Xalq - Lerik və Yardımlı camaatı, sənət - paytaxtlılar...
   
   Təsəvvürlərimizi, xəyallarımızı 20 il bundan əvvəlki tikanlı məftillər, könüllərimizi bugünkü sarı simlər üstə kökləyək. O günlər müstəqillik arzularımızı boğmaq üçün ən ucqarlarımıza belə yürüyən vahiməli imperiya tırtılları, bu günlər isə - milli taleyimizin bu ən qutsal bayramını qutlamaq üçün hər el-obamıza şütüyən avtomobil karvanları...
   
   Bəli!
   
   Ciddi müəllim sualına hazırlıqlı şagird nidası kimi səslənən bu söz bədahətən gəldi nitqimə. Qələmimdən əvvəl qəlbim səsləndi ki, bəli, Mədəniyyət və Turizm Nazirliyi öz sənət, humanizm, tərənnüm ordusu ilə bütün ictimai-mədəni tədbirlərdə olduğu kimi, bu ümummilli ictimai-siyasi hadisənin qutlamında da fəal iştirak edir. Özü də, bayramladığımız bu özgürlük tariximizdən öncəki formatda - pərdəarxası nəzarət, xof “dirijorluğu” altında yox. O vaxtlar - xalqın can dəftərindən savayı hər yerdə yazılan, xalqın dualı dil-ağzından başqa hər nitqdə, məruzədə səslənən “partiya ilə xalq yekdildir!” siyasi-dramatik şüarı bu vaxtlar millətin qrammatik dırnaqdan xali qərarına çevrilib: iqtidarla xalq yekdildir! Bu bahəmlik ucqar Lerik və Yardımlı rayonlarında - başları halal zəhmətə qarışıq zəhmət adamları ilə sənət hökmündən başqa heç bir səlahiyyəti olmayan sənət adamları arasında bir daha görkləndi. Lerikdə beş yüzə, Yardımlıda üç yüzə yaxın kənd zəhmətkeşi ilə onların ondabir misli qədər sənət cəfakeşi arasında, deyərdim, misli görünməmiş bir tandemlik, birəntilik yaşandı. Xalq (buraya toplaşmış nümayəndələri) öz mübarək-müqəddəs adıyla təltif olunmuşları - xalq artistləri Canəli Əkbərovu, Cəmilə Bayramovanı, Ramiz Novruzovu, mətbuatda “canlı folklor” kimi qiymətləndirilən Elnarə Abdullayevanı, sənət addımları ucadan eşidilməkdə olan müğənnilər Nişanə Baxışova, Şəms Cəbiyeva, istedadlı aktrisa Ülviyyə Əliyeva, Səməd Xasıyev, tarzən Məsim İslamov, kamançı Ceyhun Muradovu hədsiz sevgilər, alovlu alqışlarla qarşıladı.
   Akademik Milli Dram Teatrı səhnəsindən, qəhrəman generalımız Həzi Aslanovun kino obrazından və “Mən azərbaycanlıyam” tele-proqramından yaxşı tanıyıb, çox yaxşı da qarşıladıqları Ramiz Novruzov öz bənzərsiz səmimiyyəti, dinamik reaksiya və jestlərilə hər iki rayonun “Mədəniyyət evi”ndə səhnə ilə salonun son dərəcə orijinal, bağrıbadaş duetinə nail oldu. İstedadlı sənətkarımız hər iki salonla çox canlı, xəlqi bir ünsiyyət yaratdı. Onun müstəqilliyimizin bərpasında, dönməz davamiyyətində və perspektivində ümummilli lider Heydər Əliyevin azman memarlığı, prezident İlham Əliyevin “ölkə sarayımızın hər nöqtəsində görünən rəhbər ornamentləri”, “Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın kimsəsiz qəlblərə munis ana, qayğıkeş bacı, sədaqətli övlad kimsəsi olması” barədə dönə-dönə, həm də çox yerli-yerində xatırlatmaları salonlarda hər dəfə istəkli baxışlar, sürəkli alqışlarla müşayiət olundu. Ənənəvi konsert-tamaşa formatını üstələyib, çox səmimi məclis-mərasim şəkli alan bu tədbirlərdə hər iki tərəfin (səhnə-salon) müştərək elçi-sözçüsü kimi çıxış edən aparıcı, yeri gəldikcə, qonaq və qonaq sahiblərinin nümayəndələrini də mikrofona dəvət etdi, bu bəlli mərasimin məğz-məramı “saznan deyildiyi kimi, söznən də” bəyan edildi.
   Lerik və Yardımlı rayonlarının icra hakimiyyəti başçıları Rövşən Bağırov və Xəzər Aslanov öz çıxış və söhbətlərində ölkə qurucusu Heydər Əliyevin, prezident İlham Əliyevin ümumvətən nailiyyətlərindən bəhs etdilər. Vurğuladılar ki, Tanrının, təbiətin bu bölgələrə bəxş etdiyi gözəlliklər Azərbaycan rəhbərliyi ilə xalqın fəaliyyət vəhdəti sayəsində günü-gündən zənginləşir, əlavələr qazanır.
   Xalq artisti Canəli Əkbərov da həm qonaq, həm də ev yiyəsi kimi söhbətlər etdi. Söylədi ki: “Böyük Heydər Əliyevin dövlətçilik akademiyası və həmin akademiyanın ən seçkin məzunu - prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaradıb-yaşatdıqları bu başdan-başa yeni mizan-düzən məmləkətinin hər sahəsində olduğu kimi, biz sənət adamları da əsl qədir-qiymət, xətir-hörmət dünyasına düşmüşük. Muğamımız öz layiqli məqamına yetib, “18 sentyabr - Üzeyir Musiqi Günü” qərarı ilə böyük Üzeyir bəyimiz öz zirvə mərtəbəsinə yetişib”.
   Bütün bu rəsmi, xəlqi, nəsri-poetik söhbətlərdən sonra söz əzəli-əbədi sənətə, musiqiyə, nəğmələrə verildi. Hər şey gözəl, özəl, şair demişkən, “canlı qəzəl”.
   Beləliklə,
   
