Sentyabrın 22-23-də Gəncənin 2504 illiyi ilə əlaqədar şəhərdə rəngarəng bayram tədbirləri keçirilib. Bayram tədbirlərinin başlanması maraqlı səhnələrlə yadda qalıb. Atlılar, dəvələr üstündə quraşdırılmış kəcavələrdən səs gücləndirici vasitəsilə əhalini xəbərdar edən carçılar küçə və xiyabanlardan keçərək bayram tədbirlərinin keçiriləcəyi yerləri və vaxtını diqqətə çatdırır, hamını bu əziz bayramda iştirak etməyə səsləyirdilər.
   
   Şəhərin rəhbər orqanlarının təmsilçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
   Sonra tədbir iştirakçıları Cavad xanın, eləcə də dahi söz ustası Nizami Gəncəvinin məzarlarını ziyarət edib, üzərinə tər güllər düzüblər.
   Tədbir Nizami Gəncəvinin şəhərin mərkəzində ucaldılmış heykəli önündə keçirilən poeziya dəqiqələri ilə davam etdirilib. Burada Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında şair, Əməkdar incəsənət xadimi Məmməd Alimin əsərlərinin motivləri əsasında qələmə aldığı “Gül və zəhər” tamaşası nümayiş etdirilib.
   Axşam görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin ev-muzeyində gənc skripkaçı, Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun, Azərbaycan Dövlət Kamera Orkestrinin və digər tanınmış musiqi kollektivlərinin çıxışı olub.
   Bayram tədbirləri sentyabrın 23-də davam etdirilib.