Məşhur xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun Mərdəkandakı şəxsi bağındayam. 1895-1920-ci illərdə onun istifadəsində olmuş 24 ha bağ indi Mərdəkan Dendrarisi adlanır və Azərbaycan Milli Elmlər Akademiyasına tabedir. Hələ o dövrdə milyonçu Muxtarov bağda əkin üçün yararlı torpaq örtüyünü Lənkəran bölgəsindən gətizdirmişdi. Burada dendrarinin əsas sərvəti sayılan 1800 növədək ağac, kol və sairə bitki kolleksiyaları mövcuddur. Bundan başqa, inşası hansı əsrə aid olduğu məlum olmayan, mağara və keçidlərlə zəngin yeraltı su kəhrizləri, milyonçunun xüsusi memarlıq üsulu ilə tikilmiş bağ evi, Mərdəkanda olmuş və yaşamış S.Yeseninin ev-muzeyi dendrariyə təşrif buyuran ekskursiyaçıları maraqlandıracaq gəzməli-görməli yerlərdəndir. Dendrari landşaft memarlığı kimi milli sərvətimiz hesab olunur, elə landşaft parkı əsasında da salınmışdır. Nəzərə alsaq ki, dendrari növlərin miqdarına və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyaları səviyyəsindədir, deməli, burada üzləşdiyimiz arzuolunmuz görüntülərə mütləq reaksiya göstərməliyik. Axı bura həm də xarici turistlərin böyük maraq göstərdiyi məkandır. Beləliklə, istirahət günü bir manatlıq bilet pulumdan keçib dendrariyə daxil oluram. Dediyim kimi, məqsədim heç də burada mövcud və 300 növ qızılgüllərdən, yaxud nəsli kəsilməkdə olan 69 bitki növündən danışmaq deyil.
   
