Qədim Qəbələ şəhərinin Qala hissəsində aparılan arxeoloji qazıntılar zamanı tarixi əşyalar aşkar olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev bildirib ki, ərazidə aparılan tədqiqatlar nəticəsində iki ədəd dulus kürəsi və onun avadanlığı, ağzında qurğuşun tıxacı olan içi dolu şar-konusvari formalı qab, üzərində şəxsi adlar, şeirlər yazılmış qablar, insan və heyvan təsvirli şirli və şirsiz qablar aşkar olunub.
   Ərazidə aşkar olunmuş maddi mədəniyyət nümunələri XI-XII əsrlərdə zəngin şəhər həyatından xəbər verir. Qədim Qəbələnin Qala ərazisində Güllü tala və Səlbir ilə müqayisədə nisbətən daha uzun müddət (I-XVIII əsrlər) ərzində yaşayış olub. Şəhərin bu günədək mövcud olan ən möhtəşəm müdafiə tikililəri məhz Qala ərazisindədir. Orada mədəni təbəqənin, yəni yaşayış qatının qalınlığı bir sıra yerlərdə 5-6 metrə çatır.
   Arxeoloji tədqiqatın əsas məqsədlərindən biri müxtəlif dövrləri əhatə edən mədəni təbəqələri aşkar edərək Qala ərazisində elmi ekspozisiyanı yaratmaqdır. Arxeoloji qazıntılar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.