetik baxımından hər üç mədəniyyətin kamil nümunəsidir. Nizami farsca yaşayıb-yaratsa da, bütün əsərlərində biz onun ərəb mənbələrindən bəhrələnməsinin şahidi oluruq. Nizaminin böyüklüyü ondan ibarətdir ki, o, hər hansı mövzuda yazarkən həmin mövzuya dair özündən əvvəl mövcud olmuş bütün ədəbiyyatları oxuyur və yazısında bu mənbələrə söykənirdi. Eyni vəziyyət ərəb təzkirələrinə, rəvayətlərinə də aiddir. Məsələn, «Leyli və Məcnun» əsərinin mövzusu ərəb qəbilələri arasında yayılmış bir rəvayətdən götürülüb.
   - Gövhər xanım, bildiyiniz kimi, Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib. Sizcə, bu, Azərbaycana nə verəcək?
   - İslam aləmi tərəfindən Azərbaycan daha çox tanınacaq… Mən özüm parlament xətti ilə İslam Konfransı ölkələrinin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəriyəm. Mütəmadi olaraq bu qurumun sessiyalarında iştirak edirəm. Bildiyiniz kimi, indi 50-dən çox ölkə İKT-nin üzvüdür. Amma onların heç də hamısında Azərbaycan kifayət qədər tanınmır. Qarabağ məsələsi ilə bağlı mən orada bir çox məruzələr də etmişəm. Maraqlıdır ki, çıxışım bitdikdən sonra mənə yaxınlaşıb Qarabağ məsələsi ilə bağlı suallar veriblər. Hətta onların bəziləri münaqişənin səbəbini belə bilmirdilər. Bir dəfə mən Misirin məşhur «Əl-Əhram» qəzetinə müsahibə vermişdim. Müsahibəni oxuyanda gördüm ki, jurnalist yazıb ki, Azərbaycan bir Orta Asiya respublikasıdır. Odur ki, Azərbaycanın İslam aləmində daha ciddi şəkildə tanınması vacibdir. İslam dini özü-özlüyündə Azərbaycan həqiqətinin ayrılmaz tərkib hissəsidir. İslam ölkələrinin əksəriyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Sonuncu dəfə Birləşmiş Millətlər Təşkilatında Qarabağla bağlı qətnamə çıxarılanda biz orada yalnız müsəlman ölkələrinin lehimizə səsverməsi hesabına üstünlük əldə edə bildik. Bu baxımdan İslam ölkələri ilə bizim hərtərəfli yaxınlaşmamız vacibdir.    

    Fəxriyyə ABDULLAYEVA