Yol qeydləri-2
   
   «Cəmiyyət xaricində insana məhrəm ya Allahdır, ya da vəhşi təbiət»
   Aristotel

   Xınalı dağlar
   
   Yazını başlamamışdan öncə bir şeyi qeyd etməsəm, vicdan əzabı çəkərəm. Bir dostumun “Kədərin bütün rənglərində Zaqatala” adlı yazısı, orada təsvir olunan payız və onun üzücü kədər gətirən rəngləri çox xoşuma gəlmişdi. Payızın bütün rəngləri o yazıda cəmlənmişdi... Nə vaxtsa payız fəslində belə bir reportajı yazacağımı düşünürdüm. Lakin heç ağlıma da gəlməzdi ki, kədərin görüntülərini yayın ilk günlərində-7 iyunda, sərin küləkli, bir az da çiskinli havada duyub qeydlər aparacağam. Yazının adına görə yəqin dostum məndən inciməz.
   Dan yerinin yenicə söküldüyü anlarda Bakının adamsız, sakit küçələriylə addımlayırdım. Heç vaxt belə tezdən tək yolda olmamışdım. Addımlarımın səsini eşidirdim, bu təklik mənə əsl azadlığı yaşadırdı... Hətta o an yaşadığım bu azadlıq sevincinin dadını çıxartmaq üçün yolun tən ortasında atılıb-düşmək, rəqs etmək, ürəkdən gülmək istədim də... Nə isə, bu dəliliklərimi burada montaj edib keçirəm əsas epizodlara - qrup yoldaşlarım və kurs rəhbərimiz, həm də rejissor Ədalət Ziyadxanovla birgə Xızı səyahətimizə start verdiyimiz səhnələrə.
   Xızı deyəndə hamının gözü qarşısında ilk əvvəl Xızı dağları canlanır... Nəbi Xəzri boşuna yazmayıb ki, “Məni heyran etdi Xızı dağları”. Deyildiyi qədər də varmış! Dağların arasından keçən yolla irəliləmək, o əsrarəngiz gözəlliyi seyr etmək o qədər böyük zövq verirdi ki... Balaca olarkən dənizin sahilində qumdan “dağlar” düzəldərdik. İndi də bu dağlar o “dağlar”ı xatırlatdı... Yalnız bir fərq var idi: bunları təbiət, onları isə biz yaratmışdıq. Günəşin aradabir buludların arasından görünən şüaları da bir aləm idi. Dağların üzərində sanki fırçaydı, hərdən bir rəng qatırdı. Bu rənglər də vaxtdan asılı olaraq işıq və kölgənin müxtəlif təzadlarını yaradırdı. Üstündə iz açan cığırlar isə qoca adamların əllərindəki damarları xatırladırdı. Uşaqlardan bəzilərinin başı yeməyə qarışsa da, bəzilərimiz Ədalət müəllimlə gözlərimiz önündə sərgilənən canlı kompozisiyadan və rəssamların, xüsusilə də Rembranatın yaradıcılığında əsas yer tutan işıq-kölgə effektlərindən maraqlı söhbətlər edirdik.   

   Oxu tar...
   

   Xızıya gələsən, Müşfiqin, Cəfərin ev muzeylərini ziyarət etməyəsən...günah olar! İlk olaraq Müşfiqin evinə baş çəkdik. Muzey üzük qaşı kimi dağlarla əhatələnmişdi. O an mənə elə gəldi ki, bir vaxtlar qoruya bilmədiyimiz, repressiyanın qurbanı olmuş Müşfiqi, onun ruhunu indi bu dağlar qoruyur. Muzeydə köhnə ab-hava olmadığından ev mənə doğmalaşa bilmədi. Təkcə Müşfiqin yadigari olan, həyətdə öz əliylə əkdiyi iki qovaq ağacından başqa. Ağaclar balaca olduğundan, elə bil bir neçə il bundan öncə əkilmişdi. Bəlkə də o ağaclar heç vaxt böyümək istəməyəcəkdi. Axı Müşfiq də cəmi 30 il yaşadı... Evlə üzbəüz dağın üstündə böyük bir tar və onun yuxarı hissəsində böyük hərflərlə yazılan «OXU» sözü diqqətlərdən yayınmadı. Bəli,
   “Oxu tar, bir qadar!..
   Nəğməni su kimi
   alışan ruhuma çiləyim.
   Oxu, tar! Səni kim unudar?”
   
Müşfiqin də şeirləri oxuyan tar kimi ruha su çiləyən, sərinlik gətirən musiqini xatırladırdı. Məktəb vaxtı onun şeirlərini oxuyarkən elə bilirdim buz kimi soyuq su içirəm... Qəribə hisslər idi. Allah rəhmət eləsin!
   
   Qəribə həyəcan...
   