   Naxış çıxışlar, yağış alqışlar...
   
   Bəri başdan tarzən Məsim İslamov, kamançı Ceyhun Muradov və səs rejissoru - xanəndə-sazəndə məclislərinin “baş qəhrəmanı” olan səs-sədanı tənzimləyən Mehman Fərəcovun adlarını qeyd edim. Nədən ki, öz sənətlərinin mahir ifaçısı olan bu şəxslər bütün başqaları ilə müqayisədə tədbirlərin hər birinin və hər anının iştirakçısı idilər. Hər iki rayon mərkəzinin yaraşıqlı mədəniyyət evində keçirilən tədbirlər o qədər canlı, dinamik keçdi ki, mən də bu abzasa qədər ərzi-bəyan etdiyim nəqli üslubdan şühidi reportaj janrına keçməyi qərarlaşdırdım.
   Budur, öncəki yarımbaşlıqda toxunulan rəsmi-rəyasət məsələ-mətləblərə rəğmən gurlayan alqışları səngitməkdə çətinlik çəkən aparıcı - Xalq artisti Ramiz Novruzovun sir-sifəti lirik ifadələrlə çulğanır: Bu qaynar, çevik çəpiklərinizə qənaət edin, bizim əzizlərimiz! - deyir - Axı, siz bununla bir saatdan çoxdur pərdə arxasında müntəzir dayanan, hüzurunuza çıxıb, bütün sənət varidatlarını sizə ərməğan etmək istəyən gözəl sənətkarlarımızın vüsal həsrətini bir az da uzadırsınız!
   Hörmətli tamaşaçılar, obrazlı desək, siz əvvəlcə sənətimizin “sonbeşik”lərini, sonra gənclərini, lap sonda isə ahıl-ağsaqqallarını qarşılayacaq, sevəcək və əminəm ki, cani-dildən alqışlayacaqsınız.
   Beləliklə, oxuyur “Yeni ulduz” telemüsabiqəsinin ulduzlarından olan Şəms Cəbiyeva! Hələ populyarlıq “qüsuru” olan bu yaraşıqlı, yapışıqlı qız alqış “kasıblığı” sarıdan səhnəyə bir qədər çəkingən qədəmlərlə daxil olur. Amma elə ki ifaya başlayır, habelə nəzərləri sənət-səhnə peşəkarı Ramiz Novruzovun “dirijor” baxışlarına toxunur - oxuduğu mahnıdakı “Çıx yaşıl düzə” sədalarından müqəyyəd bir “əlvida, naşılıq!” ədaları, tamaşaçıların reaksiyalarından isə yenə, yenə, yenə “Qonaq gəl bizə” nidaları süzülür.
   Söz hamını “ahəstəcə qandıran muğam”a verilir. Səhnədə əli qavallı, zəngulələri sığallı bir gənc - Rövşən Əziz görünür. Onun xalq qəhrəmanlığını ifadə edən təsnifdən “Azərbaycan oğluyam” mahnısına keçidi tamaşaçılarda ərən keçmişimizi, bizi azadlığa qovuşduran dünənimizi və Xankəndinə bayraq sancası yaxın sabahımızı real sənət karvanı kimi bir-birinə calayır.
   Elan edilir ki, qarşılayın, son illər mükəmməl muğam telemüsabiqələrindən birinin istedad və adca ən nişanəlilərindən biri gəlir səhnəyə. Nişanə Baxışova gəlir və “Qaragilə”ni gilə-gilə çeşniləyir, “Olmaz-olmaz”ı təşnələyir, tamaşaçılara bir “toy” tutur ki, dədə-babalarının şeir-sənət, mərifət-mədəniyyət toyları yadlarına düşür.
