Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin tərkibində 7 uşaq musiqi və incəsənət məktəbi, 1 Rəsm Qalereyası, 1 Tarix Diyarşünaslıq muzeyi, 33 kənd mədəniyyət evi, Mərkəzi kitabxana sistemi, 1 Uşaq kitabxanası, 56 kitabxana filialı, 77 klub müəssisəsi fəaliyyət göstərir. Mədəniyyət və Turizm Şöbəsi, hər il olduğu kimi, bu il də rayonun ictimai, mədəni həyatında iz qoyan çoxsaylı tədbirlər hazırlayaraq həyata keçirməkdədir. Onlardan bir qisminə nəzər salaq.
  
   May ayında alman faşizmi üzərində Qələbənin 66-cı ildönümü münasibətilə təşkil olunan veteranlarla görüşdə Prezident təqaüdçüsü Pərvaz İbrahimlinin konserti, 10 mayda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təşkil olunan ədəbi-bədii kompozisiya, 15 may - Beynəlxalq ailə günü münasibətilə keçirilən dəyirmi masa yaddaqalan tədbirlərdən olub. Zəngin tarixi keçmişə, 3000 illik yaşa malik Bərdədə 18 may - Beynəlxalq muzeylər günü də maraqlı tədbirlərlə qeyd olunur. “Əsrlərin yadigarı” adlı dəyirmi masa da bu qəbildəndir. Mayın 25-də keçirilən “Kitab bayramı”nda “Qarabağ” ansamblının çıxışı, 28 may - Respublika günü münasibətilə təşkil olunan ədəbi-bədii kompozisiya, eləcə də 1 iyun - Beynəlxalq uşaqları müdafiə günü münasibətilə keçirilən musiqili tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
   15 iyun - Milli Qurtuluş günü münasibətilə “Millətinlə baş-başa, Azərbaycanım yaşa” adlı tədbirdə, 26 iyun - Milli Ordu günü münasibətilə Bərdə rayon Mədəniyyət evinin “Qarabağ” ansamblının iştirakı ilə “N” saylı hərbi hissədə keçirilən konsertdə, eləcə də 22 iyul - Milli Mətbuat günü ilə bağlı, rayon əhalisinin mədəni istirahətinin təşkili məqsədilə keçirilən digər tədbirlərdə “Qarabağ” ansamblı maraqlı repertuarla iştirak edib.
   Azərbaycan dili milli varlığımızın ifadəsidir. Avqustun 1-də Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar təşkil olunan “Ana dilim ölən deyil” adlı ədəbi-bədii kompozisiya doğma dilimizə sevginin təcəssümü idi. 2 avqust - Milli kino günündə “Kino milli sərvətimizdir” adlı sənədli film nümayiş olunub.
   Mədəni-kütləvi tədbirlər hazırlanarkən vətənin müdafiəsində ayıq-sayıq dayanan vətən oğulları da diqqətdən kənarda qalmır. Avqustun 7-də və 30-da “Qarabağ” ansamblı özünün maraqlı konsert proqramı ilə gənc əsgərlərin görüşündə olub.
   Rayonumuzda fəaliyyət göstərən uşaq musiqi məktəblərində çoxlu istedadlı uşaqlar təhsil alırlar. Onlar muğam müsabiqələrində və musiqi festivallarında iştirak edərək öz istedad və bacarıqlarını göstərirlər. İyunun 1-də Çexiyanın Lidise şəhərində 39-cu ənənəvi beynəlxalq uşaq incəsənət sərgisinə Azərbaycandan göndərilmiş əsərlər içərisində 21 müəllifin əl işi mükafat qazanıb. Fərəhli haldır ki, onların arasında Bərdə şəhər 1 saylı uşaq incəsənət məktəbinin şagirdi Fərhad Məhərrəmov (12 yaş) qızıl medala layiq görülüb.
   Mədəniyyət və Turizm Şöbəsi rayonun mədəniyyət müəssisələrində, istirahət guşələrində təmir-bərpa, quruculuq və abadlıq işlərini də diqqətdə saxlayır. Mədəniyyət evində, mərkəzi kitabxanada təmir işləri aparılıb.
  
   Gülbəs Məmmədova,
   Bərdə rayon Mədəniyyət evinin direktoru