Naxçıvan Muxtar Respublikasının Şərur rayon mərkəzində Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib. İncəsənət məktəbində 439 şagirdin təhsili ilə 95 müəllim məşğul olur. Yeni binada 64 sinif otağı, müəllimlər otağı, kitabxana, konsert zalı və 4 yardımçı otaq vardır. İncəsənət məktəbində xalq çalğı alətləri, fortepiano, simli alətlər, nəfəs alətləri, rəssamlıq və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Burada tar, saz, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, qanun, truba, tuba, xanəndəlik və rəssamlıq üzrə dərslər tədris olunacaq. Xanəndəlik sinfində şagirdlərə muğam və xalq mahnılarının ifası öyrədiləcək.