   Məşədi İbadın halı və tanış olmadığımız ev
   
   Dendrariyə giriş xarici turistlər üçün 4 manat, mənim kimi yerli vətəndaş üçünçə 1 manat müəyyənləşdirilib. Deyirlər ki, hansı məkana daxil olursansa, birinci ev yiyəsini soruşarlar. Nə olsun ki, sovet hakimiyyəti bu bağı M.Muxtarovun əlindən alıb. Hər halda, bura «Muxtarov bağı» kimi də tanınır. Məhz bunun üçün ilk olaraq milyonçunun xüsusi memarlıq üslubunda tikilmiş bağ evini ziyarət edirəm. Evin qarşısında kiçik bir bağça var. Burada da növbənöv bitkilər, çarhovuz diqqəti cəlb edir. Qeyd edim ki, məhz bu bağçada bir çox bədii filimlərimizin epizodları lentə alınıb. Yəqin ki, «O olmasın, bu olsun» filmini xüsusi olaraq xatırlatmağa ehtiyac yoxdur. Tələbə Sərvərlə Rüstəm bəyin qızı Gülçöhrənin çarhovuz ətrafında söhbətləri də burada lentə alınıb. Düzü, milyonçunun nəzarətçisiz bağ evi ərazisinə daxil olanda sıx bitkilərin dövrələdiyi çarhovuz ətrafında söz açdığım filmin, bir növ, oxşar epizodunun və daha müasir variantının şahidi olacağam. Bu qəfil şahidliyim müasir Sərvər və Gülçöhrəni necə çaşdırdısa, yalnız nəzarətçi qadının peyda olmasından sonra özlərinə gəlib buranı tərk etdilər. Nəzarətçi qadın isə bağ haqqında məlumata elə məhz Məşədi İbadın gənc Gülçöhrəni almaq istəyindən doğan komediyanın, «O olmasın, bu olsun» filminin burada çəkilməsindən başlayır. Mənsə, «Allah heç kimi Məşədi İbadın vəziyyətinə salmasın» deyərək, üzləşdiyim mənzərəyə işarə vururam. Milyonçunun bağ evi isə bağlıdır. Nəzarətçi bunun səbəbi barədə qeyri-müəyyən cavab verdi. Təəssüf ki, arxitekturası yetərincə maraqlı, tariximizin bir parçasına çevrilmiş bu tikili ilə nə bizim, nə də xarici ekskursiyaçıların tanış olmaq imkanı yaradılmayıb. Halbuki milyonçunun evini Azərbaycanın neft milyonçularının ev-muzeyinə çevirmək, bu sənayenin dünəni, bu günü ilə əlaqədar dünya səviyyəli unikal məlumat ocağı yaratmaq çox yaxşı olardı. Axı bu milyonçular vaxtıilə ictimai-siyasi həyatda da rol oynayıb, maraqlı və rəngarəng tale yaşayıblar. Onların timsalında bu tip muzey həm də 20-ci əsrin əvvəllərini, Azərbaycan həyatının böyük bir parçasını bizə tanıtdırardı. Evinin qapıları üzümüzə bağlı Muxtarovu, onlarla neft milyonçularımızı yetərincə tanıyırıqmı? Ümumiyyətlə, dendrariyə təşrif gətirən turistə qapısı bağlı evi göstərməklə nəyi izah etmək olar? Adama deməzlər ki, bu böyüklükdə bağ sahibinə bu nə münasibətdir, axı bura sizin tarixinizin bir parçasıdır. Nəzərə alsaq ki, neft milyonçularımızın bir çoxu xeyriyyəçi, maarifçiliyə yardım göstərən şəxslər olublar, ən azı buna görə onları unutmamaq lazımdır. Buradaca xatırladım ki, M.Muxtarov özü neft avadanlığı ilə bağlı dünya üzrə patentləşdirilmiş bir neçə qiymətli ixtiranın da müəllifi olub. Bir də ki, bizdə kifayət qədər standart profilli muzeylər var və yetərincə fəaliyyət göstərir. Bu günsə dünya turizmində qeyri-standart muzeylər olan ölkələrə daha çox maraq var. Məsələn, qonşu Türkiyədə bu tip muzeylər var və kifayət qədər maliyyə də qazanırlar. Elə bu fikirlərlə bağ evinə daxil tikililərin şüşəsi tozlu, sınıq qapılarını nəzərdən keçirib qapısı bağlı məşhur evin nəzarətçisi ilə xudahafizləşirəm və dendraridə gəzintimi davam etdirirəm.
   
   Oxunmayan lövhələr, bitməyən zibilliklər
   
   Gəzinti boyu tez-tez qarşıma çıxan lövhələrin vəziyyəti də ürəkaçan deyil. Bu lövhələrdə müxtəlif məlumatlar, kəlamlar yazılıb. Məsələn, müqəddəs Qurani-Kərimdən götürülmüş təbiət haqqında olan ayələrin yazıldığı lövhədə çirkdən və rəng töküntüsündən hərfləri oxumaq çox çətindir. Digər lövhələr də bu vəziyyətdədir. Ümumiyyətlə, məgər lövhələri ən azı ildə 1 dəfə, özü də zövqlü seçimlə rəngləmək bu qədərmi çətindir?
   Çoxlu sayda nəzarətçilərin, təmizlik işlərinə cavabdeh şəxslərin olduğunu görməsəydim, bəlkə də gördüyüm natəmizlik mənzərələrinə haqq qazandırardım. Məsələ burasındadır ki, hətta dendrariyə qoyulmuş zibil qutularından belə üfunət iyi gəlir. Qapağı olmayan və köhnə qutuları təzələri ilə dəyişmək pis olmazdı. Yoxsa nədənsə əksəriyyəti tum çırtlayan təmizliyə cavabdeh işçilərə qalsa, dendrarini təmiz görməyəcəyik, dendrarinin ucqarlarına çıxdıqca isə yerdə qalaqlanmış zibil topaları adamın gözünü deşir. Bir tərəfdən qalın tüstünün qalxdığını görəndə fikirləşdim ki, yəqin müharibə dövrünə dair hansısa bir filmin çəkilişlərini izləyə biləcəyəm. Amma yox, sən demə, od vurulan elə zibil qalıqları imiş ki, tüstüsü qiymətli bitkilərə sarı yönəlib. Əgər dendraridə zibildən belə can qurtarırlarsa, M.Muxtarovun min bir zəhmətlə gətizdirdiyi torpağın halına acımamaq olmur. Səkilərdə tökülüb qalmış kağız parçalarını və s. sadalamaq fikrində deyiləm. Amma süni şəlalələrin içindəki suyun çoxdan təmizlənmədiyini görən yalnız mənəm? Ağaclar əhənglənərkən ətrafa da bu məhlulun səpələnib qalması məgər yaxşı assosiasiya yaradır? Fikrimcə, saysız ziyarətçilərin (və onların maliyyəsinin) daxil olduğu dendrarinin səkilərini müasir üzlüklü materiallarla döşəmək burada həm səliqə-sahmana, həm də rahatlığa kömək edərdi. Yoxsa üzü getmiş, tozlu-daşlı asfalt səkiləri təmizləmək heç də asan deyil. Eyni zamanda sovetdən qalma skamyaları dəyişmək də pis olmazdı. Bir sözlə, dendrarinin tarixi görünüşünə xələl yetirmədən, müasir imkanlarla ziyarətçiləri təmin etmək mümkündür və vacibdir.
   
