Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olması heç kimə sirr deyil. Respublikamızın demək olar ki, bütün ərazisində bəşər tarixinin bütün dövrlərinə aid maddi-mədəniyyət abidələri mövcuddur. Onların bir çoxu əsrlər boyu torpağın altında, təbiətin qoynunda sirlərini insanlardan gizlədib. İndinin özündə də torpağın altında qədim mədəniyyət nümunələrimiz qalmaqdadır ki, bunlar da zaman gəldikcə aşkarlanıb öyrəniləcək.
   Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, ölkəmizin, eləcə də muxtar respublikamızın ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrimizin öyrənilməsi, mühafizəsi və təbliği dövrün ən vacib vəzifələrindən biridir. Qədim Naxçıvan torpağı minilliklərlə tarixi olan bir dünyadır. Son zamanlar burada aparılan arxeoloji qazıntılar onu göstərir ki, Naxçıvan həqiqətən açıq səma altında bir canlı muzeydir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının apardığı işlər ürəkaçan və təqdirəlayiqdir. Şərur rayonunun 5-6 kilometrliyində yerləşən Oğlanqala yaşayış massivindəki yenicə başa çatmış arxeoloji tədqiqat işləri də diqqəti cəlb edir. Bununla əlaqədar bugünlərdə yuxarıda adıçəkilən institutun şöbə müdiri, tanınmış alim, tarix elmləri doktoru, akademik Vəli Baxşəliyevlə görüşdük. Qeyd edək ki, Vəli müəllim indiyədək muxtar respublika ərazisində aparılan bir çox arxeoloji qazıntılara rəhbərlik edib. Oğlanqala yaşayış yerinin öyrənilməsində də Vəli müəllimin böyük əməyi olub:
   - Bəri başdan qeyd edim ki, Naxçıvanın hər bir daşı, dağı və burada qazıntılar zamanı əldə olunmuş mədəniyyət abidələri canlı tarixdir. Naxçıvan həqiqətən muzeylər diyarıdır. Oğlanqalada tədqiqat işləri 1988-ci ildən aparılır. Bu ilin iyul-avqust aylarında Oğlanqalada aparılan işlərdə mənimlə bərabər, ABŞ-ın Corciya Universitetinin 6 nəfər əməkdaşı (onlar Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən dəvət olunmuşdular) və AMEA-nın Tarix və Arxeologiya, eləcə də akademiyanın Naxçıvan bölməsinin əməkdaşları da daxil olmaqla 10 nəfərlik ekspedisiya iştirak edirdi. Tədqiqatlar zamanı mədəniyyət abidələri nümunələrindən aydın oldu ki, bura qədim krallıq mərkəzi olub. Araşdırmalar zamanı Oğlanqalada qala şəhərinin tikintiləri ilə bağlı mixi yazıları, təxminən 500-ə yaxın maddi-mədəniyyət nümunələri olan qablar, keramika məmulatları, səhənglər, küplər və sair aşkar edildi. Maddi mədəniyyət nümunələrinin üzərində olan mixi yazılar şəhər sakinlərinin qədim say sistemi ilə tanış olduğundan xəbər verir. Buradakı tapıntılar bizim eradan əvvəlki IX-IV əsrləri əhatə edir. Araşdırmalar nəticəsində aydın oldu ki, qalanın cənub divarı b. e. əvvəl VIII əsrdə düşmən hücumları nəticəsində dağıdılmış və sonralar yenidən inşa olunmuşdur. Qala şəhərinin Narınqala hissəsində sütunlu salonun bir hissəsi aşkar edildi ki, bunun da böyük tarixi əhəmiyyəti var. Krallıqda yaşayan tayfa, müstəqil dilə və mədəniyyətə malik olub. Qeyd etmək yerinə düşər ki, orta əsrlərdə Oğlanqalada həyat yenidən bərpa edilib. 216 kvadratmetr sahəni əhatə edən qazıntı sahəsi Dəmir dövrünə aiddir. Oğlanqala, Narınqala və onu əhatə edən yaşayış yerindən ibarətdir. Arxeoloji tədqiqat işlərində ABŞ alimləri ilə yanaşı, AMEA-nın Naxçıvan bölməsinin alimlərinin də böyük əməyi olub.
   Dəyərli alimimizin sözlərinə yalnız onu əlavə edə bilərik ki, gələcəkdə Oğlanqala tarixi albom kitablarının hazırlanması da nəzərdə tutulub. 

   Hüseyn Əliyev,
   Naxçıvan