Azərbaycan memarlığının nadir incilərindən olan Gəncədəki Şah Abbas məscidinin fasad hissəsində əsaslı təmir işləri aparılacaq. Hazırda məscidin yerləşdiyi ərazidə yenidənqurma işləri aparılır, yaxınlığında yeni fəvvarə inşa olunur.
   Şəhər mədəniyyət və turizm idarəsindən bildiriblər ki, təmir zamanı məscidin əvvəlki görkəmi saxlanılmaqla, tikintidə istifadə olunan kərpiclərin araları təmizlənərək qədimdə işlədilən inşaat materialları ilə doldurulacaq. Eyni zamanda kərpiclərin üzü cilalanacaq. Bundan əlavə, məscidin minarələri, işıq sistemi, pəncərələrdə olan şəbəkələr də təmir ediləcək.
   Yenidənqurma zamanı məscidin bəzi hissələrində əmələ gəlmiş catlar aradan qaldırılacaq, zədələnən kərpiclər yenisi ilə əvəz olunacaq. Sonuncu təmir zamanı məscidin minarələrində bağlanmış nəfəsliklər yenidən açılacaq, onun inşa tarixi və memarı haqqında olan məlumat-yazıların bərpası həyata keçiriləcək.