Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay Türkiyə Böyük Millət Məclisində çıxışında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin türk dünyasının mədəni əlaqələrinin inkişafında tarixi rolunu minnətdarlıqla yad edib.
   Parlamentdə büdcə müzakirələrində çıxış edən nazir rəhbərlik etdiyi qurumun 2012-ci il ərzində fəaliyyətindən, o cümlədən türkdilli ölkələrlə əməkdaşlıqdan danışıb. Bu il Qazaxıstanın Astana şəhərinin “Türk Dünyası Mədəniyyət Paytaxtı” olduğunu xatırladan nazir 2013-cü ildə bu estafeti Əskişəhərin davam etdirəcəyini bildirib: “Əskişəhəri bütün türk dünyasının diqqət mərkəzinə gətirməyə, mədəni əlaqələri genişləndirməyə çalışacağıq”.
   Türkdilli ölkələrlə mədəni mübadilədən bəhs edən Ərtuğrul Günay böyük öndər Heydər Əliyevin bu sahədə tarixi xidmətlər göstərdiyini deyib. O, Heydər Əliyevin əbədiyyətə qovuşmasının 9-cu ildönümü ilə əlaqədar Ankarada təşkil olunan simpoziumda dahi rəhbərin Azərbaycan və türk dünyasının mədəni inkişafına verdiyi töhfələrdən geniş söhbət açıldığını nəzərə çatdırıb. Xatırladaq ki, simpoziumda Azərbaycandan baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət naziri Əbülfəs Qarayev, digər dövlət və hökumət rəsmiləri iştirak edib.
   Nazir Ərtuğrul Günay daha sonra deyib: “Heydər Əliyev 1994-cü ildə Türkiyə parlamentində çıxış edərkən «iki dövlət, bir millət» ifadəsini ilk dəfə işlətmişdi. Bu ifadə bir atalar sözü kimi hamımızın yaddaşına həkk olundu. Doğrudan da, bizim bir tərəfdən Avropa Birliyi mövzusunda bir hədəfimiz var, coğrafi olaraq Orta Şərqlə böyük yaxınlığımız var, amma türk dünyasının dərin ümmanına girdiyimiz zaman necə böyük bir mədəniyyətin sahibi olduğumuzu, necə böyük bir tarixi kökdən gəldiyimizi çox yaxşı bilirik və bizim bunu dərk etməyimiz üçün böyük işlər görən şəxsiyyətlərdən biri möhtərəm Heydər Əliyev olmuşdur. Bu gün onu bu münasibətlə bir daha rəhmətlə anırıq”.