Göyçay Rayon İcra Hakimiyyətinin, rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçiriləcək VI nar bayramına ciddi hazırlıq işləri görülür. 
   Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, bununla əlaqədar təşkilat komitəsi yaradılıb və tədbirlər planı hazırlanıb. Hazırda Göyçay şəhərində təmizlik-abadlıq işləri görülür, şəhərin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır. Narçılıqla məşğul olan fermerlər, nar və nar məhsulları istehsal edən müəssisələr, mahnı-rəqs qrupları, kəndirbaz və sehrbazlar, idmançılar proqram əsasında bayram tədbirinə hazırlaşırlar.
   Bayram tədbiri Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı meydan, ulu öndərin adını daşıyan park və prospektdə keçiriləcək. Tədbir zamanı nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək. Tədbirdə qonaqlar nar şirəsinin, narşərabın, nardançanın, gilələnmiş narın, milli yemək və şirniyyatların, istehsal müəssisələrinin müxtəlif çeşidli məhsullarının dadına baxacaq, ən böyük və ən kiçik nar nümayiş olunacaq. Noyabrın 4-də keçirilməsi planlaşdırılan nar bayramına dəvət olunacaq qonaqlar arasında hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları da olacaqlar.