Naxçıvan şəhərinin cənub-şərq hissəsində yerləşən qədim qala divarları bərpa edilir. Bərpa prosesi elmi əsaslarla aparılacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Baxşəliyev məlumat verib.
   
   Alim bildirib ki, qalanın inşasının dəqiq tarixi məlum deyil. Qala haqqında ilk yazılı məlumat Naxçıvanın ərazisində II əsrdə yunan coğrafiya alimi Klavdiy Ptolomeyə məxsusdur. Sonrakı dövrlərin yazılı tarixi mənbələrində Naxçıvan qalası, qalanın içində Nuh peyğəmbərin məqbərəsi haqqında məlumatlar yer alıb.“İndiki Naxçıvan şəhərinin ərazisində aparılan arxeoloji qazıntılar göstərir ki, buradakı şəhər mədəniyyətinin tarixinin 5 min yaşı var. Araşdırmalara əsasən deyə bilərik ki, qala antik dövrdə və ilkin orta əsrlər dövründə, xüsusilə də IX-XI əsrlərdə vacib inzibati mərkəz olub. XVII əsrə qədər qaladan müdafiə məqsədilə istifadə edilib”.