Xəbər verdiyimiz kimi, Parisdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Parisdə 7-ci sessiyası keçirilib. Sessiyada Azərbaycan tar ifaçılıq sənəti Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
   Sessiyanın sonunda komitənin növbəti sessiyasına ev sahibliyi edəcək ölkənin və sessiyanın sədri müəyyənləşib. Müzakirələr nəticəsində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyinin 2013-cü ilin 2-8 dekabr tarixində Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Komitənin 8-ci sessiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sədrliyi ilə keçiriləcək. Çin, Yunanıstan, Burkina Faso, Braziliya və Misir isə komitə sədrinin müavinləri seçiliblər.
   Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan hökuməti adından çıxış edərək ölkəmizin ev sahibliyi təklifini dəstəklədiyinə görə təşəkkürünü bildirib.