Yevlax rayonu ərazisində eramızdan əvvəl IV-III əsrlərə aid edilən küp qəbir kompleksi aşkarlanıb. Mütəxəssislərin fikrincə bu cür tarix nümunəsi nadir tapıntılardandır. Nadir tapıntı ərazidə tikinti-təsərrüfat işləri aparılan zaman üzə çıxıb. Mütəxəssislərin kəşfiyyat xarakterli qazıntılarından sonra məlum olub ki, kompleks əslində 2300-2400 il bundan öncə dəfn olunan insanların son məkanıdır. Bu cür qəbirlər ilk dəfə məhz Yevlax ərazisində 1976-cı ildə tapılıb.
   Sözügedən küplərdən çoxlu sayda zəngin maddi-mədəni nümunələr də aşkarlanıb. Bunlar müxtəlif təyinatlı saxsı qablar, döyüş baltası, xəncərlər, döyüş geyimlərinin qalıqları, həmçinin o dövrün zinət və bəzək əşyalarıdır. Kompleksin aşkarlanması tarixin bəzi qaranlıq məqamlarını da işıqlandıracaq.
   Tapılan nümunələr tədqiq olunmaq üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun laboratoriyasına göndəriləcək. Ərazidə böyük qazıntı işlərinin aparılması nəzərdə tutulur.