Amerika Mərkəzi maraqlı layihələr həyata keçirir
   
   Kürdəmir rayon MKS- nin binasında yerləşən Amerika Mərkəzi maraqlı layihələr həyata keçirir, əhaliyə mədəni və maarifçilik xidməti göstərir. Burada pulsuz ingilis dili, kompyuter dərsləri təşkil olunub. Bundan əlavə, hər kəs Amerika Mərkəzinin internet şəbəkəsindən pulsuz istifadə edə bilər.
   
   Mərkəzdə dərslərlə yanaşı müxtəlif tədbirlər və bayramlar da keçirilir. Bu günlərdə Amerika Mərkəzində keçirilən Halloveen bayramı maraqla qarşılandı. Mərkəzdə çalışan Tot və Sara Frenslərdən bu bayram haqqında məlumat vermələrini xahiş etdik.
   Halloveen bayramı 500 il əvvəl İrlandiyada yaranıb. XIX əsrdə bayram Şimali Amerikada da yayılıb. XX əsrdə Qərb Dünyası Halloveen bayramını Amerikanın məşhur mədəniyyəti olaraq tanıyıb. Bir çox Qərb ölkələrində qeyd olunan bu bayram “Cadugərlər bayramı” da adlandırılır.
   Rəvayətə görə, qışın gəlməsi ərəfəsində ruhlar qara pişik formasında kəndlilərin həyətlərinə gəlirlərmiş. Kəndlilər isə qorxuducu paltarlar geyərək, ya da qorxunc şəkildə bürünərək ruhları qovurlarmış.
   İndi isə bu bayram bir əyləncədir. Adətə görə Halloveen bayramı günü uşaqlar qonşu qapılara gedərək oradan kökə, müxtəlif şirniyyatlar, hədiyyələr alırlar. Bu bir növ bizim ilaxır çərşənbədə uşaqların qonşu evlərə papaqatma adətinə bənzəyir. Halloveen bayramının simvolu gülən balqabaqdır. Bunun üçün bir balqabağın içi boşaldılır, gülən bir sifət (maska) şəklində kəsilir, içində şam yadırılır ki, bu da şeytani sifət deməkdir.
   Kürdəmir Rayon MKS- nin binasında yerləşən Amerika Mərkəzi bayramsayağı bəzədilmişdi. Tədbirə gələnlər müxtəlif formalarda -imperator, ifritə, pişik, tülkü, ayı, siçan və sair formalarda paltarlar geymiş, maskalar taxmışdılar. Bayramda mərkəzin kompyuter və ingilis dili kurslarının dinləyicilərindən ibarət beş komanda yarışırdı. Komandalar müxtəlif mərhələlər üzrə (balqabaqdan ən yaxşı fiqurun kəsilməsi, müxtəlif qarışıq skletlərin şəkillərinin kağız üzərində kəsilib sonra öz formasında yığılıb yapışdırılması, şarlarla yarış və s.) bacarıqlarını nümayiş etdirirdilər.
   Komanda iştirakçıları bu oyunlarda böyük həvəs və maraqla iştirak etdilər.
   Sonda xanım Sara və Tot Frenslər əvvəl qalib komandalara, sonra isə bütün komanda üzvlərinə hədiyyələr təqdim etdilər. Tədbir böyük ruh yüksəkliyi ilə başa çatdı.
   
   Məryəm Əliyeva,
   Kürdəmir Rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş kitabxanaçısı