   Qəlyanaltı milçəkləri, 40 qəpiklik «Fanta»...
   
   «Coca-cola» firmasının gözündən iraq… 30 qəpiklik «Fanta»nı 50 qəpiyə alıb ayaqüstü qəlyanaltı üçün nəzərdə tutulmuş masalara üz tuturam. Nümayişkaranə surətdə aldığımın qapağını açıb masada qalaqlanmış tör-töküntünün içinə atıram. Amma bu, ət tüstülədən dönərçinin, laqqırtı vuran yaşıl uniformalı dendrari xidmətçilərinin heç vecinə də deyil. Baxmayaraq ki, dendrari ərazisində zibil atmaq qadağandır. Amma ziyarətçilər ya fanta qabını, ya da hansısa ərzaq qalığını yerə atmaqdan da çəkinmirlər. Əgər qadağaya nəzarət edən yoxdursa, niyə də etməsinlər? Qida qırıntılarına dadanmış milçəkləri danlamayacaqlar ki... Əslində dendraridə bir neçə kafe və çayxana fəaliyyət göstərir. Sadəcə olaraq, dendrarinin ümumi mənzərəsinə uyğun gələn kafe yoxdur. Sanki hansısa yol qırağında bir çayxanaya girirsən. Özümüz heç, hansısa xarici turistin milli mətbəx nümunələri ilə tanış ola biləcəyi, yerli adət-ənənələrin nümayiş etdirildiyi, xüsusi memarlıq üslubu ilə tikilmiş kafenin mövcudluğu yaxşı olmazdımı? Yoxsa ki, maşın qarajına oxşayan tikililərin nə mənası var? Nəzərə alsaq ki, dendrari ziyarətçi sarıdan heç də korluq çəkmir, deməli, bu təklifim həm də vəsait baxımından məntiqlidir. Bayaq dediyim kimi, bağda kino tariximizə aid bir çox filmlər çəkilib. Məgər bu filmlərlə bağlı xüsusi lövhə yaratmaq mümkün deyil?
   
