Avropanın media qurumlarının təmsilçilərinə ölkəmizin mədəniyyəti və turizm potensialı haqqında məlumat verilib
   
   İtaliyanın "Sole 24 Ore" gündəlik biznes qəzetinin xarici əlaqələr üzrə müxbiri Roberto Bongiorni, "Reuters" agentliyinin Brüsseldəki müxbiri Francesco Guarascio və İtaliyanın həftəlik "L`Espresso", İspaniyanın gündəlik "El Pais" qəzetlərində, eləcə də Avropa Parlamentinin televiziyası olan "EuroParlTV"-də müstəqil müxbir kimi fəaliyyət göstərən Alberto D`Argenzio təmsil etdikləri nəşrlərdə Azərbaycanla bağlı materiallar hazırlamaq məqsədilə iyulun 20-dən 25-dək ölkəmizdə səfərdə olublar.
   Xarici jurnalistlər səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüblər. Nazir jurnalistlərin işğal olunmuş ərazilərimizdəki mədəni abidələr, Azərbaycanın mədəniyyəti, turizm infrastrukturu və potensialı, Bakının ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, ölkəmizdə və onun hüdudlarından kənarda nazirlik tərəfindən təşkil olunan incəsənət tədbirləri, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin mədəniyyət obyektlərində aparılan bərpa və yenidənqurma işləri barədə suallarını cavablandırıb. Ə.Qarayev Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında jurnalistlərə geniş məlumat verib.