2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı, ölkəmizin hər yerində olduğu kimi, Zaqatala rayonunda da geniş işlər görülür. 
   Zaqatala rayon Çobankol kənd Mədəniyyət evinin kollektivi olaraq biz də işimizi bu istiqamətdə təşkil etmişik. Mədəniyyət evində “Səyahətçilər klubu” fəaliyyət göstərir. Klubun müəllimlərdən, şagirdlərdən, kəndin fəal gənclərindən və müxtəlif peşə sahiblərindən ibarət 40-dək üzvü var.
   Mədəniyyət evində rayonumuzun tarix və mədəniyyət abidələrindən və səfalı yerlərin fotoşəkillərindən ibarət sərgi yaratmışıq. Rayonumuzun tarixi yerlərinə turizm səfərləri nəzərdə tutmuşuq. Rayon mərkəzindəki Heydər Əliyev parkı və muzeyi, Zərifə Əliyeva bağı, Tarix-diyarşünaslıq muzeyi, Zaqatala Tarix və Mədəniyyət Qoruğu, Yuxarı Çardaqlar kəndindəki qədim “Pəri” qalası, Mamrux kəndindəki qədim “Alban” evi, Təbiət muzeyi, rayonumuzun səfalı yerləri səfər marşrutumuza daxildir. Mədəniyyət evində “Biz səyahət həvəskarlarıyıq”, “Gəlin, səyahətə çıxaq”, “Biz turizmi çox sevirik” mövzusunda söhbətlər, müzakirələr aparılır. Mədəniyyət evinin kollektivi kənd orta məktəbi ilə birgə müxtəlif tədbirlər keçirir. Belə tədbirlərin keçirilməsi şagirdlərin məktəbdənkənar tərbiyəsində mühüm rol oynayır.
   
   Ş.Xəlilov,
   Mədəniyyət evinin bədii rəhbəri