   Ayının dostu
   
   Dendraridə qəfəslərdə olmaqla, ayı, qartal, çöl quşları və s. saxlanılır. Qəfəslərin natəmizliyindən danışmaq bir tərəfə, yekəpər ayının bu isti yay günündə qəfəsdə susuz qalması diqqəti cəlb edir. Onun su qabına baxmaq isə yəqin nəzarətçilərin heç yadına da düşmür. Ziyarətçilər isə əllərində olanı ayıya atmaqdan, bir növ ləzzət alırdılar. Düzü, soruşmaq istəyirdim ki, ayının üfunət qoxuyan qəfəsi sonuncu dəfə nə vaxt təmizlənib. Fikrimdən daşındım. Qorxdum ki, şüurlu varlıq olan adamlardan - nəzarətçilərdən «Sən ayının dostusan, yoxsa bizim» məşhur lətifədəki cavabı alaram. Necə ki, əksər qapılarında qıfıl sallanan üstü şəffaf materiallarla örtülü kolleksiya istixanaların niyə bağlı olmasına sərt «bağlıdır» cavabını eşitdim. Buradakı bitkiləri görməməyim bir tərəfə, şəffaf materiallı üst örtükləri xeyli köhnədir, bəzi yerlərdə sınıqdır. Deyəsən, bu barədə də fikirləşmək lazımdır. Bir çox yerlərdə biçilib qalaqlanmış ot-ələf topalarının çürümüş iyinin xarici turistə necə təsir etdiyini deyə bilmərəm. Amma deyim ki, dendrarinin müdriyyət tərəfindən təsdiq edilmiş daxili intizam qaydalarına nəzarət edəni yoxdur. Məsələn, rəhbərliklə razılaşmadan bitkilərin şəklini çəkmək olmaz. Amma bəndənizin (sonradan bu qaydanın olduğunu öyrəndim) fotoaparatı bitkiləri «pulemyot» kimi, necə gəldi biçəndə, kimsə bununla maraqlanmadı. Üstəlik, buradan gül-çiçək dərsəydim də, kimsə xəbər tutmazdı. Qadağa olmasına baxmayaraq, yüksək səsli telefonlardan musiqilər ucalır, yetərincə zibil də atılırdı. Baxmayaraq ki, qaydaları pozanları qanunvericiliyə uyğun məsuliyyət gözləyir, amma deyəsən, bu məsuliyyətə nəzarət edən yoxdur. Ən azı dendrariyə daxil olanda, hər bir kəsə qayda-qanunlar izah edilməlidir. Digər tərəfdən, bağın əsas və strateji yerlərinə nəzarəti mərkəzləşdirilmiş qaydada videokameralarla həyata keçirmək daha effektli, təhlükəsizlik baxımından da yaxşı olardı.
   
   Çekimi verin!
   
   Bu da bir müdət Mərdəkanda yaşamış rus şairi S.Yeseninin ev-muzeyi. Müəyyən müddət dendraridəki bu evdə yaşamış Yeseninin muzeyinə daxil oluram. Bir qrup məktəbli muzeylə tanış olur və onlar ev-muzeyinin rəhbəri olan qadının məlumatını dinləyirlər. Muzey rəhbəri uşaqlardan 5 manat aldıqdan sonra muzeylə tanış olmaq istəyimi bildirirəm. Bilmirəm, bu, hansı qayda-qanuna uyğun idi, hər halda, xanımın muzeylə tanışlıq üçün istədiyi 1 manatımdan keçirəm. Yeseninin ruhu şad olsun, bu bir manata görə heç xanımdan çekin verilib-verilmədiyini də soruşmadım. Kiçicik söhbətdən məlum oldu ki, muzeyin burada olmayan işçisini də saysaq, kollektiv cəmi iki nəfərdən ibarətdir. Muzeydə təmir işləri aparılsa da tavanında az-çox yeni təmirə ehtiyac var. Öyrənirəm ki, əsasən Rusiyadan gələn müxtəlif səviyyəli şəxslər buranı maraqla ziyarət edib. Yeseninin Azərbaycan xatirələri ilə tanış olurlar. Muzeydən çıxarkən diqqətimi bir şey cəlb edir. Bu, ev-muzeyinin dendrarinin ümumi mənzərəsindən kənar təsir bağışlayır, onu tamamlamır. Dendraridə həmçinin İ.N.Vavilov muzeyi də fəaliyyət göstərir. Niyə də burada yaxşıca muzeylər şəbəkəsi yaradılmasın, muzeylər artırılmasın? Axı bunun üçün zəmin də var, ərazi də.
   
   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar