Qarabağ torpağının bütün bölgələri kimi, Füzuli rayonu da Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Bu diyar görkəmli elm və mədəniyyət xadimləri yetirib. Ağabala Abdullayev, İslam Rzayev, Süleyman Abdullayev kimi tanınmış xanəndələr, eləcə də adları musiqi tarixinə yenicə yazılan bir çox istedadlı gənclər məhz Qarabağın Füzuli elinin yetirmələridir.
   Füzulinin Arazboyu kəndlərindən biri olan Araz Yağlıvənd kəndi özünün təbiəti və əməksevər mərd səxavətli insanları ilə tanınır. Bu kənd erməni işğalından azad edildikdən sonra burada bərpa, abadlıq və quruculuq işləri sürətlə aparılıb, kənd öz görkəmini dəyişib. 
 

   Kənddə 7 illik Uşaq Musiqi Məktəbi, mədəniyyət evi fəaliyyət göstərir. Burada istedadlı gənclər çoxdur. Onlardan biri də məktəbin kamança sinfində təhsil alan Aytən Balaşovadır.
   Aytənin babaları da vaxtilə xalq sənətkarları kimi el-oba şənliklərində istirak etmişlər. Görünür, Aytənin musiqiyə olan həvəsi, musiqi duyumu ona irsən keçib. Aytən 2008-ci ilin aprelində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən Xalq çalğı alətləri ifaçılarının respublika müsabiqəsində fərqlənib, 2009-cu ilin dekabr ayında isə «Uşaq ili»nə həsr olunmuş tədbirlər çərçivəsində Füzuli rayon Mədəniyyət və turizm şöbəsi tərəfindən keçirilən “İstedad sorağında” müsabiqəsində kamança nominasiyası üzrə birinci yerə layiq görülüb.
   Aytənin ifasında S.Ələsgərovun “Vətənimdir”, F.Əmirovun “Kor ərəbin mahnısı”, “Baharımsan” və s. əsərlər, eləcə də xalq muğamlarımız səslənəndə qeyri-adi bir hiss keçirirsən və gənc istedadın kamanının sehrinə düşürsən. İxtisas müəllimi Gövhər Məmmədova şagirdi Aytən haqqında deyir: «Çox istedadlıdır, daim öz üzərində çalışır və asudə vaxtını səmərəli keçirir. Aytənin həm də gözəl səsi var. O konsertlərdə və məktəbin xor kollektivində solist kimi çıxış edir. Biz Aytənə bu yolda müvəffəqiyyət arzulayırıq”
   Aytən isə əldə etdiyi müvəffəqiyyətlərə görə, müəllimi Gövhər Məmmədovaya və müşayiətçi müəlliməsi Səidə Hacıyevaya minnətdardır. Onun gələcək arzuları ilə də maraqlandım. Aytən Milli Konservatoriyada təhsil almaq və yaxşı müəllim olmaq arzusunda olduğunu bildirdi.
   
   Elmin İdrisli