   İçində böyük ideyalar gəzdirən, bəşəriyyətin vicdan işığını yandırmağa çalışan, ömrünü teatr yollarında əridən dahinin - Cəfərin (mənimçün belədir!) evinin qarşısında idik. Şəhərdəki ev muzeyində yaşadığım bu hissi eynən burada da yaşadım. Cəfər mühiti... Balaca otaqlardan ibarət köhnə bir ev. İçində Cəfərin anası Şahbikə xanımın istifadə etdiyi məişət əşyaları, yerdə Cəfərdən qalan çox balaca xalça var idi. Hamımız heyrətlə Cəfərin toxunduğu, istifadə etdiyi əşyalara, divarları arasında yaşadığı otaqlara baxırdıq. Böyük məsuliyyət duyurduq. Aydının, Almazın, Elxanın, Sevilin hüzurundaydıq biz! Burada Cəfərin yadigarı olan mürəkkəb qurutmaq üçün istifadə olunan əşya da var idi. Əlimlə o əşyaya toxundum, axı nə vaxtsa Cəfərin ən çox əli dəydiyi əşya olub... Qrup yoldaşım da öz zarafatından qalmadı: “- Ay qız, Cəfərdən sonra ona milyon əl toxunub”-deyib uşaqları güldürdü. Ədalət müəllim isə Cəfər barədə bizə qaranlıq qalan məqamlardan, onun işıqlı ideyalarından və Cəfər qarşısında teatr işçisi olaraq bir borc kimi səhnələşdirdiyi “Almaz” pyesindən danışırdı... Danışdıqca da Cəfəri bir daha sevirdik! Sonra hamı təəssüratlarını muzeydəki dəftərə qeyd etdi. Lakin onu da xüsusilə qeyd edəcəm ki, qrupumuzda sözün əsl mənasında Cəfərin, onun əsərlərinin vurğunu olan dostum Rahil içimizdə ən həyəcanlısı idi. Cəfərdən yadigar qalan hər bir əşyaya toxunduqca özünü dünyanın ən xoşbəxti hiss edirdi. Özü etiraf etməsə də, gözlərindəki sevinc bundan xəbər verirdi. Dəftərdə Cəfərlə bağlı ən çox ürək sözlərini (dastan) yazan da o oldu. Yazdığı sonuncu kəlmələrin səmimiliyi diqqətimdən qaçmadı. “Mən səni sevirəm, Cəfər, sevirəm, sevirəm, SEVİRƏM!!!” Bəli, bu kəlmələr, doğrudan da ürəkdən gəlirdi... Şişirtməsiz, yalansız, filansız! Cəfərin əsərləriylə nəfəs alan tələbənin qəlbindən bağırırdı ağ kağıza bu kəlmələr!!!
   
   Kədəri içib sərxoş olmaq...
   
   Yəqin düşünürsüz ki, yazının adıyla bayaqdan bəhs etdiyim hadisələr nədənsə düz gəlmir... Mənim aləmimdə hər rəngin öz mənası var: qara-xoşbəxtlik, yaşıl-enerji, mavi-sakitlik və s. anlamındadır... Lakin impersionalist rəssamların çəkdikləri təbiət görüntüləri həmişə mənə kədər gətirib... Bu gün təbiət özü də bu rəsmləri bizim üçün görüntülədi, kimi görə bildi, kimi də yox...
   Yenə də təkliyi özümə həmdəm götürüb (boşuna bayquş demirlər ki) çəkildim dağın döşünə... Üzbəüzdə silsilə dumanlı dağlar sıralanırdı. Hava buludlu idi. Arabir yağış da çiləyirdi. Ətraf yalnız iki rəngdən ibarət idi: yaşıl və boz... Bozumtul duman, buludlar, yağış və küləyin özüylə birgə gətirdiyi kədər... Lakin bu kədər kədəri bəxş etmirdi, insanı üzmürdü. Əksinə, təbiətdən maksimum zövq almaq hissini yaşadırdı. Bozumtul yağış isə üzüntüləri yuyub aparırdı. Faiq Sücəddinovun “Vətən ballada”sı sədaları altında mənzərəni seyr edirdim. Dağların fonunda hündürlükdə quş qanad açaraq havada küləklə mübarizə aparırdı. Bəzən qanadları təslim olub havadan asılı vəziyyətdə dayanır, bəzənsə yenidən irəli uçurdu. Yaşıl dağlar isə elə bil qalın parçadan özünə paltar biçmişdi. Burada düşüncələrim də fərqli idi. Xəyallar, fikirlər kölgə kimi ötüb keçirdi. Ölümün kölgəsi isə o qədər cılız, o qədər görünməz idi ki... Görünür təbiətin gözəlliyi qarşısında o da öz faniliyini dərk edirdi. Burada ölüm haqqında düşündüklərim şəhərdəki səsli-küylü həyatın içərisindəki fikirlərimdən fərqli idi. Şəhərdəki ölüm daha qorxunc, daha dəhşətli olduğu halda buradakı ölüm isə çox şəffaf, kədərin bozumtul rəngində ötüb keçirdi... Bu ölüm o ölümdən fərqli olaraq, insanın əbədiliyini, Dostoyevskinin məşhur “Gözəllik dünyanı xilas edəcək” kəlmələrini bağıraraq təslim olurdu...
   Demosfen deyir ki, ən asan şey insanın özünü aldatmağıdır. Kim bilir, bəlkə də bayaqdan təriflədiyim dağlar, təbiət məni aldadırdı... Kim bilir bəlkə də vəhşi Amazon meşələrini, Himalay, And dağlarını və s.sözün əsl mənasında insanı heyrətləndirən mənzərələri görsəydim, indi necə aldandığımı hiss edərdim. Amma yox, bura bizim Vətənimiz idi, biz bu təbiəti doğru olaraq qəbul etmişdik, çünki Vətənin övladlarıydıq, hər şeyə rəğmən köklərimizə bağlı insanlar...
   Kədər və sərhədsiz AZADLIQ... Ədalət müəllimin bir sözü var “Anı yaşamaq”. Mən bu anı YAŞADIM!!!
   
   Yeganə CANSAİL
   yeganec@list.ru
   

   P.S.: Yaddaşımızda vizual olaraq çəkdiyimiz virtual kinonun epizodlarını - otların ətrini, meşənin sükutunu, görünür, hələ uzun müddət xatırlayacağıq...







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar