Orta əsrlərə aid edilən Şəmkir qalasında arxeoloji tədqiqatlar davam edir. Qazıntılar nəticəsində Azərbaycan tarixinin öyrənilməsi baxımından çox qiymətli arxeoloji materiallar aşkar edilib.
   Son qazıntıların nəticələri olaraq şəhər istehkamlarının öyrənilməsi, şəhər abadlığı, monumental memarlıq və yaşayış evlərinin tədqiqinə dair böyük uğurlar əldə edilib. Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostuyevin sözlərinə görə, aşkarlanan tapıntılar sırasında XI-XII əsrlərə aid olan və monqol işğalına qədər mövcud olmuş paralel qoşa divarların, iç qala divarında şəhərin şərq darvazalarının və qəsr divarları ilə əhatə olunmuş monumental tikilini göstərmək olar. Tapıntılar içərisində əsas diqqətçəkən isə həmin dövrlərə aid şəhər kanalizasiya sisteminin aşkar edilməsidir. Kanalizasiya xətləri şəhər darvazasının altından keçərək bayır qala divarından çay istiqamətinə gedir. Bu xətlər vasitəsi ilə çirkab sular çaya axıdılırmış.
   Qeyd edək ki, Şəmkir qalasında arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında aparılır.