Bayrakları bayrak yapan üstündeki kandır,
   Toprak eger uğrunda ölen varsa, Vatandır
   
   Hər bir millət, hər bir xalq, hər bir ölkə üçün onun bayrağı ləyaqətinin, şərəfinin və azadlığının simvoludur. Bayraq uğrunda aparılan mücadilələr, əslində dövlətin qorunması, millətin istiqlal savaşıdır. Zaman-zaman yadelli işğallarına məruz qalmış Azərbaycan, nəhayət, keçən əsrin əvvəllərində üçrəngli bayrağını uçaldaraq dünya dövlətləri içində öz milli imzasını atdı. Bu bayrağın endirilməsi üçün çalışan böyük qüvvələr qarşısına minlərlə şəhidlərimizlə çıxdıq. Bayrağımızın rənglərini belə xatırlamaq qadağan edilərkən biz “bir kərə yüksələn bayraq bir daha enməz” dedik. İndi Azərbaycan bayrağı dünya dövlətlərinin BMT qərargahı qarşısındakı yüzlərlə bayraqları sırasında dalğalanır.
  
 
   Yüksələn bayrağın tarixi
  
 
   Bir daha xatırlayaq. Üçrəngli Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də xalq cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
   Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və muxtar respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
   1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
   Azərbaycan Respublikasının Dövlət bayrağı bərabərenli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir
   
   Əmircanda ucalan bayraq
   

   Tökülən al qanı şərəf bildiniz,
   Qoy meydan sulayıb gülməsin yağı!
   Gücünüz düşmənin evini yıxdı,
   Ucaldı göylərə Vətən bayrağı!
   

   Bu gün bayrağımızın ucalmadığı park və ya istirahət ocaqları yoxdur.Son zamanlar isə bir çox parklarda xüsusi olaraq “Bayraq meydanı” yaradılır. Bayrağımıza hörmət aşılanması baxımından bu təşəbbüslər, əlbəttə, alqışlanmalıdır. Suraxanı rayonunun Əmircan qəsəbəsinə xüsusi yaraşıq verən bir park var. Bu park sakinlərin sevimli istirahət guşələrindən biridir. Ərazisi 4 hektardır.
   Burada 15 min müxtəlif ağac və gül kolları əkilmiş, bütün ərazi yaşıl çəmənlə örtülmüş, əyləncə, ən müasir tələblərə cavab verən idman-trenajor qurğuları, kölgəliklər quraşdırılmış, uşaq meydançası və qumluq sahə düzəldilmişdir. Parkda müxtəlif formalı 100-ə qədər oturacaq, ən müasir işıqlandırma sistemi quraşdırılmış, musiqili fəvvarələr və “Su teatrı” yaradılmışdır.
   Buradakı “Bayraq meydanı”nda hündürlüyü 26 metr olan qüllədə Azərbaycan Respublikasının Dövlət bayrağı dalğalanır. Həmin meydanda “Günəş saatı” da vardır. Gənc heykəltəraşların əl işlərindən ibarət guşə parka xüsusi yaraşıq verir.
   
   Daha da yüksəklərə
   

   Dövlət başçısı tərəfindən 2007-ci il noyabrın 17-də "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” sərəncam imzalandı.
   Beləliklə, elə həmin il, dekabrın 30-da Bakınin Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı Meydanının təməli qoyuldu. Layihəyə əsasən meydanın 20 min kvadratmetr ərazisi olacaq və burada bütün lazımi infrastruktur yaradılacaqdır. Burada ucaldılacaq Dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayrağın özünün isə ölçüsü 35x70 metr, sahəsi 2450 kvadratmetr, çəkisi 250 kiloqram olacaq. Bayrağın ucalacağı dayağın 96 metrlik hissəsində tikinti-quraşdırma işlərinin başa çatdığını burada olarkən öyrəndik.. Meydan nəhəng gəmini xatırladır və alçaq təpə üzərində tikilən meydan üşün çox yaxşı yer seçilib. Buradan şəhərə çox gözəl mənzərə açılır. Eyni zamanda, şəhərin əksər yerlərindən də bu ərazi görünür. Xüsusilə nəzərə alsaq ki, bayrağın dayağının hündürlüyü 150 metr olacaq, Azərbaycanın bu dövlət rəmzinin əslində Bakı şəhəri üzərində dalğalandığını deyə bilərik. Xatırladım ki, ən nəhəng bayraq qülləsi Abu-Dabidə 123 metrlik, Əmmanda 127 metrlik, Aqabada isə 131 metrlikdir. Yəqin ki, biz öz bayrağımızı 162 metrlik qüllədə quraşdırmaqla, bu rekordu yeniləmiş olacağıq.
   Meydan əsasən çay daşları tipli materiallarla tikilməkdədir. Küləkli hava olduğundan tikiliyə yaxınlaşmağımıza icazə verilməsə də, biz mütləq bayrağımızın burada ucalacaı gündən sizlərə reportaj təqdim edəcəyik. Bu bayrağın hələ ucalacağı Xankəndi, Şuşa, Laçın və digər işğal olunmuş ərazilərimiz var. Oralarda dalğalanacaq bayraqlarımız məhz bu nəhəng bayraqla məmləkətimizin əbədi azadlıq nəğməsini oxuyacaq.
   
   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar