Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi Qazax arxeoloji ekspedisiyası bu ilin arxeoloji qazıntıları kampaniyasında çöl tədqiqatlarına başlayıb. Arxeoloji ekspedisiyaya tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov rəhbərlik edir.
   Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər ki, arxeoloji qazıntıların Ağstafa rayonundakı son tunc-ilk dəmir dövrünə aid Yastıtəpə və Qazax rayonundakı Sarvantəpə yaşayış yerlərində aparılması planlaşdırılıb. Artıq Yastıtəpə yaşayış yerində arxeoloji qazıntılara başlanılıb.
   Keçənilki qazıntılar zamanı yaşayış yerinin ərazisində xeyli maddi-mədəniyyət nümunələri, son tunc-ilk dəmir dövrünə aid tikinti qalıqları aşkar edilib. Burada, həmçinin xeyli sayda müxtəlif ölçülü təsərrüfat quyuları, iri küplər və s. tapılıb.
   Arxeoloji ekspedisiya Sarvantəpə yaşayış yerində də geniş arxeoloji qazıntılar aparacaq.