Bakı şəhərinin əvəzsiz incilərindən olan Dənizkənarı bulvar maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, paytaxtımızın tarixini özündə yaşadan, onun müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Bu məkan həm Bakı sakinlərinin, həm də paytaxta gələn bütün qonaqların sevimli istirahət yeridir.
   
   
   Dənizkənarı bulvarın tarixi
   
   Dənizkənarı bulvar Bakı şəhər Dumasının 1909-cu ildə qəbul etdiyi qərara əsasən salınıb. Bulvarın yaradılması həmin vaxt Bakı Dumasında çalışan məşhur mühəndis Məmmədhəsən Hacınskinin adı ilə bağlıdır. Müsabiqə yolu ilə seçilmiş layihənin həyata keçirilməsində mühəndis K.V.Skureviçin və memar A.Eyxlerin də böyük zəhməti olub. Onların təklifi əsasında dəniz sahili ilə II Aleksandr küçəsinin (indiki Neftçilər prospekti) arasında yaşıllıq zolağının salınması nəzərdə tutulurdu. İki il müddətində buraya münbit torpaq daşınmış, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Avropadan nadir bitki növləri gətirilib əkilmişdi. Sonrakı illərdə də Dənizkənarı bulvar inkişaf etdi, burada məişət, istirahət obyektləri inşa olundu.
   1970-ci illərdə yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı, bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırıldı. Dəniz sahilində 50-70 metr enində yeni terras salındı, yeni istirahət və mədəniyyət guşələri yaradıldı. Bu sırada “Əl oyunları idman sarayı”nı, «Sahil» kafesini, S.Vurğun adına yay kinoteatrının yenidən qurulmasını, Azadlıq meydanı və Muzey Mərkəzinin qarşısında fəvvarələrin quraşdırılmasını, yeni xiyabanların salınmasını və s. qeyd etmək olar. Dənizkənarı bulvar Bakı şəhərinin əsrarəngiz dəniz fasadına çevrildi.
   
   Milli Park statusu Dənizkənarı bulvara yeni həyat verdi
   
   80-ci illərin sonu - 90-cı illərin əvvəllərində, ölkə həyatının başqa sahələrində olduğu kimi, Bakının abadlığı da çətin dövrlər yaşadı. Dənizkənarı bulvar faktiki baxımsız qalmışdı, burada istirahətə aid olmayan onlarla obyektlərin yerləşdirilməsi, Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növləri məhv olmaqda idi. 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusunun verilməsi ilə bu məkanın həyatında yeni səhifə açıldı. Burada qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmış obyektlərdən başqa, bütün digər tikintilər dayandırıldı, bulvarın funksiyasından kənar olan obyektlər ərazidən çıxarıldı.
   
   Bulvarın uzunluğu 16 kilometrə çatdırılacaq
   
   Hazırda bulvarın uzunluğu 3 kilometr 700 metrdir. Bakı bulvarı ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Bulvarın ərazisinin gələcəkdə hər iki istiqamətdə artırılması nəzərdə tutulur. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, yaxın gələcəkdə ərazidə genişmiqyaslı quruculuq və abadlıq tədbirləri həyata keçiriləcək: “Park Bakı İdman Sarayından Bibiheybət qəsəbəsindəki Bayraq meydanına, Dəniz vağzalından Nobel prospektinə qədər genişləndiriləcək. Bu ilkin mərhələdə baş tutacaq. Ümumiyyətlə, gələcəkdə bulvarın uzunluğu 15-16 km, ola bilsin ki ondan böyük olsun”. Dənizkənarı bulvar ərazisinin genişləndirilməsi 5-7 il ərzində həyata keçiriləcək.
   Yaxın iki ildə isə bulvarın uzunluğu Bakı İdman Sarayından Bibiheybət qəsəbəsindəki Bayraq meydanına qədər, təxminən 2 kilometrə qədər artacaq. Bunun üçün ərazidə olan lazımsız, Milli Parkın görünüşünə xələl gətirən obyektlərin köçürülməsi nəzərdə tutulur. Bundan sonra ərazinin abadlaşdırılmasına, yaşıllaşdırılmasına, bir sözlə bulvar halına salınmasına start veriləcək.
   
   Maraqlı yeniliklər mənalı istirahətə imkan verir
   
   Son dövrlər Bakı bulvarında müxtəlif yaş qruplarında olan insanların mənalı istirahət etməsi üçün bir sıra işlər görülüb. Nazim Məcidov: “Avropada parklarda tətbiq olunan yenilikləri izləyir, onları burada həyata keçirmək istəyirik. Artıq bulvar ərazisində “3D”, “4D”, “5D” formatlı kinozallar fəaliyyət göstərir. Bunlar şəhərimizdə ilk olaraq bulvar ərazisində yaradılıb. Sonradan başqa yerlərdə də istifadəyə verildi. Azərbaycanda açıq buz meydançası ilk dəfə olaraq bulvar ərazisində istifadəyə verildi. Roller və skeydbord üçün meydança tikildi. Bu işlər davam etdiriləcək”.
   Ərazidə fəaliyyət göstərən attraksionların təhlükəsizliyinə gəlincə, N.Məcidov ərazidə fəaliyyət göstərən attraksionların əksəriyyətinin son bir neçə ildə Almaniya, İtaliya və Fransadan alındığını bildirir: “Köhnə attraksionlardan qalanlar da əsaslı təmir olunub. Bu avadanlıqların təhlükəsizliyinə həm bizim tərəfdən, həm də Fövqəladə Hallar Nazirliyinin xüsusi xidməti tərəfindən nəzarət edilir”.
   
   Yaşıllıq sahələri daha da artırılacaq
   
   Hazırda dənizkənarı bulvar idarəsinin 60 faizə qədəri yaşıllıq, 40 faizi isə digər sahələrdir. Son 3 ildə iqtisadi cəhətdən səmərə verməyən, dizayn cəhətdən park ərazisinə yaraşmayan tikililər sökülərək yerində yaşıllıqlar salınıb, müxtəlif dekorativ, nadir ağaclar əkilib. N.Məcidovun sözlərinə görə, yaşıllıqların artırılması bundan sonra da davam edəcək: “Çoxları bulvar dedikdə yalnız dəniz və ya çay sahili ərazini nəzərdə tutur. “Bulvar” fransız dilindən tərcümədə “yaşıl sahə” anlamına gəlir. Yəni əgər bulvardan söhbət gedirsə, bu o demək deyil ki, mütləq dənizin və ya çayın sahilində olmalıdır. Bulvar şəhərin istənilən yerində ola bilər, bir şərtlə ki, yaşıllığı üstünlük təşkil etsin. Bu mənada biz də ilk növbədə yaşıllıqların salınmasına önəm veririk. İtaliyada bu işlə məşğul olan təşkilatla müqaviləmiz var. Onların və bizim mütəxəssislərin iştirakı ilə yerli iqlimə uyğun, İtaliyada müəyyən dövr becərilmiş, inkişaf etmiş ağaclardan gətirib bulvarda əkmişik. Onların arasında şam ağacları da var, zeytun ağacları da. Hətta elə ağaclar var ki, Avropanın iqlimi üçün xarakterik deyil, amma italiyalı mütəxəssislər uzun illər bundan qabaq Amerika qitəsindən alıb gətirərək Avropanın iqliminə uyğunlaşdırıblar. Bu işləri davam etdirəcəyik”.
   
   Ceyhun Zərbəliyev