TÜRKSOY təşkilatı dahi Azərbaycan yazıçı-dramaturqu və mütəfəkkiri Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə bu ilin yanvarında elan olunmuş “Mirzə Fətəli Axundzadə ili” çərçivəsində yekun tədbirlərini keçirib. Tədbirlərdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti iştirak edib.
   Dekabrın 14-də Şimali Kiprin Doğu Akdeniz Universitetində keçirilən tədbirdə təhsil ocağının rektoru, professor Abdullah Öztoprak, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Şimali Kiprin turizm, ekologiya və mədəniyyət naziri Ünal Üstel çıxış edərək tədbirin zəngin irsi olan Azərbaycan ədəbiyyatının təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Doğu Akdeniz Universiteti ədəbiyyat fakültəsinin müəllimləri - professorlar Cem Tanova, Yavuz Akpınar, dosent Adnan Akgün, Azərbaycan Milli Kitabxanasının direktor müavini Gülbəniz Səfərəliyeva dahi ədibin həyat və yaradıcılığından söhbət açıblar.
   Növbəti tədbir dekabrın 17-də Ankarada, Türkiyə Milli Kitabxanasında keçirilib.
   Kitabxananın direktoru Tuncel Acar, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgür Özaslan Azərbaycan və bütün türk dünyasının sərvəti olan M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə keçirilmiş tədbirlərdən bəhs ediblər.
   Xalq yazıçısı Anar, Avrasiya Yazıçılar Birliyinin sədri Yakup Öməroğlu, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Beynəlxalq Türkologiya Mərkəzinin direktoru Erden Kajıbek dahi mütəfəkkirin yaradıcılığının məziyyətlərindən, xüsusilə türk dünyasında vahid əlifba və dilin formalaşmasında xidmətlərindən danışıblar.
   Hər iki tədbirin sonunda rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi “Sübhün səfiri” filmi nümayiş olunub.
   “M.F.Axundzadə ili” çərçivəsində yekun tədbir dekabrın 18-də İstanbul Aydın Universitetində gerçəkləşib.