   Aparıcı “Çıxış edir Xalq artisti, rəqqasə Cəmilə...” - deyib, bədii bir pauza edir. Tamaşaçılardan bir neçəsi bu məşhur adın soyadını səsləndirir: Bayramova!
   Bu dəm ecazkar “Tərəkəmə” havası səslənir və səhnəyə turac gör-görkəmi və hər-hərəkətində bir xanım çıxır. Musiqinin alovlu-zınqırovlu taktları ilə sinxron hərəkətlər tamaşaçıları heyran edir. Bayaqdan səhnə “ekologiyasına” hakimlik edən bu rəqs havasının ən “havalı” bir zərbi ilə səhnədə yıxılarkən camaatdan alqış sədaları qopur. İstər-istəməz düşünürsən: “yıxılmağa da alqış?!” Bəs necə, sənət hətta “minus”ları da alqışa layiq edir...
   Sonra bir ad-soyad səslənir: Elnarə Abdullayeva! Ardınca tar-kaman sədalanır: “Segah”... Bir cüt göz səhnədə məlulca-məchulca qırpınır, yüz cüt ürək salonda çırpınır. “Yetim”in, “Mirzə Hüseyn”in, “Zabul”un hərəsindən bir pay qatılıb ərşə çatılan bu “Segah” qəlblərdə sənət epopeyası, cənnət röyası kimi təcəlla edir.
   Bəlkə də yaşadıqları dağları ən uca ucalıq, dərələri ən dərin dərinlik zənn edən tamaşaçılar bu yanıqlı, bədii ağılı zəngulələrin, ilahi ahların, mələkliqa ufların qanadlarında zirvələrin ən üst, dərinliklərin ən alt qatlarına varırlar.
   Səhnədə vurçatlasın bir “rekonstruksiya” aparılır. Görəsən nə olub? Elə bu dəm Mayıl (Səməd Xasıyev) kürəyində sovruq bələkli Çiçəyi (Ülviyyə Əliyevanı) səhnəyə daşıyır və məlum olur ki, məşhur “Kələkbazlar” məzhəkəsi gedir. “Bələk” açılır və içərisindən əsl nişanlı “əvəzinə” Çiçək çıxır. Hər mizanı salon dolusu gülüş-qəhqəhələrlə qarşılanan bu parçadan sonra bu iki gənc aktyor dahi Üzeyir bəyin “Arşın mal alan”ından bir səhnə göstərir. İstedadlı aktrisamız Ülviyyə Əliyeva bu məşhur fraqmentdə də öz məşhur sələflərini təkrar etmədən mükəmməl bir qulluqçu (Telli) obrazı yaradır.
   Və nəhayət, səhnədə - aparıcının dediyi kimi, Azərbaycan muğam ifaçılığının canlı klassiki, Xalq artisti Canəli Əkbərov görünür. Alqış sədaları ara vermir. Ustad xanəndə: “Bu alqışları saxlayın mənim bu ulu, çeşməli-sulu dağlara növbəti gəlişimə” deyib, qavalı göyə, səsini neyə qaldırır. Sənətkarı ayaq üstə alqışlamaqdan yorulmayan tamaşaçılardan biri mənim də eşidəcəyim tonda deyir: “Canəli Əkbərovun səsinin əsl “sarı sim” dövrü başlayıb!..
   Son söz? Biz nə qədər desək də, hələ də qulaqlarımda cingildəyən o alqışlardan güclü və mənalı çıxmayacaq.
   Müstəqilliyin qutlu, sənətin mutlu, mədəniyyətin əbədi olsun, Vətən!..
   Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və sektorun aparıcı məsləhətçisi Oqtay Muxtarov da iştirak edirdilər.
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar