Böyük bəstəkarın yubileyi təntənəli şəkildə qeyd olunacaq
   
   Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasının 90 illiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2012-ci il tarixli sərəncamına əsasən geniş qeyd edilir. Sərəncamın icrası ilə əlaqədar Rusiya, Türkiyə, Macarıstan, Ukraynada, eləcə də ölkəmizin Bakı və Qəbələ şəhərlərində dahi bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər təşkil edilib.
   Noyabrın 22-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək \"Fikrət Əmirov-90\" Musiqi Festivalı da böyük sənətkarın yubileyinə töhfədir. Festival çərçivəsində müxtəlif konsertlər, tədbirlər keçiriləcək, tamaşalar nümayiş olunacaq.
   Festivala noyabrın 22-də saat 12:00-da Fəxri xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə start veriləcək. Həmin gün saat 19:00-da Heydər Əliyev Sarayında \"Fikrət Əmirov- 90\" Musiqi Festivalının təntənəli açılışı və böyük sənətkarın yubileyinə həsr olunmuş qala-konsert olacaq. Tədbirdə XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri olan ölməz sənətkarın mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında məlumat veriləcək, əsərlərindən nümunələr səsləndiriləcək.