Heydər Əliyev Fondunun layihəsi çərçivəsində Fransada növbəti tədbir keçirilib
   
   Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı və Fransadakı səfirliyimizin dəstəyi ilə bu ölkədə \"Qafqazın mirvarisi Azərbaycanın mədəni dəyərləri\" adlı layihə həyata keçirilir. Layihə çərçivəsində növbəti tədbir noyabrın 5-də Konyak şəhərində gerçəkləşib.
   
   Şəhərin incəsənət və tarix muzeyində sərginin və Salamandr zalında təşkil edilən konsertin açılışında çıxış edən bələdiyyə idarəsinin başçısı Mişel Gurinşa bildirib ki, belə mədəni tədbirlər onu təşkil edən ölkəni tanımaqda mühüm əhəmiyyət kəsb edir. Bu sərgi və konsert sayəsində şəhər sakinləri qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan haqqında ətraflı məlumat əldə edəcəklər. Digər tərəfdən, mədəni tədbirlər ölkələr arasında əlaqələrin yaranmasında və inkişaf etməsində əsas stimullardan biridir.
   Oktyabr ayında Bakıda səfərdə olduğunu, Gəncədə keçirilən birinci şərab festivalında iştirak etdiyini diqqətə çatdıran M.Gurinşa ölkəmizdən aldığı böyük təəssüratı xatırladıb, Fransa ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində atılan addımları yüksək qiymətləndirib. O, həmçinin məşhur fransız konyakının vətəni olan şəhər barədə məlumat verib.
   Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizi Avropa və dünyanın mədəniyyət beşiyi hesab edilən Fransada tanıtmaq məqsədilə xüsusi layihənin həyata keçirildiyini vurğulayıb.
   Azərbaycanın müxtəlif sahələrdə Fransa ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən səfir sentyabrın 18-də prezidentlər İlham Əliyev və Fransua Ollandın Yelisey sarayında görüşünü və hər iki dövlət başçısının Luvr muzeyində İslam İncəsənəti Departamentinin açılışında iştirakını xatırladıb.
   Səfir Azərbaycanın Fransa ilə mədəniyyət sahəsində əlaqələrinin inkişaf etdiyini xüsusi vurğulayıb. Bu əlaqələrin tarixinə nəzər salaraq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin Fransada \\\"Qafqaz\\\" qəzetinin redaktoru olduğunu, Ümbulbanu Əsədullayevanın Parisdə yaşadığını və \\\"Banin\\\" təxəllüsü ilə fransız dilində esse və romanlar yazdığını bildirib.
   Azərbaycanın tolerant bir ölkə olduğunu, burada hər bir xalqın dininə, dilinə, mədəniyyətinə hörmətlə yanaşıldığını deyən səfir ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və zəngin mətbəxi ilə yaxından tanış olmaq üçün konyaklıları respublikamıza səfərə dəvət edib.
   Tədbirin sonunda incəsənət ustalarının ifasında caz musiqisi səslənib, muğamlar ifa olunub.
   Konyak sakinlərinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktor olduğu \\\"Baku\\\", fransız dilində nəşr olunan \\\"İrs\\\" jurnalları, ölkəmizin tarixini, mədəni dəyərlərini, turizm imkanlarını əks etdirən kitab və broşürlər paylanıb.